QƏRİNƏ QƏNİRƏSİ - adıyla təzadda, əməliylə səmalarda

QƏRİNƏ QƏNİRƏSİ - adıyla təzadda, əməliylə səmalarda

və ya Azərbaycan qadını üçün uğur İlahəsinin lirik-epik, sentimental portreti

Müstəqillik dönəmi ictimai-siyasi və ədəbi-mədəni həyatda üzə çıxan sürprizləri və nou-hauları ilə maraqlı personaları tanıtdı: kimisi olan-qalan hörmətini itirdi, kimisi bütün sahələrdə olmasa da, fəaliyyət göstərdiyi cameədə olimpə yüksəldi və… 32 il ərzində diri qalan, sabit-stabil yüksəliş yolu keçən, milli-mental dəyərləri qoruyaraq bəşəri-beynəlxalq mərhələyə adlayan, dövlət və xalq üçün normal-sivil imic sərgiləyən çox az isimlər qaldı! Daha dogrusu, üç-beş güvəniləsi, umanılası ünvanımız var.

Maraqlı nüanslardan biri də o oldu ki, milli-azadlıq mücadiləsi, eyni zamanda və həm də qiyam-çevriliş, dini-sosial cərəyanlardan bəhrələnərək bu və ya digər şəkildə hakimiyyətə yönlənən bir xeyli ictimai-siyasi, dini-sosial riyakarlar üzə çıxdı: hakimiyyət əlaltıları, saxta və satqın müxalifət qəhrəmanları, zamana konyunktura və volyuntarist prinsip-prizmasıyla yanaşanlar sonucda fiaskolarını yaşadılar – 32 il az vaxt deyil! Tarix üçün bir qərinədən bir il az olsa da!

Müstəqillik dönəmi - QƏRİNƏsində biz bir ismi artıq etiraf edirik, sevirik, dəyərləndiririk, qürur duyuruq və yalnız və yalnız "halal olsun” deyib uğurlar arrzulayırıq: Qənirə Paşayeva!

Qənirə Paşayeva ilk uğurunu teleməkandan boylandırdı. Əslində, təhsilinə və naturasına görə həkim-loğman olan Qənirə xanım başqa rakursdan "həkim-loğman”lığa üz tutdu və bacardı! Hər hansı bir təbibin konkret sayda Azərbaycan vətəndaşını cismən sagaltdığı saydan qat-qat artıq Azərbaycan vətəndaşını "sağaltmaqda” oldu: hakimiyyət məmurlarının incitdiyi, dərdə-"xəstəliyə” düçar etdiyi sadə, adi, öləri vətəndaşları "sağaltmağa”-ayağa qaldırmağa Qənirə Paşayevanın efirdən səsləndirdiyi süjet, reportaj, veriliş konkretlikdən ümumiliyəcən hamını əhatə etdi!

Mən xarici jurnalistikadan səhih misallara malik deyiləm, amma postsovet dönəmində Rusiya teleməkanında kosmik sürətlə oliqarxlaşan, siyasiləşən jurnalistləri adbaad sadalaya bilərəm Kiselyovdan, Svanidzedən, Sorokinadan, Mitkovadan üzübəri və anrı hamısını. Rus teleməkanında və mətbuatında siyasiləşən və bu hesaba da oliqarxlaşan mediamaqnatlar dövlət ərkanında sanbal yiyəsi olmaqla yanaşı, xalqın içində olan etimadlarını da itirmədilər, yəni bizdəkindən fərqli olaraq, hakimiyyətin uğurlarını təbliğ üçün efir vaxtı ayıranda ucugüləbətinli, onikitaxta tumanlı söyüşlərəcən "yaltaq, satqın” və s. təşbeh və epitetlərlə bəzəmədilər onları, bəzənmədilər. Özləri demişkən, "yest vostoçnaya podxalimstva, i yest zapadnaya podxalimstva” – yəni şərqli tərifi-təbliği elə aparır ki, adını yaltaqlıqdan başqa bir şey qoya bilmirsən, qərbli bunu edəndə isə ən azından… demokratik dəyərlərdən çıxış edilən alternativ fikir… olur!

