Kərbəla vaqeəsində Hürr Riyahi nümünəsi – İmam Hüseynin qətlə yetirilməsindən 1344 il keçir

Kərbəla vaqeəsində Hürr Riyahi nümünəsi – İmam Hüseynin qətlə yetirilməsindən 1344 il keçir

Miladi tarixi ilə Kərbəla vaqeəsinin ildönümü bugündür. Aşura 680-ci il oktyabrın 10-da baş verib.

Kufəyə doğru hərəkət edən Hüseyn ibn Əlinin dəstəsinə qarşı vali Übeydullah ibn Ziyad əvvəlcə 1000 nəfərlik qoşun göndərmişdi. Hürr ibn Yəzid Riyahinin rəhbərlik etdiyi bu qoşuna Hüseyni gözdən qoymamaq tapşırılmışdı.
Hürr haqqında məlumat azdır. Onun Kufənin sayılıb-seçilən adamlarından biri və Banu Təmim tayfasından olduğu söylənilir.

Hürrün qoşunu və imamın dəstəsi Zu Husam adlı yerdə qarşılaşdılar. Əvvəlcə onlar arasında düşmən münasibət yox idi. Hüseyn özünün su ehtiyatını Hürrün böyük qoşunu ilə bölüşdü və bu, sonra Kərbəlada susuzluqdan əziyyət çəkməsinə səbəb oldu. Namaz vaxtı Hürrün dəstəsi Peyğəmbər nəvəsinin arxasında durub namaz qıldı.

Hüseyn ibn Əli və dəstəsi Kufəyə doğru hərəkətini davam etdirdikdə Hürr və qoşunu da onu müəyyən məsafədən müşayiət edirdi. Məhərəmin 2-də qafilə Kərbəla adlı yerə çatdıqda ibn Ziyaddan Hürrə yeni əmr gəldi: Hüseynin dəstəsinin hərəkətini dayandırmaq, mühasirəyə almaq. Az sonra vali Kərbəlaya Ömər ibn Səədin komandanlığı altında 4 minlik qoşun göndərdi və Hürr də ibn Səədin tabeliyinə keçdi.

Aparılan danışıqlar zamanı Hüseyndən xəlifə Yezidə biyət etməsi tələb olundu, bunun müqabilində sağ-salamat geri qayıdacaq, üstəlik hər ay xəlifədən pul alacaqdı. İmam isə bundan imtina etdi və belə olduqda, ibn Ziyaddan gələn növbəti əmr Hüseynin dəstəsini qılıncdan keçirmək haqqında oldu.

Hürr Riyahi bütün bu müddət ərzində qarşıdurmanın sülh yolu ilə nəticələnəcəyinə ümid edir, xəlifə qoşununun Peyğəmbər nəvəsini öldürməyə cəsarət edəcəyinə inanmırdı. İbn Ziyadın son göstərişi onu sarsıdır. Məhərrəmin 10-da (oktyabrın 10-da) səhər Hürr atına minərək Hüseynin çadırına tərəf gedir.

Rəvayətə görə o, Hüseynə deyir: "Ey Allah Rəsulunun övladı mən o kəsəm ki, sizi bura gətirdim və sizi burada naçar buraxdım. İşin burada gələcəyini bilsəydim, Allaha and olsun ki, heç vaxt bunu etməzdim. Mən tövbə edirəm. Allah məni bağışlayarmı?”. Hüseyn də buna "bağışlar” cavabını verir.

Hürr imamın ümidsiz vəziyyətdə olan, xilasına heç bir şans olmayan dəstəsinə qoşulur və qeyri-bərabər döyüşdə həlak olur. Halbuki xəlifə tərəfdə qalsaydı, yəqin ki, döyüşdən sonra böyük ənam alacaqdı. Amma adı da əsrlər boyu Yezid ibn Müaviyə, Übeydullah ibn Ziyad, Ömər ibn Səəd, Şimr ibn Zilçövşən kimi lənətlə anılacaqdı.

Şah İsmayılın Hürrün qəbrini açması, sonra üzərində məscid tikməsi və "Şah Xətai gəştə çıxdı, açdı Hürrün qəbrini/ Bar ilahi əfv qıl, kim tövbəkarəm, doğrusu” beyti ilə bitən şeir yazması haqqında əhvalatı da yəqin bilirsiniz.

Şəkildə Hürr Riyahinin məzarı üzərindəki məsciddir.
Yadigar Sadıqlı

Yazı müəllifin "facebook” səhifəsindən götürülüb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az