Zəngəzur dəhlizi: Rusiya və Fransadan fərqli mövqe

Zəngəzur dəhlizi: Rusiya və Fransadan fərqli mövqe

İkinci Qarabağ müharibəsi bitəndən sonra Azərbaycan və Ermənistan rəhbərləri regionda kommunikasiyaların bərpası, quru yolla dəhliz açılması kimi məsələlərdən bəhs edərkən birdən-birə ritorikanın sərtləşdiyi müşahidə edildi. Söhbət Azərbaycanın Zəngəzur dəhlizindən gedir.

Əslində bu dəhlizin açılmasında bir çox ölkələrin fikirləri üst-üstə düşsə də, bəziləri hələ əks qütbdədir.
 
ATƏT-in Minsk Qrupunun həmsədrləri olmasına baxmayaraq, Rusiya və Fransa bu gün Zəngəzur dəhlizinin açılmasında eyni mövqeyi göstərmirlər. Belə ki, Fransa dəhlizin açılmasına qarşı olduğu halda, digər həmsədr ölkə - Rusiya kommunikasiyaların bərpasında maraqlıdır.
 
İki ölkənin maraqları nələrdir?
 
Siyasi ekspert Elman Vəliyev Fransa və Rusiyanın maraqlarının Zəngəzurda toqquşmasını Modern.az-a şərh edib.
 
Onun fikrincə, sülhməramlı seçimi Ermənistanın öz əlində olsaydı, Rusiyanı yox, Fransanı seçərdilər.
 
"Hər iki dövlət Minsk qrupunun həmsədrləri olsa da, ikinci Qarabağ müharibəsində Rusiya nə Fransaya, nə də Amerikaya imkan vermədi ki, proseslərə müdaxilə etsinlər. Rusiyanın sülhməramlılarının Qarabağda yerləşdirilməsinə nə Fransa, nə də Amerika razı idi. Hətta deyərdim ki, bixəbər idilər. Lakin münaqişə tərəfləri razı olduğu üçün heç nə edə bilmədilər.
 
Fransa Ermənistana dəstəyini əsirgəmir, Azərbaycanı ittiham edir. Niyəsinə gəldikdə isə Ermənistan Fransanı bölgəyə dəvət etdi, müharibəyə müdaxilə etməsini istədi, amma Rusiya buna şərait yaratmadı. Öz razılıqları ilə sülhməramlı seçimi olsaydı, əminəm ki, Ermənistan tərəfi Fransa sülhməramlılarını istəyərdi”.
 
Elman Vəliyev hesab edir ki, Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlıdır:
 
"Bu, bəyanatda yer alıb. Rusiyanın marağı dəhlizin "təhlükəsizliyini" öz üzərinə götürməsini istəməsidir. Ancaq bu Fransaya sərf etmir. Bölgədən əli tamam üzülür. Fransa da istəyir ki, maraqlarını təmin etsin. Amma Fransanın işi çətindir, çünki birtərəfli mövqe nümayiş etdirir. Ermənistanı müdafiə edib, Azərbaycanı pisləməklə nəsə nailiyyət əldə edə bilməz. Sadəcə üstünlük kimi Azərbaycanla buzları əridə bilsə, Azərbaycan tərəfi yenidənqurma işlərində Fransaya da yer ayıra bilər. Yoxsa bu cür destruktiv yanaşma ilə qazanc əldə etmək çətindir”,- deyə ekspert bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az