Şəxsən mənim üçün Qənirə Paşayeva haqqında dediyim xoş söz… "zapadnaya podxalimstva” qrafasına salınsa, sevinərəm! Çünki qruplaşan-klanlaşan və kölələşən Azərbaycan mətbuatının "münsif-indikator”, "manometr-barometr” tipli ələngələri şəxsi, qrup, tayfa, firqə maraqları üstündə çamur atmadıqları kimsənə saxlamayıblar.

Qənirə Paşayevanı da arada-bərədə "söz konusu” etmək cəhdləri olub, olacaq – çünki hər dəfə adı bir vəzifəyə təyinatda hallananda marıqda duranlar "mətbuat fədailəri”nə bunu ötürür. Amma və lakin… xoş olan odur ki, Qənirə Paşayevanı ittihamlar tez də səngiyir – o biriləri kimi, "atanşik”lərə kimsələr elçi düşmür ki, sən allah, o yazıları sil, (tula)payın gələcək.

İlk növbədə, mənə xoş olan odur ki, ixtisasca və naturaca həkim-loğman olan Qənirə Paşayeva jurnalist və efir-ekran adamı olaraq da təbibliyində-loğmanlığında vəhdət yarada bilib – ilk gündən indiyə qədər!
Qənirə Paşayeva XALQ TELEMƏKANInı haça-paça yazılarıyla, əvvəl müxalif, sonra iqtidar yazarəsi olmaq sınağından keçməməklə qazanıb!

Məqsədi təbiblik-loğmanlıq olan Qənirə Paşayeva bugünkü siyasi olimpə iddiasını heç bir zaman sərgiləməyib… jurnalist fəaliyyəti dönəmində. Amma zaman - TARİX VƏ TALE Ona bu şansı verib!

Göstərilən etimada cavab olaraq, fəaliyyət sferasında vəzifə səlahiyyətlərindən maksimum yararlanmaqla, vəzifə mükəlləfiyyətlərinə maksimum vicdanla əməl etməklə cilalayıb!

Son yazımda – İlham Rəhimovun 70 illiyinə yazdığım təbrikdə qeyd etmişəm: Milli Məclisə deputatlığa namizədliyini verərkən alternativ Qənirə Paşayeva idi! Və… İlham Rəhimov namizədliyini Qənirə xanıma görə geri götürdü!

Bax mən o gündən ötən 15 ildə həmişə Qənirə xanımı izləmişəm. İrəli gedib deyim ki, Qənirə Paşayevanın mübarizə şarmı, xarizma sərgisi ürəyimcə olub! Heç bir seçicidə o qənaət yaranmayıb bu 15 ildə: ədalətsizlik oldu, - deyə.

Qənirə Paşayevanın layiqli millət vəkili olmasını 15 il öncədən görənlər, duyanlar, etiraf edənlər həqiqətən də Azərbaycanı istəyənlərdir!

Azərbaycan seçicisinə, Azərbaycan vətəndaşına Qənirə Paşayeva qədər doğma, yaxın iki-üç deputatımız olub, var: fəaliyyətdə olan Aqil Abbas, zamanında Ümid Partiyasının sədri İqbal Ağazadə, KXCP sədri Mirmahmud Mirəlioğlu, Əlövsət Ağalarov… 

Son savaş dönəmində anamla görüşəndə soruşurdu ki, Aydın, Aqil Abbasla Qənirə Paşayevadan başqa deputat yoxdu?

Deməyim o ki, ölkədə çox az deputat, özü də deputat olmamışdan da xalqa yaxın olan jurnalist var ki, onlardan sıraca birinci olmasa da, sayca birincilərdən biridir Qənirə Paşayeva.
Həm də… kişi deputatlarla bir sırada!

