Prezident Ermənistana çıxış yolunu göstərdi: Zəngəzur dəhlizi...

Prezident Ermənistana çıxış yolunu göstərdi: Zəngəzur dəhlizi...

Prezident İlham Əliyev Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasının, ümumiyyətlə, Ermənistanın regionda normal dövlət kimi mövcud olmasının şərtini açıqladı: kommunikasiyaların bərpası və Zəngəzur dəhlizinin işə düşməsi.

Bu məsələ 10 noyabr bəyanatında, o cümlədən, 11 yanvar Moskva bəyanatında əksini tapır. Kommunikasiyanın bərpasında Azərbaycan və Türkiyənin əsas istəyi Zəngəzur dəhlizinin açılmasıdır. Üçtərəfli razılaşmalara imza atan Ermənistan tərəfinin bu məsələyə maneələr törətmək istəkləri müşahidə olunur. Hərçənd, Azərbaycan liderinin bəyan etdiyi kimi, Türkiyə ilə sərhədin açılmasının, bölgənin iqtisadi dividendlərindən yararlanmağın yeganə yolu budur.

Zəngəzur dəhlizi təkcə Azərbaycan və Türkiyəyə deyil, ümumilikdə region ölkələrinin hər birinin maraqlarını təmin edəcək layihədir.

Dəhlizin Azərbaycan və Türkiyə maraqları baxımından iki əhəmiyyəti var.

Birincisi, dəhlizin açılması ilə türk dünyasının coğrafi parçalanması aradan qalxır.

İkincisi, bu dəhliz sayəsində Azərbaycan və Türkiyə arasındakı məsafə 400 kilometrə qədər qısalır, o cümlədən, Ankaradan Mərkəzi Asiyaya qədər uzanan coğrafiyada marşrut əldə olunur.

Dəhliz bütün region üçün də dividendlər vəd edir. Rusiya, Azərbaycan, Türkiyə, İran və Ermənistan arasında iqtisadi əlaqə imkanları artır. Azərbaycan Türkiyə ilə quru əlaqəsi əldə etdiyi kimi, Ermənistan da İranla əlaqələrini genişləndirir. Ümumilikdə isə kommunikasiyanın bərpası bütün region ölkələrinin iqtisadi-siyasi əməkdaşlıq perspektivlərini genişləndirir.

Zəngəzur dəhlizi ilə həm də Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Mövcud nəqliyyat və enerji infrastrukturu bu imkanı daha da genişləndirir. Beləliklə, regionumuz Avrasiyanın nəqliyyat şəbəkəsində əsas həlledici faktor ola bilər.

Ümumilikdə Zəngəzur dəhlizi bölgənin təhlükəsizliyinə, iqtisadi inkişafına və rifahına səbəb olacaq. /Publika.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az