Qisas vampirliyi, yoxsa vətəni təpəgözdən xilas etmək istəyi?

Qisas vampirliyi, yoxsa vətəni təpəgözdən xilas etmək istəyi?

Qurban bəyin qurbanlarla mübarizəsi, "hərbçi” olmayan İsa Sadıqovun şərəfi kimi olmayan xəyanətlər haqqında sərt faktların konstatasiyası üzərində gəzişmələr…

Olduğun məkandan asılı olmayaraq, informasiya əldə edə bilərsən, amma və lakin… nə dərəcədə həqiqət olmağını YERİNDƏ aydınlaşdıra bilərsən!

Həm hadisə, həm də yerində olmayan Qurban Məmmədovun və İsa Sadıqovun aprelin 30-dan azerifreedom-un xəttiylə sosial şəbəkələrdə yayımlanan məlum bölümündə hədəfə… Mais Bərxudarov da gətirilib!

Dilə gətirənin kimliyi o halda önəm daşımazdı ki, dilə gətirənə də, rəy verənə də şəraiti sıravi adam yaradaydı!

İkisi də ictimai-siyasi həyatda personadır: Qurban Məmmədov kifayət qədər informasiyalı, savadlı, məntiqli, cəsarətli, faktlarla necə və nəfə işləməyi bacaran, həm də və eyni zamanda… kəmfürsət! Allah üç nəfərin əlinə fakt verməkdə peşman olub: şeytanın, Qurban Məmmədovun və… mənim! Amma mənim… əlahəzrət şeytandan və cənab Qurban Məmmədovdan fərqim odur ki, istənilən halda… FAKTDAN xalqın və dövlətin xeyrinə, soydaşlarımıza ziyan vurmamasından yana istifadə etmişəm! İçimdə kin vulkanının palçığı yoğrulmayıb!

Qurban Məmmədovun xalqın qəhrəmanı olmasını qəbul etmək olar – adam siyasi mübarizə labirintlərinin bütün krossvordlarını, çaynvordlarını, kriptoqramlarını uğurla və "əla” qiymətlərə layiq həll edib "ag gün”ə çıxıb! Amma və lakin… bəşəri və dini-şəri qanunları da gözəl bilən Qurban Məmmədov heç bir yəhudinin kompüterlə belə hesablaya bilmədiyi şahmatvari gedişləri də öncədən görüb! Şəxsən mən, adamın mübarizə üsullarını təqdir edirəm o məqamacan ki… "siyasi işğalçılığı”-"işğalçı siyasəti” üzə çıxır! Yəni Taleyran-Çörçill-Stalin konsepsiyası hərəkətə keçənəcən… Düzdür, Qurban Məmmədov çox az hallarda bunu büruzə verir, gizlətməyə yolu qalmır, məcburən "ələ verir” özünü, amma  yenə də…

İsa Sadıqov döyüş meydanında, bəli, döyüş meydanında, müdafiə nazirinin döyüş hazırlığı üzrə müavini və korpus komandirliyinəcən yüksəlməyinə baxmayaraq, erməniylə üz-üzə qalanda heç bir rəşadəti, zəfəri olmayan, əksinə, siyasi səbatsızlığından ölkəni çinədanına yığdığı kompromatlarla tərk edib qaçaq düşməyəcən fərari bir… qəəhh…rəman: sosial şəbəkələr üstündən! – lazım gəlsə, ayrıca yazı həsr edərik!

Məlum verilişdə dəfələrlə "zabit şərəfimə, Qurana and olsun” deyən İsa Sadıqov… zabit və həm də vətəndaş şərəfini 2003-cü ilin o üzündə uğursuz cəhdiylə itirib! Birmənalı!!! "Əlincə qalası”nda…
Sadəcə, Azərbaycan siyasi mübarizə tarixinin o şərəfsiz mərhələsidir ki, biz iqtidarın prezervativ kimi istifadə edib atdığı tullantıları da "millətin anası”, "millətin atası” ranqına yüksəltmək zorunda qalmışıq, ona görə ki onlar iqtidarı tənqid edir, ziyalılarımız "yazıçı ziyalıdır, ictimai şəxsdir, amma siyasi mövqe bildirməyə bilər” qədərincə şərəfsizləşməyəcən "tərəqqi” edib! – bu da ayrı yazılıqdır!
Konkretləşdirək: İsa Sadıqov işgəncəyə məruz qalmış əsgərin dediklərinə istinadən mühakimə yürüdür ki… Mais Bərxudarov… "öz xəyanətini ört-basdır etmək istəyir”, - deyə "əsgəri döydürür, işgəncə verir” və yaxud buna razı olub!!!