Yazını yazmaqda məqsədim də elə budur: bir Azərbaycan qadını xarizma və insanlıq sərgiləsə, onu mütləq xalq sevgisi zirvəsi öz qoynuna alacaq! Üstəlik də… əgər bunu lazım olan anda lazım olan yerdə etsə! Sabit siyasi yönü olmalıdır, hədəfini aydınlaşdırmalı və konkretləşdirməlidir, bəlli dəyərlər üstündə ictimai faydalı töhfələr verməlidir həm də! O halda hətta ağlına gətirə bilmədiyi uğurlar belə onu üzük qaşı kimi dövrələyəcək!

Çox az millət vəkillərimizdəndir ki, Qənirə xanımın özünün imicmeyker, PR institut yoxdur, əvəzində ona üz tutanlara vaxtında və qaneedici cavabı çatdırmaq üçün yardımçıları var!

Dediyim kimi, 15 ildə hər zaman Qənirə xanımı izləmişəm – kimsə özünü "Koroglu” körpüsündən atanda da, Kənan Hacı yoxa çıxanda da, Murad Köhnəqala həbsə alınanda da ürəyimin tam dərinliyindən ta tam səthinə qədər səmimiliklə səslənib: "sağ ol, ay BACI!”

Bax bu məqamda sentimental və lirik-epik təsvirə keçim: biz təpik özümüzə dəyəndə səsimizi çıxaranlarıq! Kimsə bizdən humanist, qonaqpərvər, nə bilim, demokrat-zad qayırmasın! Və ictimai dəstək… bizdə daha çox məhəllə arvadlarının hay-küy salmaq anlamından o yana deyil. Üç-beş rezultativ-nəticəli aksiya fundamental obrazımız deyil bizim – sosial şəbəkələrdə yüzlərlə müraciət başına döyə-döyə qalıb! Amma haçan, harda Qənirə xanım haylanıbsa, soraqlanıbsa, həmən hər yer xəbərdar olunub, hər yerə əl atılıb, ağız açılıb!

Qənirə xanım yüzlərlə faktın içində bizi əvəz edib: Murad Köhnəqalaya heç cür yardım edə bilməyəndə də, Kənan Hacı tapılmayanda da, körpüdən özünü atmaq istəyən gəncin yanında da mənim, sənin, onun, hamımızın əvəzinə olub!
Və heç birimiz həmin anda o adamların yaxınlarının, əzizlərinin nə düşündüyünü, nələr çəkdiyini təsəvvür etməmişik, təxmin etsək də, fəhmlə təəssüf etsək də. Amma bir insanı - əzab və zülm içində olanı qurtarmaq, qurtara bilmək, bunun üçün adı və varlığı belə bəs edən biri olmaq… İlahi lütfdür!

Son günlər an məsələsi oldu… görkəmli tarixçi alimimiz, dəyərli insan, milli-azadlıq hərəkatı mübarizəsinin öncülü, bütöv Azərbaycan sevdalısı, torpaqlarımızın işğaldan azad olunması üçün zamanında əyninə əsgər paltarı geyinən Dilavər Əzimlinin həyatı tükdən asılı idi!

Qızımın müəllimi və insan, dost olaraq bir-birimizə rəğbətimiz olan Dilavər Əzimlinin yanında olmaq, onu ölümlə üz-üzə qoymamaq, ona "sən xilas olacaqsan, ediləcəksən, əziz dost!” deyə bilmək şansımız, güvəncimiz oldu Qənirə xanım Paşayeva!

Telefonda şəxsən təşəkkür etmişəm, bu yazı da mənim rəsmən təşəkkürümdür, etirafımdır: nəinki təkcə seçicisinə, eləcə bizə, hər bir azərbaycanlıya BACI qədər ürəyiyanımlı, əlyetirən, səssalan… ikinci bir kimsəmiz yox o parlamentdə də, həyatımızda da!

