Şeyxülislamın Gürcüstan səfəri nə ilə yadda qaldı?

Şeyxülislamın Gürcüstan səfəri nə ilə yadda qaldı?

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Gürcüstana rəsmi səfəri ötən həftənin diqqət mərkəzində olan hadisə oldu.

Səfər çərçivəsində Şeyxülislam Ümumgürcüstan Katolikos-Patriarxı II İlya, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşdü, Tbilisi Cümə məscidinə də baş çəkərək Gürcüstanın azərbaycanlı icmasının nümayəndələri ilə müzakirə apardı.

Qeyd edək ki, son aylarda QMİ sədrinin Azərbaycanın strateji əməkdaşlığa önəm verdyi ölkələrə səfərləri dövlətimizin milli-mənəvi sahədə mesajlarını çatdırmaq üçün vacib sayılır. Ötən aylarda A.Paşazadənin Fransaya, Avstriyaya, Britaniyaya, Qazaxıstana, Səudiyyə Ərəbistanına etdiyi səfərlər dini liderin simasında dövlətimizin tolerantlıq siyasətinin nümayişinə çevrilib. Bu səfərlərdə Şeyxülislamın əsas missiyası Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasi xəttini və Vətən Müharibəsində qələbənin mənəvi gücünü ifadə etmək olub.

Gürcüstan səfəri də özünəməxsus prioritetləri ilə yaddaqalan oldu. QMİ sədrinin ən yüksək səviyyədə qəbul olunması ilk olaraq Azərbaycan-Gürcüstan əlaqələrinin təsdiqi olmaqla yanaşı iki ölkənin strateji tərəfdaş kimi bütün məsələlərin həlli üçün birgə olduğunu göstərir. Tiflis ötən əsrin siyasi və mənəvi proseslərinin əsas məkanı kimi Azərbaycan tarixində özünün parlaq izlərini saxlayır. Şərqdə ilk respublikanın elan edilməsindən tutmuş ta 21-ci əsrin simasını müəyyən etmiş "Əsrin Müqaviləsi”nə qədər olan dövrə qədər Gürcüstan Azərbaycanla etibarlı tərəfdaşlığın nümunəsini ortaya qoya bilib.
 

Elə Şeyxülislamın Ümum Gürcüstan Katolikos-Patriarxı II İliya ilə görüşündə bu əməkdaşlığın aspektlərinə bir daha toxunuldu və gürcü-azərbaycanlı xalqlarının birgə yaşayışında tolerantlıq fundamenti üzərində qurulması təsdiqləndi.

Azərbaycan xalqına ən xoş arzularını yetirən Patriarx Gürcüstan və Azərbaycanın hər zaman bir yerdə olduqlarını bildirib, eyni mövqedən çıxış edərək çətinliklərə qarşı birgə mübarizə apardıqlarını deyib. Müqəddəs Ata Azərbaycanı Gürcüstanın böyük dostu adlandırıb.

"Gürcüstan və Azərbaycan çətin və ağır günləri bir yerdə keçib. Bizim dostluğumuza heç kim və heç nə toxuna bilməz, dostluğumuz əbədidir ”-deyə tarixə ekskurs edən Patriarx QMİ sədri ilə görüş fürsətindən şad olduğunu bildirib. Patriarx II İlya Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin ehtiramını bildirib.

Hacı Allahşükür Paşazadə Gürcüstanın hər zaman Azərbaycanın yanında olduğu qeyd edərək, Patriarx II İlya ilə dostluqlarının Cənubi Qafqazda sülh və əmin-amanlığın qorunub saxlanılmasındakı rolundan danışıb. QMİ sədri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Ermənistanın zəbt etdiyi ərazilərin işğaldan azad edildiyini bildirib.

Patriarx II İlya isə deyib ki, hər iki dövlət və xalq bütün çətinliklərin öhdəsindən gələ bilib, ümumi rifah naminə əsas məqsədlərə nail olunub.

Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Patriarxı II İliya tərəfindən "Dostluq” ordeni ilə təltif edilib.
 

QMİ sədri səfərlə bağlı keçirdiyi brifinqdə bu mehriban dostluğun nəticələrinə toxunaraq deyib ki, Gürcüstanın patriarxı II İliya Qarabağın azad olunmasını istər ölkə daxilində, istərsə də ölkə xaricində dəstəkləyib. "Ona görə də Azərbaycan dövləti və rəhbərliyi hər zaman ona çox böyük önəm verir”-deyə Şeyx vurğulayıb.

QMİ sədri xüsusi vurğulayıb ki, Gürcüstan ən ağır günlərdə Azərbaycanın yanında olub. "Xüsusilə də 44 günlük Vətən müharibəsi dövründə öz səmasından ermənilərin silah daşımasına imkan vermədi və bununla minlərlə insanın həyatı xilas edildi”-deyə Şeyx əlavə edib.

Hacı Allahşükür Paşazadə azad olunmuş ərazilərin mina xəritələrinin Ermənistandan alınmasında Gürcüstanın göstərdiyi yardımın qardaşlıq nümunəsi olduğunu vurğulayıb: "Gürcüstan ərazisindən keçən neft-qaz boruları bizim və Gürcüstan xalqı üçün çox önəmlidir. Bu iki dövlət arasında gələcəyə inamı göstərir. Azərbaycan həmişə Gürcüstanın ərazi bütövlüyünü, haqq işini dəstəkləyib və dəstəkləyir.

Bu sıx əməkdaşlıq və etimada söykənən münasibətlər həmişə Ermənistan tərəfdən qısqanclıqla qarşılanıb və münasibətlərə rəxnə salmaq üçün fitnələrə əl atmaqdan çəkinməyib.

