Marquşevan DÖYÜŞÜ- Ermənilərin "Xocalının qisası" adlandırdıqları DÖYÜŞ
Dünya erməniliyinin rəsmi matəm günü kimi qeyd etdikləri hadisə...
28 il əvvəl bu gün Marquşevan döyüşü baş vermişdi.
1992-ci ilin aprel ayına qədər erməni terrorçuları Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı çoxsaylı soyqırımılar, qətliamlar törədib, etnik təmizləməni əsasən başa çatdırmışdılar.
Aprelin 7-i "Arabo" terrorçu dəstəsi Kəlbəcərin Ağdaban kəndinə soxulub, dinc əhalini, bu sırada qadınları, uşaqları, yaşı 100-ü keçmiş qocaları qətl etmiş, kəndi yandırmışdılar.
Heç bir hərbi zərurəti olmayan bu basqınların məqsədi terror vahiməsi ilə azərbaycanlı əhalini yaşayış yerlərini tərk etdirməyə məcbur etmək idi.
Azərbaycan dövlət hakimiyətinin tamamilə iflic vəziyətdə olduğu bu dövrdə Qarabağda əhalinin müdafiəsi təşkil olunmurdu, vahid komandanlıq və hərbi planlaşdırma yox idi, peşəkar hərbi kadrların, silah-sursatın, rabitə vasitələrinin kəskin qıtlığı, panika və nizam-intizamsızlıq şəraitində özünümüdafiə dəstələrimiz erməni terrorçularına qarşı kortəbii, pərakəndə şəkildə mübarizə aparırdılar.
Belə şəraitdə Tərtərdə və Bərdədə yerləşən könüllü dəstələrin komandirləri Mehman Ələkbərov (Gəncə batalyonu), Ələmşah Məmmədov ("Azadlıq” batalyonu) və Şahin Tağıyev ("Milli Qurtuluş” batalyonu) Tərtər şəhərindən 3 km məsafədə yerləşən və rayonu daim atəş altında saxlayan Leninavan (Marquşevan və Marağa kəndlərindən ibarət) qəsəbəsinə aprelin 10-u hücum təşkil etdilər. Hücumun məqsədi qəsəbədə yerləşən erməni dəstələrini darmadağın etmək və əsirlər götürüb, onları azərbaycanlı dinc əhalidən olan əsirlərə dəyişmək idi.
Aprelin 10-u səhər tezdən, cəm sayı 400 nəfəri keçməyən, yüngül atıcı silahlardan və bir neçə əl qumbaraatanından başqa silahı olmayan bu dəstələr 366-cı alaydan qalan tank, PDM və BTR-ə silahlanmış, özlərindən daha güclü düşmən üzərinə hücuma keçdilər. Birinci hücum uğursuz başa çatdı. Daha sonra hücuma Elçin Əliyevin komandir olduğu Bərdənin özünümüdafiə batalyonu və OMONun çevik zirehli dəstəsi, 1-ci bölüyünün döyüşçüləri və Tərtər polisi əməkdaşları qoşuldular.
Müharibədən əvvəl 5 min əhalisi olan bu iri qəsəbənin müdafiəsi ikinci hücumdan yarıldı və şiddətli küçə döyüşləri aparıldı. Qəsəbədə yerləşən düşmən qüvvələri çoxsaylı itkilərə uğradılaraq, məğlub oldular, salamat qalanları qaçdılar. Eyni zamanda qəsəbədən çoxsaylı əsirlər ələ keçirildi və avtobuslarla və piyada Tərtərə aparıldılar.
Lakin qəsəbəni alandan sonra saxlamaq planlaşdırılmadığına görə saat 17.30-a qədər dəstələrimiz Marquşevanı tərk etdilər.
Bu döyüşdə könüllü dəstələrimiz də itki verdilər. Gəncə batalyonu sıralarında döyüşən Şahlar Hüseynov qəhramancasına Şəhid oldu. Ölümündən sonra Azərbaycanın Milli Qəhramanı adına layiq görülüb. Gəncə şəhərində küçələrdən biri Şahlar Hüseynovun adını daşıyır.
Azərbaycanın Milli Qəhramanı Şahlar Hüseynov
Həmin döyüşdə OMON-çu Valeh Müslümov qəhramancasına Şəhid olmuş, ölümündən sonra Azərbaycanın Milli Qəhraman adına layiq görülmüşdü. Lerik rayonunda Valehin bitirdiyi 2 nömrəli orta məktəb və Lerik rayonunda küçə Milli Qəhramanın adını daşıyırlar.
Azərbaycanın Milli Qəhramanı Valeh Müslümov
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.
P.S. O zamandan 10 aprel ermənilərdə rəsmi ümummilli matəm günüdür. Onlar bu hadisəni "Marağa qətliamı” adlandırır və "azərbaycanlıların Xocalının qisası” hesab edirlər. Lakin, təəsüf ki, bundan dərs çıxarmayıblar. Cəbhədə kəskinləşmə baş verəndə erməni işğalçıları dinc əhalimizi hədəfə alır, kənd və şəhərlərimizi artilleriya atəşinə tuturlar. Müharibə, beynəlxalq qanunlara və müharibə adətlərinə uyğun aparılmalıdır, müharibə zonasında yaşayan dinc əhali hədəfə alınmamalıdır, nəzarətə alınan ərazidə mülki əhaliyə zərər minimuma endirilməlidir. Ancaq qarşımızdakı düşmən bizə qarşı ənənəvi yox, əsl terror müharibəsi aparır.
Nazim Bayramov
Marquşevan döyüşünün iştirakçısı,
Qarabağ qazisi