Stop!

Bir dəqiqə əvvəl "əgər şübhələnirsən” deyən polkovnik deyir ki, müvafiq orqanlar var, araşdırma aparmalıdır, amma özü həmən hökm çıxarır, ittiham yürüdür!
İsa Sadıqov o iki dəqiqədə - 15-ci dəqiqədən sonra, -  səsləndirdiyi fikirlərə görə əvvəl əmgəyi, kəllə sümüyü sındırılıb beyni çıxarılmalı, beyni gülləylə dağıdılmalı, sonra ağzından vurulmalıdır – məntiqsiz, böhtan atan dilinə heç kəlbətini bulamaq da rəva görülməməlidir!

Niyə?

Adam… əsgərin - mayın 6-dan iyunun 6-na qədər GÖZLƏRİ BAĞLANARAQ (diqqətlə qulaq asın: gözləri bağlanaraq!) mühakimə olunan, işgəncə verilən, yaddaşı pozulan zərərçəkənin ifadəsini yetərli sayır və nə özü, nə də Qurban Məmmədov sual vermir ki, əsgər, mənim balam, sənin otağına aparıldığın şəxs DOĞRUDANDAMI Mais Bərxudarov idi? Sən şəkillərdən gördüyün Mais Bərxudarov idi, rütbəsindən, otağından, olduğu yerdən bildinmi korpus komandirinin otağındasan, korpusun yerləşdiyi ərazidəsən?

Gözübağlı olan əsgər… eşitdiklərini və görmədiklərini, ancaq həqiqətən başına gətirilənləri danışır!

Qurban Məmmədovla da İsa Sadıqov ah-ufla millət üçün patriotluqlarını sərgiləyir!

İkisinin də ağlına gəlmir ki, araşdırsınlar: Mais Bərxudarov mayın 6-da harda olub?

Amma "xəyanətlərini ört-basdır etmək üçün işgəncə verdiyi” hökmünü çıxarırlar!

Adam, adamlar, belə olur araşdırma, belə olur həqiqəti üzəçıxarma, belə olur ədalətin təntənəsinə nail olma?

Qurban Məmmədov, axı sən hüquqşünassan, Dürrenmantın "bu cəmiyyət məni fahişə etdi, mən bu cəmiyyəti fahişəyə çevirərəm” deyən qəhrəmanı yox!

Qurban Məmmədov, axı sən zorakılığa, işgəncəyə, fiziki-mənəvi zorlanmaya qarşı çıxış edirsən, mübarizə aparırsan, axı sən dindən-imandan danışırsan, axı sən bir qəlbin qırılmağının Məkkənin dağılmasına bərabər olduğunu bilirsən… İsa Sadıqov bilməsə də - nə döyüşməyi, nə şərəfi, nə allahı-dini!

Sual verməli deyildin ki, mənim əsgər balam, sən doğrudan Mais Bərxudarovu şəxsən gördün, o dedi "aparın?” Mais Bərxudarov heç demədi, soruşmadı, əsgər, sən nəyə görə şübhəlilər siyahısına düşmüsən, kimsən, hardan əsgər gəlibsən, necə oldu səndən şübhələndilər?

Bilirsən, o əsgər balamız kimdən danışır, kimin ünvanına deyir, ay Qurban bəy?

Bəxtiyar Vahabzadənin dediyi kimi, Mais Bərxudarov "kanselyariya (dəftərxana) generalı” deyil axı, ay Qurban Məmmədov! Bilirsən axı!

