Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin Vatikana səfərinin yekunlarına dair mətbuat konfransı keçirilib

Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin Vatikana səfərinin yekunlarına dair mətbuat konfransı keçirilib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycandakı dini icmaların təmsilçilərindən ibarət nümayəndə heyətinin Müqəddəs Tax-Taca səfərinin yekunlarına dair yanvarın 17-də mətbuat konfransı keçirilib.

Miq.Az xəbər verir ki, şeyxülislam Allahşükür Paşazadənin, Azərbaycanın Fransada və Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayevin, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiyin (Nikonorov), Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Feketenin, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin birinci müavini, müfti Salman Musayevin iştirakı ilə keçirilən mətbuat konfransında müxtəlif ölkələrin Vatikanda akkreditə olunmuş jurnalistləri, İtaliya və Azərbaycan KİV-nin təmsilçiləri iştirak ediblər.

Nümayəndə heyətinin Vatikanda keçirdiyi görüşlər barədə məlumat verən səfir Rəhman Mustafayev deyib ki, görüşlərdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. Bildirib ki, nümayəndə heyətinin Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk, Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin, Vatikanın Xarici Dövlətlərlə Əlaqələr üzrə katibi Paul Riçard Qallaher, bu ölkənin Dinlərarası Dialoq üzrə Pontifik Şurasının prezidenti, kardinal Migel Anhel Ayuso Giksot, Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti kardinal Canfranko Ravazi və bu ölkənin baş keşişi (vikari), Müqəddəs Pyotr Kilsəsinin rəhbəri kardinal Mauro Qambetti ilə görüşlərində Azərbaycan ilə Vatikan arasında yüksək səviyyəli əməkdaşlığın və dinlərarası əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub.

Diplomat qeyd edib ki, görüşlərdə siyasi dialoqun mühüm tərkib hissəsi olan dinlərarası dialoq, sülhün təmin olunması, 44 günlük Vətən müharibəsindən sonrakı reallıqlara dair müzakirələr aparılıb. Azərbaycan nümayəndə heyəti Heydər Əliyev Fondunun iştirakı ilə Vatikanda və Romada bərpa olunan abidələri ziyarət edib. Fondun maliyyə dəstəyi ilə bərpa edilən "Roma Papası I Leon və Hun imperatoru Atillanın görüşü” barelyefinə baxış keçirilib. Nümayəndə heyətinin üzvləri Romada Müqəddəs Sebastian katakombasının Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış yeni muzeyi və restavrasiya edilmiş sarkofaqlarla tanış olub, eləcə də Fondun iştirakı ilə bərpasına başlanılan Müqəddəs Komodilla katakombalarını ziyarət edib.

Sonra Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.
Şeyxülislam Allahşükür Paşazadə çıxışında Azərbaycan ilə Vatikan arasında xüsusi münasibətlərin olduğunu bildirib. Deyib ki, bu əlaqələrin bugünkü yüksək səviyyəsinin təməli məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Müqəddəs Tax-Tac ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunacaq. Bu müddət ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Müqəddəs Tax-Taca rəsmi səfərləri olub, həmçinin Papa II İohan Pavel və Papa Fransisk Azərbaycana səfər ediblər. Papa II İohan Pavel Vatikan ilə Azərbaycanın diplomatik əlaqələrinin qurulmasının 10 illiyində ümummilli lider Heydər Əliyevin dəvəti ilə, Papa Fransisk isə Prezident İlham Əliyevin dəvəti ilə 2016-cı ildə ölkəmizə gəliblər. Papa Fransiskin Bakıya səfəri çərçivəsində tarixdə ilk dəfə Katolik Kilsəsinin rəhbəri müsəlman məscidinə daxil olub və Heydər Məscidində müsəlman, yəhudi və xristian icmalarının nümayəndələri ilə görüşüb.

QMİ sədri Papa Fransisklə görüşünün faydalı keçdiyini, sülhün təmin edilməsi, mədəniyyətlərarası dialoq və gələcək əməkdaşlıq əlaqələrinin müzakirə olunduğunu bildirib: "Görüşdə Roma Katolik Kilsəsinin rəhbəri Azərbaycanın tolerant ölkə olduğunu vurğuladı, xristian müsəlman dialoqları və bu dialoqun inkişaf etdirilməsindən söhbət açdı”.
"Mən Papa Fransiskin Əl-Əzhərin şeyxi Əhməd əl-Tayyib və şiə lideri Əli əl-Sistanidən sonra görüş keçirdiyi üçüncü müsəlman dini liderəm. Bu da Roma Katolik Kilsəsinin rəhbərinin müsəlman-xristian icması arasında dialoqa verdiyi önəmin bariz nümunəsidir”, - deyə şeyxülislam Allahşükür Paşazadə vurğulayıb.
"Azərbaycan Ordusu 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə BMT qətnamələrinə uyğun olaraq azad edib. Bütün Rusiyanın patriarxı Zati-müqəddəsləri Kiril vasitəsilə mənimlə erməni kilsəsinin rəhbəri arasında keçirilən görüşün nəticəsi isə məhz münaqişənin dini müstəviyə keçməsinin qarşısının alınması oldu. Otuz ilə yaxın davam edən hərbi təcavüz və işğal nəticəsində ölkəmizin dini və mədəni abidələrinə erməni işğalçıları tərəfindən böyük ziyan vurulub, müxtəlif dinlərə aid tarixi-mədəni abidələr vandalizmə məruz qalıb, buradakı 67 məsciddən 64-ü tamamilə dağıdılıb. Azərbaycan bütün dini məbədlərə eyni mövqedən yanaşır və ayrı-seçkilik qoymur. Bakının mərkəzindəki erməni kilsəsi buna sübutdur. Lakin Ermənistanda bir dənə də olsun Azərbaycan məscidi qalmayıb. Qarabağdakı müxtəlif dinlərin məbədlərinin hamısı Azərbaycan dövlətinin və onun başçısının himayəsi ilə bərpa olunacaq. Azərbaycanda 20 min erməni yaşayır və onlar bizim vətəndaşlarımzıdır”, - deyə QMİ sədri bildirib.
"Biz, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin Vatikanın layihələrinə köməklik göstərməsinə dair fikir mübadiləsi apardıq”, - deyə şeyxülislam Allahşükür Paşazadə əlavə edib.
Daha sonra Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy çıxış edərək deyib ki, erməni işğalı zamanı Qarabağ torpaqlarında yalnız müsəlmanların tarixi-mədəni və dini irsinə deyil, həm də xristianların dini ziyarətgahları vandalizmə məruz qalıb. Bu baxımdan Xocavənd rayonundakı Rus Pravoslav Kilsəsi də həmin acı taleyi yaşayıb. Hazırda həmin ərazilərdəki bütün məbədlər dini kimliyindən asılı olmayaraq Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunub və tez bir zamanda bərpa ediləcək.
Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete isə çıxışında Vatikandakı görüşlərin səmərəli keçdiyini və bunun ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olduğunu deyib.

Sonra jurnalistlərin sualları cavablandırılıb.
 
 
 
 
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az