Prokuror Rövşən Əkbərova 11 il həbs istədi

Prokuror Rövşən Əkbərova 11 il həbs istədi
20 il əvvəl Ukraynada azərbaycanlı iş adamını öldürməkdə ittiham olunan Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. Virtualaz.org -un xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək R.Əkbərovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Mərhumun atası F.Əliyev isə oğlunu qətlində təqsirləndirilən generala ömürlük cəza istəyib: "Oğlunu itirən bir ata kimi deyirəm, əgər haqq varsa, ömürlük cəzaya məhkum edilsin. Elə cəza verin ki, 20 ildir Elçinin yasını tutan, gözünün yaşı qurumayan anasına bir az təsəlli olsun”.

Məhkəmə prosesi oktyabrın 22-də səhər saat 10:00-da davam edəcək.

İttihama görə, R.Əkbərov 20 il öncə Ukraynada mübahisə zəminində 29 yaşlı azərbaycanlı Elçin Əliyevi qətlə yetirməkdə təqsirləndirilir. Hadisə 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə saat 04 radələrində Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən "Sikora” kafesinin yaxınlığında baş verib.

Ordu korpusunun komandanı olmuş  56 yaşlı R.Əkbərov 2002-ci ildən general-leytenantdır. 2020-ci ildə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb. 1995-cü ilin oktyabrında prezidentin sərəncamı ilə ona Milli Qəhrəman adı verilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az