Bilirsən axı… yeganə Azərbaycan generalıdır… döyüşlə general rütbəsini alıb!!! Döyüşərək, qələbə qazanaraq!!

6 il bu xalq Mais Bərxudarovun döyüş qələbəsi üstündə yaşayıb, qələbəyə köklənib!!!

Bu xalq, bu dövlət Mais Bərxudarovdan sonra şahid olub "əsgər, ardımca!” əmrinə! Bu ordunun əsgəri dünyada yeganə əsgərdir Mais Bərxudarova görə ki, "İrəli” əmrini özü özünə verib, komandiri "ardımca” deyib!

Dünya Mais Bərxudarova görə şahidlik edib komandir tankın üstündə döyüşə atılır!

Sənə 30 il həsrət qaldığın torpaqlardan bir əlçim, bir ovuc, bir qarış, bir təpəlik qələbə sevinci dadızdıran KOMUTAN… əsgərini linçə verərmi?

Utanmadınızmı… düşüncənizdə belə buna yol verməyi demirəm, müzakirə açmaqdan, hökm çıxarmaqdan?

İsa Sadıqov, hansı xəyanətini ört-basdır edib Mais Bərxudarov? Lələtəpə, Cocuq Mərcanlı qələbəsini xəyanət sayırsansa, bu xalqın 6 illik sevincini xəyanət sayırsansa, sənin vicdanına və zabit şərəfinə göz dəyməsin!

İsa Sadıqov, düz-əməlli azərbaycanca düşünə bilməyən, hərbi strukturu ancaq və ancaq rus ordusunun kserokopiyası kimi görən İsa Sadıqov, NATO və Türkiyə Ordusundakı patriotizmdən, idarəetmədən, qələbə taktikası və strategiyasından xəbərsiz İsa Sadıqov, "Aprel döyüşləri”ndə hansı xəyanəti etmişdi Mais Bərxudarov? Sənin heç xəbərin var Azərbaycan Ordsusunda Türkiyədə hərbi təhsil alıb gələnlər əsgərlə necə davranır?

De görək də, hansı xəyanəti edib Mais Bərxudarov? Hansı ölkənin agentinə çevrilib… hansı əməliyyatdan sonra? 
  
Mais Bərxudarovun döyüş yoluna şahid bir nəfəri də danışdırdınızmı ki, biləsiniz, Mais Bərxudarovun nəinki özü, heç əsgəri xəyanət etməz! O, əsgərini qurban verməz!
Danışdırdınız, ay "millət fədailəri”?

Mais Bərxudarovun yüzlərlə kəşfiyyatçı silahdaşları olub, yüz dəfələrlə kəşfiyyata gedib, erməninin içində mühasirəyə düşüb, yarıb mühasirəni, çıxıb, qayıdıb, dövlət üçün əhəmiyyətli məlumatları gətirib, dövlət tapşırıqlarını uğurla yerinə yetirib – hər əməliyyatının vətən və dövlət üçün faydası nəzərə alınaraq, həm mükafatlandırılıb, həm də rütbəsi artırılıb!

Və… məğlub çıxdığın 93-cü iləqədərki döyüşlərdən sonra ilk qələbəni sənə qazandırıb – xalqa, dövlətə!

İsa Sadıqov şərəfini və Quranı and içərək şahid gətirəndə, Allah ikrah edirdi, Qurban bəy!

Müzakirə boyu Mais Bərxudarovu üzrxahlığa, çinlərini sökməyə, hesabat verməyə dəvət edirdiniz e, maraqlı gəlirdi sizə, görəsən, Mais Bərxudarovu kim müdafiə edəcək, mən cavab verirəm, deyirəm:
- Mais Bərxudarovu Allah və əlahəzrət fakt müdafiə edəcək, şərəfin, döyüşün, qələbənin nə olduğunu bilməyən İsa Sadıqov kimilərinin şər-böhtanlarından, qiyabi hökmlərindən!

