Xalq artisti Prezidentdən nəyi xahiş etmişdi? - İcra başçısı İlham Əliyevin göstərişinə əməl edirmi?

Xalq artisti Prezidentdən nəyi xahiş etmişdi? - İcra başçısı İlham Əliyevin göstərişinə əməl edirmi?

Şirkət şikayətçiləri "müti" adlandırıb

2017-ci ildə "Fedek" tikinti şirkəti Nəsimi Rayon İcra Hakimiyyətindən icazə alaraq, Bakıda "Azadlıq" küçəsi, 80 ünvanında yerləşən memarlıq abidəsi olan yaşayış binasını söküb.

Xəbəri "Turan" yayıb.  

Bildirilir ki, bina 1935-ci ildə məşhur Sovet memarı Konstantin Sençixinin layihəsi əsasında tikilib. 

"Mütəxəssislər evi”ni sökən "Fedek" kimindir?

Bir çoxları düşünür ki, bina hələ uzun müddət Bakının bəzəyi ola bilərdi, çünki bura el arasında "Mütəxəssislər evi” adlandırılırdı, yanında "Aktyorlar Evi” də vardı.

"Mütəxəssislər evi”ndə müxtəlif elm sahələrinin ən yaxşı gənc mütəxəssisləri – uzun illər Politexnik İnstitutun prorektoru vəzifəsində işləmiş İslam Yusifov, memar Ənvər Kazımzadə, professorlar Aydın İmaməliyev, Nurəddin Rzayev, Gülzar İmaməliyeva, Şamil Quliyev, Əhməd Hacıyev, həkim Emin Əfəndiyev və başqaları yaşayırdı...

Bu binanı qoruyub saxlamaq yerinə, Bakı Şəhər İcra Hakimiyyəti tarixi tikilini Bakının yenilənməsi layihəsi əsasında söküləcək binalar siyahısına daxil edib. 

Bu layihənin mahiyyəti sağlam və keyfiyyətli yaşayış evlərini sökərək, yerində özəl şirkətlərin gəlirli çoxmərtəbəli simasız binalar tikib, böyük miqdarda pul qazanmasından ibarətdir. 

Sakinlərə yeni evlərdə mənzil vəd ediblər, vətəndaşlarla çox sayda müqavilələr bağlanıb. Həmin vaxtdan etibarən onlarla Bakılı ailəsi mənzilsiz qalıb və onlara yeni bina tikilənə qədər vəd edilmiş müvəqqəti kirayəhaqqı ödənilməyib.

"Sakinlər razılıqları belə alınmadan mənzillərindən qovulublar"

"Azadlıq" küçəsi, 80 ünvanındakı binada yaşayan tarixçi Nigar Maksvell "Turan"a bildirib ki, itaət göstərməyən sakinlər razılıqları belə alınmadan mənzillərindən qovulublar. Onlara yığışmaq üçün bir neçə həftə vaxt verilib.

"Fedek" tikinti şirkəti Naxçıvanın Kəngərli kəndində 10 manat nizamnamə balansı ilə qeydiyyatdan keçib.

"Biz tam altı ildir ki, mənzillərimizə yerləşmək deyil – çünki onlar heç yoxdur, – amma ən azından, evimizin aqibətini öyrənmək üçün çırpınırıq”, - deyə N.Maksvell yazır.

"İcra başçısı və şirkət İlham Əliyevin tapşırığına əməl etmir"

İyulun 24-də rejissor, Azərbaycanın Xalq artisti, Ankaradakı Qazi Universitetinin professoru Əflatun Nemətzadə Prezident İlham Əliyevə müraciət edib. O, ölkə başçısından xahiş edir ki, bu tarixi binanın taleyi ilə maraqlansın. 

Bundan sonra Prezident Nemətzadənin işinə baxılması haqqında göstəriş verib, amma ümumilikdə binanın aqibəti hələ də sual altında qalıb.