Amma gürcü dini liderinin müdrikliyi və dövlətlərarası münasibətlərin fundamental bazası bu məkrli niyyətlərin həyata keçməsinə imkan verməyib. Ermənistan faktik olaraq avantura və regional təhlükəsizliyi pozan bu siyasətinə din qardaşı saydığı gürcülərin dəstəyini ala bilməyib. Burada QMİ sədrinin Patriarxla sıx dostluq münasibətləri böyük rol oynayıb. Gürcü kilsəsi və QMİ səmavi kitabların təlqin etdiyi qardaşlıq mesajına sadiq olublar.

Şeyxülislamın Gürcüstan Baş naziri Qaribaşvili və Prezident Zurabişvili ilə keçirilən görüşlərinin əsas leytmotivi də iki ölkənin əməkdaşlıq platformasında vacib çağırışlar müzakirə edilib.

"Qafqaz öz məsələlərini özü həll etmək istəyir. Mən Ermənistana müstəqil dövlət deməzdim, müstəqilliyi yoxdur. Azərbaycan və Gürcüstan isə öz müqəddəratını özü həll etmək istəyir. Bu gün bu iki Qafqaz dövlətinin rəhbərləri özləri öz qərarlarını verirlər”-deyə QMİ sədri görüşlərin nəticələri barədə danışrkən vurğulayıb. Bu açıqlama isə iki ölkənin siyasi və mənəvi liderlərinin regionda problemlərin həlli yollarını üçüncü qüvvənin müdaxiləsi olmadan müzakirəsini və həllini dəstəklədiyini ifadə edir.
 

Bu əməkdaşlığın bir mühüm detalı da Gürcüstanda yaşayan azərbaycanlılardır.

Bu səfər Gürcüstanda yaşayan soydaşlarımızın durumunu, onların tarixi vətənləri ilə davamlı təmaslarını, dini müstəvidə bölücülük xətti aparmağa çalışan bəzi qüvvələrin təfriqə salmağa cəhd edən addımlarına tutarlı cavab saymaq olar. QMİ sədrinin bu miqyasda qəbul edilməsi həmin geosiyasət dəllalarının "siyasət oyunlarına” qarşı ciddi demarşdır.

Məlum olduğu kimi Gürcüstan Cənubi Qafqazın ən çox müsəlman əhalisi olan yeganə xristian dövlətidir. Bu ölkənin İslam dininə etiqad edən vətəndaşlarının əhəmiyyətli hissəsini isə etnik azərbaycanlılar təşkil edir. 2021-ci ilə aid statistik məlumatlara əsasən Gürcüstanda yaşayan etnik əhalinin sayı 440 min nəfərə yaxındır və onlar əsasən Kvemo-Kartli (Borcalı) regionunda məskunlaşıblar.

Etnik azərbaycanlılar amili Gürcüstanın qonşularla, xüsusilə də Azərbaycan Respublikası və Türkiyə ilə münasibətlərində mühüm, stabilləşdirici və əlaqələndirici rol oynayır.

Odur ki, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazilərdə kənar qüvvələrin nüfuz imkanlarını genişləndirməsi, həmçinin aktiv məzhəbçilik fəaliyyəti hesabına ona loyal olan sosial dayaqlar yaratması Azərbaycan dövlətçiliyi üçün müəyyən təhdidlər törətmək potensialına malikdir.

Bu təhdidlərin qarşısının alınması üçün Azərbaycan iqtisadi, sosial-mədəni və bəzən hətta siyasi təsir vasitələrindən istifadə etməsi anlaşılandır. Gürcüstandakı soydaşlarımızın Bakıya bağlı olması üçün onların mədəni hüquqlarının qorunması üçün planlı fəaliyyətin həyata keçirilməsi, konkret strategiyanın işlənib-hazırlanması qaçılmazdır. Bu baxımdan soydaşlarımıza başlıca təsir aləti kimi geniş istifadə olunan dini maarifçilik və dini təhsil istiqamətlərində də əsaslı qabaqlayıcı tədbirlərin görülməsi zəruridir. Bu baxımdan Azərbaycan dövləti QMİ-nin timsalında Gürcüstanda yaşayan soydaşlarımız üçün müvafiq proqramlar həyata keçirə bilər.

Allahşükür Paşazadə Tbilisidə Cümə məscidini ziyarəti zamanı müsəlman icmasının üzvləri ilə görüşündə icmanın üzləşdiyi çətinliklər, həmçinin müxtəlif aktual məsələlərə dair müzakirələr aparılıb.
 

QMİ sədri Gürcüstandakı müsəlmanların Azərbaycanla əlaqələri baxımından bir sıra addımların atılacağını açıqlayıb: "Gələcəyə dair bəzi proqramlar var. Bu proqramlarla burada yaşayan müsəlmanlara kömək nəzərdə tutulub”-deyə o açıqlama verib.

Gürcüstan-Azərbaycan münasibətləri prezident İlham Əliyevin siyasi gündəliyinin əsas prioritetlərindəndir. İki dövlət arasında tarixi qonşuluq əlaqələri və dostluğun böyük keçmişi var. Bakı öz siyasi kursunu yürüdürəkən daim Tiflisin siyasi dəstəyini alıb. Hər iki ölkəyə rəhbərlik edənlər bu prinsipial məsələyə böyük önəm veriblər. QMİ sədrinin bu səfəri də dövlət başçısının bu yöndə siyasi kursuna dəstək sayıla bilər.

"Analitik” Təhlil Mərkəzi
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az