Maraqlanın, tapın, araşdırın, görün həmin günlərdə harda olub Mais Bərxudarov? Mayın 6-dan start götürən "Tərtər işi”nin bir epizoduna çevirmək istədiyiniz Mais Bərxudarovun korpusunda əməliyyata start verənlər çox  qısa müddət hərəkət edə biliblər: proses dayandırılıb və artıq dörd ildir ki, birinci qrup - işgəncə verənlərdən ibarət dəstə etdikləri cinayətə görə cəza çəkirlər, ikinci qrup - yüksək rütbəlilər isə hal-hazırda məhkəmə məsuliyyətinə cəlb olunub!

Xüsusilə vurğulamaq istəyirəm: Mais Bərxudarov 2015-ci ildə ikinci ordu korpusuna komandir təyin olunandan bu günə qədər şəxsi heyətdən bircə əsgər və zabit də düşmənə casusluq və vətənə xəyanət etməyib!

Üstəlik də, 2017-ci ildə may ayının sonlarında Türkiyədən müalicədən qayıdandan sonra, məhz onun da təşəbbüsü ilə baş verən hadisələr qaunamüvafiq şəkildə xüsusi xidmət və hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb, bir nəfər də düşmənə işləyən şəxsin olmadığı müəyyənləşib. İkinci ordu korpusu 44 günlük vətən müharibəsində ən çox şəhidlər verib, bütün ərazilərin azad olunmasında əsgər və zabitlərin müstəsna xidmətləri var, əsgərlərindən öndə olan Mais Bərxudarov dəfələrlə yaralanıb, qanı bu torpağa qarışıb – müavini, sürücüsü, adyutantı dəfələrlə yaralanıb və şəhid olub!

İsa Sadıqov, yeddi rayonun azad olunmasına görə Ali Baş Komandan tərəfindən təltif olunan bu cür şücaətli bir generalı hansı "faktlara” əsasən vətənə xəyanətdə, casusluqda ittiham edə bilirsən? Torpaqları azad etmək, yaralanmaq nə vaxtdan xəyanət sayılır? 

… Qurban Məmmədov, xəyanət edən, Azərbaycan bayrağına şərəfsizlik gətirən - sıravidən mayora qədər 22 hərbçinin işi isə… Mais Bərxudarovun komandir olduğu korpusun ərazisində yox, tamam ayrı bölgədə olub – onlar da məhkəmə qarşısına çıxarılmaqda!

Millət və dövlət imici üçün sizin kimi patriotluq etmirlər!

İsa Sadıqov kimi diletant hərbçiləri qəhrəman edəndə, ağzınız dalana dirənəcəkdi, əlbəttə ki!

Əzizim Qurban bəy, mən sevinirəm ki, siz siyasi səhnəmizin, iqtidarlı-müxalifətli əksər "cəngavər”lərini kirə çıxarırsınız, İsa Sadıqov kimi zabit şərəfindən, döyüşçü xarizmasından uzaq kimsələr Sizin kimi "akula”nın efirində özünü qətl edir!

Və… məhz həmin yayımda dediyinizi sizə ünvanlayıram: ƏGƏR (tez-tez özünüzə əlyeri qoyurdunuz bu "əgər” şərt budaq cümləsinin attibutuyla), üzə çıxsa ki, Mais Bərxudarov mayın 6-da harda olub və bu poseslərdə iştirakı qeyri-mümkündür, ondan tələb etdiyinizi özünüz edin, lütfən!

Nəzərinizə çatdırıram: Azərbaycan xalqının qələbə inamını öldürmək, Azərbaycana xilas gətirə biləcək oğulları məhv etmək Rusiyanın, İranın 250 illik imperiya maraqlarının əsas qayəsidir! Siz kimə xidmət edirsiniz, Qurban Məmmədov, İsa Sadıqov?

Siz Mais Bərxudarov kimi döyüş generalını "rasxod”a verməklə özünüzün rus kəşfiyyatına işlədiyinizi bəyan etmirsinizmi?

İsa Sadıqov tarixi də hərbini bildiyi qədər bilə bilər, axı siz, Qurban Məmmədov, tarixi gözəl bilirsiniz: SSRİ-nin qələbə qazanmasında müstəsna xidmətləri olan Jukovu müharibədən sonra sürgünə ona görə göndərdilər ki, daha müharibə olmayacaqdı!  Axı fərqinə niyə varmırsınız ki, bizim müharibəmiz hələ bitməyib! Hardan alacaqsınız Mais Bərxudarov kimi vətən üçün döyüşən generalı?

