Putinin xalqa müraciətindən bir az sonra imzaladığı qismən səfərbərlik fərmanı dərc olunub. 9 bənddən ibarət fərmanda 7-ci maddənin (xüsusi xidmət) məzmununun gizli saxlanması mətbuatın diqqətindən yayınmayıb.
Kremlin sözçüsü Dmitri Peskov məxfi maddə ilə bağlı sualı cavablandırarkən deyib: "Qismən səfərbərlik fərmanındakı 7-ci maddə dövlət sirlərini ehtiva etdiyi üçün açıqlanmır. Oraya yalnız müvafiq qurum və təşkilatlara göndərilən zəruri tapşırıqlar daxildir".
Səfərbərlik elan edildikdən sonra Rusiyanı etiraz dalğası bürüyüb. Paytaxt Moskva, Sankt-Peterburq və digər şəhərlərdə keçirilən etiraz aksiyaları zamanı 1000-dən çox insan saxlanıb.
Həmçinin Moskva Prokurorluğu xəbərdarlıq edib ki, nümayişlərdə iştirak edənləri 15 ilə qədər həbs cəzası gözləyir.
PUTİN NİYƏ SƏBƏRBƏRLİK ELAN ETDİ?
Faktiki olaraq Putin ordusu 4 aydır Ukrayna cəbhəsində ciddi itkilərlə üzləşir. Səfərbərlik elan olunmazdan əvvəl, hətta həbsxanalarda olan məhbuslar da əfv müqabilində müharibəyə göndərilməyə başlanmışdı.
Ukrayna ordusunun Xarkov vilayətində apardığı uğurlu əks-əməliyyatdan sonra Rusiyada Putinin imici ciddi şəkildə zədələnib. Hətta tərəfdarlarından da tənqidlər almağa başlayan Rusiya lideri cəbhəçilərin tələbinə baş əyərək səfərbərlik elan edib.
300 MİN ƏSGƏR HARADA İSTİFADƏ EDİLƏCƏK?
Rusiyanın müdafiə naziri Sergey Şoyqu qərar çərçivəsində 300 min nəfərin orduya çağırılacağını bildirib. Rusiyalı nazir tələbələrin silah altına atılmayacağını vurğulayıb.
"Bizim böyük səfərbərlik resursumuz var. Orduda xidmət edib, müharibə təcrübəsi olanların sayı az qala 25 milyona çatır. Qismən səfərbərlik zamanı Rusiya ordusuna 300 min ehtiyat əsgər çağırılacaq. Bunlar birinci növbədə hərbi xidməti keçmiş, hərbi təcrübəsi olan şəxslərdir. Onlar azad edilmiş ərazilərdə mühafizə vəzifəsini yerinə yetirəcəklər. Səfərbərlik yolu ilə hərbi xidmətə çağırılanlar cəbhəyə göndərilməyəcək. Hazırda əməliyyat bölgələrinə yalnız hərbi xidmətini davam etdirənlər göndərilir”.
SƏFƏRBƏRLİK VƏ REFERENDUMLARIN ƏLAQƏSİ
Rusiyanın işğalı altında olan Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərindəki moskvayönlü administrasiyalar sentyabrın 23-27-də Rusiyaya ilhaqla bağlı referendum keçirəcək. Putin dünən bu referendumun nəticələrini tanıyacağını açıqlayıb. Rusiyanın ilhaq səsverməsindən sonra 4 bölgədə ciddi qarışıqlıq gözlənilir. Səfərbərlik yolu ilə cəlb olunacaq əlavə qüvvələr bu ərazilərdə ictimai asayişin qorunması vəzifəsini yerinə yetirəcək.
MOSKVANIN ƏSAS PLANI NƏDİR?
Putinin elan etdiyi səfərbərlik Qərbə də mühüm mesaj verir. Ukraynanın 4 bölgəsində keçiriləcək qondarma referendumdan sonra Ukraynanın öz torpaqlarını geri almaq cəhdi Rusiyaya hücum kimi qiymətləndiriləcək. Ukrayna ordusu Qərbin verdiyi silahlardan istifadə edəcəyi üçün Kremlin bu qərarı "silahlarınız Rusiya torpaqlarını bombardman edir” iddiası ilə Qərbi arzuolunmaz nəticələrlə qarşı-qarşıya qoya bilər.
DÜNYA ÖLKƏLƏRİNDƏN PUTİNƏ REAKSİYALAR
Ukrayna prezidenti Vladimir Zelenski deyib: "Putin öz əsgərləri də daxil olmaqla bütün Ukraynada qan tökmək istəyir. Amma mən Putinin nüvə silahından istifadə edəcəyinə inanmıram. İnanmıram ki, dünya ona bu silahlardan istifadə etməyə icazə versin".
Ağ Evin Milli Təhlükəsizlik müşaviri Con Kirbi deyib: "Nüvə silahından istifadəyə diqqət çəkmək məsuliyyətsiz ritorikadır. Amma saxta referendumlar və səfərbərlik qərarı Rusiyanın uğursuzluğunun göstəricisidir. ABŞ heç vaxt Ukrayna torpaqlarının ilhaqını tanımayacaq və ölkəmiz Ukraynanın yanında olmağa davam edəcək".
Britaniya dövlət katibinin müavini Gillian Kiqan Rusiya prezidentini tarixi yenidən yazmaqda ittiham edib. O deyib ki, Putinin sözləri narahatlıq doğurur. Kiqan "SKY News”a açıqlamasında bildirib ki, son vaxtlar gərginlikdə nəzərəçarpacaq dərəcədə artım var və təhdidlərə ciddi yanaşmaq lazımdır.
Almaniya kansleri Olaf Şolz qərarı "Rusiyanın çarəsizlik aktı" kimi qiymətləndirib.
İqtisadiyyat naziri Robert Habek isə Putinin səfərbərlik qərarını "Rusiyanın daha bir pis və yanlış addımı” kimi qiymətləndirib. Habek bu qərarın Ukraynada gərginliyi artıracağına diqqət çəkib.
Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Ukraynanın Rusiyanın nəzarəti altında olan bəzi bölgələrində birtərəfli referendum cəhdindən narahatlığını ifadə edib. Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstək verilən bəyanatda bu cür qeyri-legitim faktların diplomatik prosesi canlandırmaq səylərini çətinləşdirəcəyi qeyd olunub.
Çexiyanın Baş naziri Petr Fiala Twitter hesabında paylaşdığı açıqlamada Rusiyaya sərt reaksiya verib: "Putinin elan etdiyi qismən səfərbərlik Ukrayna müharibəsində Rusiyanın yeganə təcavüzkar olduğunun daha bir sübutudur. Ukraynanın köməyə ehtiyacı var və biz öz maraqlarımız üçün Kiyevə kömək etməliyik”.
NATO da Rusiya lideri Vladimir Putinin ölkəsini qorumaq üçün nüvə silahı da daxil olmaqla hər cür variantdan istifadə edəcəyi barədə açıqlamasına reaksiya verib. Alyansın baş katibi Yens Stoltenberq Ukraynadakı separatçıların Donetsk, Luqansk və Xersonda Rusiyaya birləşmək üçün referendum keçirməyə qərar verməsindən sonra gələn bəyanatları "təhlükəli və ehtiyatsız ritorika” adlandırıb.
Stoltenberq qeyd edib ki, Putinin açıqlamaları müharibənin onun planına uyğun getmədiyini göstərir: "Putin çox təhlükəli ritorikadan istifadə edir. O, nüvə müharibəsində qalib gələ bilməz".
(Musavat.com)