Suverenliyimizin təminatı ola biləcək silahlar- Qanadlı, ballistik, 1000 km...

Suverenliyimizin təminatı ola biləcək silahlar- Qanadlı, ballistik, 1000 km...

Son hadisələr göstərdi ki, heç olmasa 1000 kilometr mənzilli, konvensional başlığı 500-700 kiloqram trotil effekti olan ballistik raketləri olmayan ölkə öz suverenliyini qorumaqda çox acizdir. Əlbəttə, ideal vəziyyətdə həmin mənzilli və həmin  "güclü" qanadlı raketlərin də olması yaxşı olar. Lakin bu raketlər qat qat daha bahalı olduğundan, onun zəruriliyinin tələbini qoymuram. Əvvəlcədən vacib bir qeyd edim ki, xırda dövlətlər,  əsasən,  öz suverenliyini müxtəlif strateji bloklarda iştirak etməklə, çoxvektorlu, düşünülmüş, balanslaşdırılmış siyasət yürütməklə qorumalıdır. Əlbəttə, neytral, bloklara qoşulmayan dövlət statusu da gözəldir. Lakin bu status həmin dövlətin təhlükəsizliyinə heç bir təminat vermir. Hətta dinc dövlətlərlə əhatə olunmuş klassik neytral dövlətlər İsveçrə və İsveç çox militarist dövlətlərdir. Çünki ümidləri yalnız və yalnız özlərinədir.  Amma sən  vətəni sifarişlə seçmirsən. Dövlətin yerləşdiyi geopolitik məkan elə ola bilər ki, heç bir blok və balans siyasəti səni məntiqli motivi olmayan  ultimatumdan və heyvani  aqressiyadan qoruya bilməz. Bu halda elə bir zərbə silahın olmalıdır ki, düşmənin sənin sərhədlərində soxulmaq üçün cəmləşdirdiyi operativ qruplaşmanın  idarəetmə-komanda məntəqələrini, arxa cəbhə logistkasını, sursat daşımaq üçün strateji  infrastrukturunu(dəmir yol qovşaq stansiyalarını, limanlarını, dairə silah ambarlarını və arsenallarını), qruplaşmanın  yanacaqla təmin edən bazaları, bombardmançı və qırıcı aviasiyasının qalxdığı nəinki sıçrayış aerodromlarını, həm də dinc dövr dislokasiya aerodromlarını preventiv zərbə ilə məhv etmək imkanı olsun. O halda, soxulmaq üçün hazırlanmış operativ birləşmə maksimum döyüş komplektini özü ilə götürərsə belə, 10-15 günlük döyüşlərdən sonra öz döyüş qabiliyyətini heç böyük insan itkiləri vermədən də itirəcək. 

Əgər hər hansısa bir dövlət bu qüdrətə malikdirsə, hətta özündən bir neçə qat böyük olan qonşuları da ona qarşı aqressiv planın ən azı 60-70 min hərbi qulluqçusunun itirilməsinə səbəb olması ehtimalının böyük olduğundan, bu fikrindən vaz keçər. Çünki bu preventiv tədbir onun müharibədə məğlubiyyətinə səbəb olacaq. Hətta dünyanın hansısa nüvə silahı olan fövqəl dövlətinin də sənə qarşı aqressiv planı olarsa, nüvə silahını tətbiq etməsə, sənə qalib gəlməsinə ümidi olmayacaq. Bu çox böyük cəkindirici bir faktordur. 
 
Əlbəttə, yüksək təlim görmüş ordu olmasa, bu silahın tədarük olunmasının çox az bir çəkindirici effekti olacaq. Yüksək təlimli ordun varsa, bu silahın yoxdursa, aqressiv siyasət yürüdən böyük dövlətlər özlərinin məsafədən güclü zərbə imkanlarına malik silahlarına arxayın olaraq,  yenə də sənə hücum etməyə çəkinməz. Bizim ölkəmizin intellektual səviyyəsi çətin də olsa, imkan verir ki, bu sahədə işlərə başlayıb, bir neçə ildən sonra kafi keyfiyyəti olan nümunələri istehsal edə bilsin. Qiymətlər dünya bazarındakı analoji məhsuldan 10-30 dəfə ucuz ola biləcəyindən, kütləvi istehsal edərək ölkə qarnizonlarına dağıda bilər. Burada heç seçim də yoxdur. Çünki, analoji məhsul satılmır. Çünki Raket texnikasının yayılmasına qarşı imzalanmış paktla onun hansısa başqa ölkəyə satışı qadağandır. 

Şəkildə- Azərbaycanın istehsal təcrübəsi olan bir raket silahı növü. Hava-Yer tipli X-25 raketi.  Bütün istehsal zənciri bizdə olmayıb, amma müəyyən bünövrənin olmasını göstərir.

Vüqar Seyidov
Ehtiyatda olan zabit 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az