Guya öz vətəndaşlarıyla döyüşən generalların bu hərbi genosidinin fərqində deyilsiniz?

Anlamaq bu qədərmi çətindir ki, bu xalqın içində bu vətənin torpaqlarını döyüşüb azad edən generalının üstünə gələn, bu xalqın özündən olub özüylə olmayan namərdləri ilə döyüşə minlərlə şəhid, qazi, qaçqın ailəsi çıxacaq?

Mənmi sizə - Qurban Məmmədova, İsa Sadıqova anlatmalıyam ki, dəyərli oğullarımızı qorumaq imkanlarımız nə qədər məhduddur?

Sizin o məlum verilişə baxandan sonra üç gündür hirsimi-acığımı soyuduram ki, məntiqli və faktlı-sübutlu cavab verim, həm də, həm də, həm də sizə qəzəbim artsın!
Üzrxahlıq… ölünü diriltmir!
Üzrxahlıq… güllə yarasını, işgəncə yerlərini sağaltmır, itkiləri bərpa etmir!
Vərdiş etməyin üzrxahlığa!

Cinayət varsa, onu törədən cəza almalıdır!

Millətin şərəfli və ləyqətli oğulları da cinayətkarlara qatılıb qətl edilməməlidir!

Ərklə, umacaqla, vətən və dövlət, xalq naminə deyirəm: yığışdırın efirinizdən şərəfin, dinin, qanunun böyründən, altından, yanından keçənləri!

Sizin məsuliyyətsizcəsinə bəyanatlarınız, "müdrik və cahanşümul fikirləriniz” bizim onsuz da az olan gücümüzü alır!

Nəzərə alın ki, biz Azərbaycanda yaşayırıq və Azərbaycan üçün yaşayırıq!

Azərbaycanı qoruya bilən oğullardan məhrum etməyin əmin olmadığınız böhtanlarınızla, təsdiqlənməmiş ehtimallarınızla – siz onsuz da qorumaq adıyla məhvə aparırsınız! Qorumaq istəsəniz belə… özünüzü çatdıra bilməzsiniz – aeroportdan qoymazlar! Yadınızda saxlayın – vətəndən qaçmağa imkan var, vətənə qayıtmağa yox!
Qayıda biləcəyiniz vətəni sizə verəcək oğulları güllə qabağına verməyin!

Azərbaycanda Mais Bərxudarov kimi peşəkar, vətənpərvər general haqqında ittihamedici şəkildə düşünmək belə… təhqiramizdir!
Əziz Qurban bəy, ümid edirəm ki, bu mətni mən deməmiş də efirinizdən oxuyacaqsınız! Bu həm də Sizin həqiqətin yanında olma missiyanızdır – baxın o verilişdən sonra Mais Bərxudarov haqqında yazılanlara!
Axı dəfələrlə demişəm: bu ölkədə böhtan atanları yox, həqiqəti deyənləri ağzından güllələyirlər!
Nə qədər özünübilməzə, vurdumduymaza Mais Bərxudarov haqqında ağlına və ağzına gələni deməyə, yazmağa imkan vermisiniz! İti öldürənə sürütlədərlər!
Buyurun, heç vaxt özünü görmədiyim, heç bir təmasım olmayan, vətənimə ruslu-farslı-ermənili 220 ilə gətirilən faciənin fəsadlarını aradan qaldırmaqda qəhrəmanlıq nümunəsi göstərən, 44 gün rəşadətli və müzəffər qələbə serenadası dadızdıran Ali Baş Komandanın möhtəşəm generalı Mais Bərxudarov haqqında bildiklərimi, öyrəndiklərimi, hamının bildiyi faktları bir də oxuyun! Oxuyun və görün, anlayın ki, siz nə etmisiniz?

Hörmətlə,
"Möhtərəm və Möhtəşəm Aydın Can” medalını sinəsinə taxdığınız Aydın Canıyev!


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az