Mən duyğu sömürüsü yapmayacam, amma bir anlıq düşünün: oğul xaricdə təhsil alır, yollar bağlı, ata süni nəfəs aparatında, evdə xanımı və qızı kimsənin dəstək verə biləcəyini ağlına gətirə bilmir… təkcə yoluxma faktı nəhayətsiz qorxu, həyəcan yaradan xəstəliyin bir müəllim ailəsinə divan tutması nə deməkdir? – hələ üstəlik müalicə zamanı hər bir əməliyyatı böyük pullar istəyən, xüsusi tapşırıqlarsız keçinməyən, bahalı aparatların bahalı mütəxəssislərini müalicəyə cəlbetmə… təşkilatçılığı! Kimin kimi eşitdiyi bəlli olmayan bir məmləkətdə bir xanımın, bir deputatın əlçatar, ünyetər olması nə böyük səadət!
"Getsin, gəlməsin”,- deyək dostlarımızın, həmkarlarımızın, soydaşlarımızın elə yaşantılarına, amma bir də nəzər salın: sosial şəbəkədə həyəcan təbili çalınır, ziyalılar müraciət imzalayır və Qənirə xanım Paşayeva hara, kimə nə demək, nəyi çatdırmaq lazımdırsa bunu edir! Dildə bir cümləlikdir e, reallıqda isə…

Dövlət başçısı səviyyəsində… qələminin mürəkkəbi yetmiş şəhidin qanına bərabər bir aliminin-ziyalının həyatı qorunur, qorunmaq üçün gərəkən edilir!

Adama bunu hətta bacı da istəsə edə bilməz – bacı yad evində, dəftər-kitab oxumayan, mətbəx qadınıdırsa, amma adam üçün bu fədakarlığı elə… bacı edər!

Yekunlaşdırım: Qənirə xanım yaşamı, əməlləriylə adıyla təzad təşkil edir və elə yaşamı, əməlləriylə AZƏRBAYCAN İNSANININ RUHU CÖVLAN EDƏN SƏMALARDA, FƏZALARDA hakimi-mütləqdir!

Azadlığın bu QƏRİNƏSİNDƏ qənirsiz imzamız, ünvanımız QƏNİRƏ xanıma öz arzularımı, təşəkkürümü az bilirəm, balaca, kiçik, cuppulu sayıram: Onu bizim üçün bu mənsəbdə, bu gözəllikdə, bu ürəkdə Yaradan Tanrıya üz tutaraq deyirəm: Sən bizə qarşı çox mərhəmətlisən, Rəbbim! Bizim bütün eyiblərimizi ört-basdır edib, bizə həyat, azadlıq bəxş etmək üçün çalışan-vuruşan, sidq-ürəklə BACI deyə çağıra biləcəyimiz bir dəyər bəxş edibsən!

Dəfələrlə yazmışam, bir də möhürbənd kimi deyirəm: mən insanların mənə münasibətindən asılı olmayaraq, cəmiyyətə və insanlığa faydasına görə dəyər verirəm! Həyatımı pozmuş adamları belə xeyirxah, humanist görəndə sevinirəm!

Bir jurnalist, bir şair, bir alim, bir müəllim, bir əsgər üçün ayağa durmağı özünə borc bilən bir xanımı böyük məmnuniyyətlə bioloji bacım qədər əziz sayır və sevgilərimi, səcdələrimi ifadə edirəm!
SON SÖZ ƏVƏZİ: Qənirə xanım Paşayevanı Azərbaycanlı qadın üçün uğur İlahəsi kimi nümunə göstərdim, yazıboyu nədənini axtaranlara deyim: insan, illah da ki qadın, öz layiq olduğu zirvəni dava-dalaşla, tumanı başına çəkməklə yox, əməlləriylə alır, o əməlləriylə ki…

 Qənirə Paşayevanın bir qərinəlik həyat və fəaliyyəti yaşam və uğur kodeksi sayıla bilər – bir kimsə dönük də deyə bilməz, satqın da, yaltaq da, ən azı, ən azı… BACI çağrılarsınız! Hər bir Azərbaycanlının BACISI olmaq elə MƏLEYKƏ olmağa bərabər bir ucalıq!

Hörmətlə,
Aydın CAN(ıyev)


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az