ONUN SOYUQ MƏZARI ÜRƏKLƏRDƏDİR- Şəhid Ayaz Yusubov

ONUN SOYUQ MƏZARI ÜRƏKLƏRDƏDİR- Şəhid Ayaz Yusubov

28 may Şəhid Ayaz Yusubovun doğum günüdür

1994-cü ilin soyuq yanvar günləri idi. İndi Birinci Qarabağ savaşı adlandırdığımız  müharibənin qızğın çağıydı. Azərbaycan Ordusu bir qədər əvvəl havadarlarına arxalanaraq əzəli torpaqlarımızı işğal edən mənfur düşmənə qarşı kəskin əks-həmləyə başlamışdı. Cəbhənin Füzuli istiqamətində isə döyüşlər daha intensiv xarakter almışdı. Məhz bu istiqamətdən düşmənə sarsıdıcı zərbələr endirməklə bağlı döyüş tapşırığı alan ordumuz ilk dəfə idi ki, belə bir genişmiqyaslı hərbi əməliyyata başlamışdı. Bütün bunlara baxmayaraq, təpədən dırnağadək silahlamış quduz düşmənin, bir addım da olsun, geri çəkilməyə fikri yox idi. Vəziyyət isə gündən-günə gərginləşir, cəbhədən hər gün şəhid xəbərləri gəlirdi. 

 Belə bir təlatümlü, hüznlü günlərdə bəlitonlu Şirəli kişi, ömür-gün yoldaşı Balaxanım ana böyük  səksəkə içindəydilər. Bu da səbəbsiz deyildi. Üç ay əvvəl həqiqi hərbi xidmətə yola saldıqları ailənin ilk oğul övladıAyaz da məhz cəbhənin bu cinahında mənfur düşmənlə üz-üzə idi. Ayazdan heç bir xəbər ala bilməyən valideynlərin narahatlığı isə getdikcə artırdı. Yaxşı yadımdadır: 1994-cü ilin şaxtalı fevral günlərinin birində Bakı  avtovağzalında bir neçə həmkəndlimizlə rastlaşdım. Şirəli kişi də onlarla idi. Üz-gözündən yorğunluq yağan əsgər atası olduqca səksəkəli və narahat görünürdü. Günlərin yuxusuzluğu onun çöhrəsində dərin iz salmış, gözləri sanki çuxura düşmüşdü. İlk andan onun xəstəlik səbəbindən paytaxta üz tutuduğunu zənn etdim. Yaxınlaşıb özü ilə, yanındakılarla hal-əhval tutdum, köməyə ehtiyaclarının olub-olmaması ilə maraqlandım.-- Cəbhə bölgəsinə gedirik. Bir aydan çoxdur ki, Ayazdan xəbər yoxdur--deyə,Şirəli kişi dilləndi. Qəhər onu boğduğundan sözünün davamını gətirə bilmədi. Həmin an mən onun gözlərindəki ümidsizliyi, təlaşı duydum. --Narahat olmayın, inşallah hər şey yaxşı olar. Ayaz sağ-salamat kəndimizə dönəcək. Allah qoysa, toyunda da iştirak edəcəyik--deyə, ona təskinlik verməyə çalışdım. Bununla belə, cəbhədə gedən ağır döyüşlərdə verdiyimiz itkilər məndə də vəziyyətin heç də ürəkaçan olmaması qənaəti yaradırdı.

...Bir neçə gün davam edən axtarışlar, soraqlaşmalar heç bir nəticə vermədi. Düzdür, Şirəli kişi komandanlıqdan Ayazın sonuncu dəfə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşlərə qatıldığını öyrənsə də, oğlunun sonrakı taleyi ilə bağlı heç bir məlumat ala bilmədi. Ayazı gördüm, deyən tapılmadı. Sanki o, bir tikə əppək olub qeybə çəkilmişdi. Yorğun, süst halda cəbhə bölgəsini gəzib dolaşan Şirəli kişi havalanmaq üzrəydi. Bir anlığa hayqırıb "Ayaz, hardasan? Səsimə səs ver, oğul. Anan, bacı və qardaşların yolunu gözləyir. Evimizə dönəndə onlara nə deyim?–deyə qıyya çəkmək istədi. Amma bura amansız müharibənin getdiyi döyüş bölgəsi idi. Ölümsaçan silahların tükürpədici, uğultulu səsi qulaq deşirdi. Belədə Şirəli kişinin bu nidası bir cüt göz yaşına dönüb yanaqları ilə üzüaşağı süzüldü. Əslində bu adi göz yaşları deyildi, ümidsizliyə qapılmış bir atanın puça çıxmış son ümidi idi. Yanılmırdı Şirəli ata. Cəmi bir neçə gündən sonra Ayazın cəbhədə itkin düşməsi bəlli oldu... 

Ayaz Şirəli oğlu Yusubov 1975-ci ildə Lənkəran rayonunun Bəliton kəndində anadan olub. 1982-ci ildə Bəliton kənd tam orta məktəbinin birinci sinfinə gedən Ayazın uşaqlıq və yeniyetməlik çağları gözümün önündə keçib. Hətta Bəliton məktəbində çalışdığım iki il ərzində ona dərs də demişəm. Çoxuşaqlı ailənin ikincisi olan Ayaz dərslərdə bir o qədər də fəal görünməsə də, sinif yoldaşlarından bir sıra keyfiyyətlərinə görə seçilərdi. Olduqca sadə və səmimi təsir bağışlayan Ayaz məktəb daxilində ozünü son dərəcə intizamlı aparar, heç kəsə dəyib-dolaşmaz, hamı ilə mehriban davranmağa çalışardı. Yuxarı siniflərə çatanda isə o, ictimai fəallığı ilə seçilər, məktəbdaxili tədbirlərdə özünü yaxşı tərəfdən göstərməyə çalışardı. Elə buna görə də o, müəllimlərin də, şagirdlərin də rəğbətini qazana bilmişdi. 