"Doğrudur, bir qədər qorxmuş icra başçısı Asif Əsgərov sakinlərlə görüşüb. Sakinlərə bütün tələblərini təmin etməyi, habelə kirayə haqqı borclarını ödəməyi, mülkiyyət hüququmuzu göstərən yeganə sənəd olan köhnə qəbalə kağızlarını saxlamağı vəd ediblər. Bu gün təqvimdə 2022-ci ilin avqustudur. Evdən köçürüldüyümüz tarixdən altı il keçir. Bu müddət ərzində bəzi sakinlər yeni mənzillərə köçmədən dünyasını dəyişiblər”, - deyə N.Maksvell bildirib.

"Turan" Bakının Nəsimi Rayon İcra Hakimiyyətinə zəng edib, amma icra hakimiyyəti tikinti şirkətinə müraciət etməyi məsləhət görüb. 

"Fedek" şirkətinin meneceri Ramil Qasımov N.Maksvellin iddialarını inkar edib, bildirib ki, tikinti uğurla davam edir və bir il sonra başa çatacaq. 
Nəsiminin icra başçısı Asif Əsgərov

R.Qasımov deyir ki, sökülmüş binanın bütün sakinləri vaxtlı-vaxtında müqavilə üzrə ödənişləri alırlar, mətbuata isə "2-3 müti” şikayət edir.

Bəs həqiqət necədir?

2021-ci ilin yanvarında "Turan" və bir sıra media orqanları "Fedek" şirkətinin "Azadlıq" küçəsi, 80 ünvanındakı binanın sakini Həmid Əfəndiyevin ev əşyalarını məhv edən işçilərinin zorakılığı haqqında yazmışdı. Bu da şirkətin fəaliyyəti ilə bağlı sakinlərin dediklərinə inanmaq üçün əsas verir. 

2018-ci il mayın 16-da ev sahiblərinin evdə olmamasından istifadə edən işçilər qarajı və Əfəndiyevin qarajda olan əmlakını məhv ediblər. 
 

"Azadlıq 80" ünvanında tikilən mübahisəli bina

O, dörd otaqlı, zirzəmisi olan mənzilini çoxmərtəbəli bina tikmək üçün bütün binanı sökmək niyyətində olan bu şirkətə verməkdən imtina edirdi. Sonradan qonşu mənzillər və binanın çardağı və Əfəndiyevin birinci mərtəbədə yerləşən mənzilinin üzərindəki bütün mərtəbələr söküldü. 

İnşaatçılar Əfəndiyevə məxsus 14 rəsm əsərini oğurlamışdılar. O, rəsmlərdən birini "Fedek"in ofisində görüb və polis vasitəsilə qaytarıb.

16.03.2020-ci il tarixində Bakının Apellyasiya Məhkəməsi iddiaçı Həmid Əfəndiyevin tikinti şirkətinə qarşı şikayətinə baxıb və birinci instansiya məhkəməsinin "Fedek" şirkətinin üzərinə 37,5 min manat ölçüsündə maddi ziyanı ödəmək öhdəliyi qoyan qərarını qüvvədə saxlayıb (iddiaçı 80 min manat tələb edirdi).

Məhkəmənin qərarı icra edilməyib…

Əfəndiyevin Nəsimi Rayon Məhkəməsinə çoxsaylı müraciətlərinə cavab olaraq ona deyiblər ki, Apellyasiya Məhkəməsinin qərarı itib, qərarın icrasına görə kimin məsul olduğu məlum deyil.

25 dekabr 2020-ci il tarixində isə tikinti şirkətinin sahibi Nicat sakinlərə açıq şəkildə mənzillərini "Fedek"in mülkiyyətinə verənə qədər oraya daxil ola bilməyəcəklərini deyib.

Məlumatda deyilir ki, "Fedek" şirkəti Bakıda istədiyini edir, məhkəmədən isə qorxmur. Bununla belə, vətəndaşların məhkəməyə müraciəti hüquqlarını müdafiə etmələrinin yeganə konstitusion yoludur. 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az