Mənfur qonşumuzun Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə çıxış etməsinə başlaması Ayazın yetkinlik yaşları ilə ilə eyni vaxta düşmüşdü. Azərbaycanlıların öz dədə-baba torpaqlarından didərgin salınması, Dağlıq Qarabağ münaqişəsinin alovlanması, günahsız insanların qətlə yetirilməsi, şəhər və kəndlərimizin işğalı bir çox yaşıdları kimi onda da vətənpərvərlik hissini xeyli gücləndirmişdi. Sanki bir boy da böyüyən Ayaz həmin an silaha sarılıb düşmənlə döyüşmək istəyirdi. Orta məktəbi bitirməsi ilə arzusunun yaxınlaşmasını hiss edirdi. Artıq əsgərlik yaşı çatmışdı. İndi o, torpaqlarımıza göz dikən yağı düşmənə qarşı döyüşə atılmağa hazır idi. Nəhayət, gözlədiyi an gəlib yetişdi. 1993-cü ilin oktyabr ayında Ayaz Yusubov hərbi xidmətə çağırıldı. Əyninə əsgər paltarı geyib əlinə silah alan gənc döyüşçüintiqm hissi ilə alışıb yanırdı. Xarakterindəki əvvəlki sakitlikdən, mülayimlikdən əsər-əlamət belə qalmamışdı. Erməni vəhşiliyinə məruz qalmış yurd yerlərimiz Ayaz və silahdaşlarından imdad diləyir, mənfur düşmənə layiq olduğu cəzanın verilməsini gözləyirdi. Bunu dərk edən gənc döyüşçü Vətənin hər qarış torpağı uğrunda düşmənlə ölüm-dirim savaşına başlayır. Tərtər, Ağdam və Kəlbəcər uğrunda gedən bir sıra amansız döyüşlərdə iştirak edir. Hərbi əməliyyatlarda döyüşçü dostlarının həlak olması Ayazda intiqam hissini bir qədər də alovlandırırdı. 

1994-cü il yanvar ayının ilk günlərində Milli Ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində düşmənə sarsıdıcı zərbələr endirilir. Uğurlu hərbi əməliyyatlar nəticəsində Horadiz qəsəbəsi, eləcə də ətrafda yerləşən 20 kənd erməni işğalından azad edilir. Geniş əks-hücuma keçən ordumuz Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində irəliləməyə başlayır.Ayaz Yusubov üçün isə bu, son döyüş olur. Şiddətli döyüşlər zamanı düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilsə də, ordumuz da müəyyən itkilər verir. Elə Ayaz da bu döyüşdə itkin düşür.Onun ölümü təkcə ailəsi və doğmalarının deyil, bütün Bəliton kəndinin itkisinə çevrilir. 

 Ölüm kağızı olmadığına görə yalnız üç il sonra məhkəmənin qərarına əsasən, ona şəhid statusu verilir. Ayazın xəbərsiz-ətərsiz itkin düşməsisəbəbindən məzarının olmaması biçarə valideynlərinin dərdinin üstünə əlavə dərd gətirir. Valideynləri, bacı-qardaşları, doğmaları hər il yanvar ayının qarlı-şaxtalı günlərində Ayazı anıb soyuq məzarını ziyarət etməyə belə, həsrət qalırlar. Buna baxmayaraq, onun özü kimi soyuq məzarı da ürəklərdədir. Övlad itkisinə dözməyən Şirəli ata, Balaxanım ana uzun illər yataq xəstəsi düşürlər. Nəhayət, bu yaxınlarda ağır dərdə dözməyən Şirəli kişi son ümidi kimi Ayaza qovuşmaq həsrəti ilə gözlərini əbədi yumdu. Bu dünyadan özü ilə apardığı yeganə təsəllisi isə Ayazın uğrunda canını qurban verdiyi torpaqlarımızın işğaldan azad edilməsi oldu. Bu gün Ayazın da ruhu şaddır. Düz 26 il sonra onun qisası alındı. 44 günlük müqəddəs savaşda kiçik qardaşları, silaha sarılan gənc həmkəndliləri döyüş meydanında mənfur düşmənə qan uddurdular. Layiq olduğu cəzanı alan erməni əsgəri öz qanında boğuldu. 

Bu gün Ayazın əziz xatirəsi doğma kəndində dərin hörmət və ehtiramla anılır. Məzunu olduğu Bəliton kənd tam orta məktəbində onun xatirə guşəsi yaradılıb. Bu da şagirdlərdə vətənpərvərlik hissini gücləndirir, onları Vətənin dar günündə məhz Ayaz kimi cəsur və döyüşkən olmağa sövq edir. Bununla yanaşı, kəndin girəcəyində şəhid Ayaz Şirəli oğlu Yusubovun adını əbədiləşdirmək məqsədilə xatirə bulağı inşa olunub.Ayazın soyuq məzarı olmasa da, bu məkanın onun ruhuna hörmət və ehtiram ünvanı kimi əbədi tanınacağı şübhəsizdir. İndən belə yolu burdan keçən hər kəs,  bir anlığa da olsa, ayaq saxlayacaq, bulağın suyundan içib nakam şəhidimizi ehtiramla anaraq ruhuna dualar oxuyacaq.

P.S. Şəhid bulağını şəxsi vəsaiti hesabına inşa etdirən iş adamı İlqar Baxşiyevə doğmaları, eləcə də bütün kənd sakinləri adından təşəkkür edirik. 

Mirbağır Yaqubzadə,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az