Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov "Yeni Müsavat”a bildirdi ki, Müdafiə Nazirliyində əməliyyat paketi hazırlanır və saxlanılır: "Müharibə başladığı halda əvvəlcədən hazırlanmış xəritə üzərində planlar olur. Bu planları, xəritələri Baş Qərargah rəisinin tabeliyində olan Baş Əməliyyat İdarəsi hazırlayır. Döyüş başladıqda plana uyğun olaraq əməliyyatlar həyata keçirilir. 27 sentyabrda Ermənistan Azərbaycan Ordusunun bölmələrinə qarşı genişmiqyaslı hücuma başlayanda Müdafiə Nazirliyinin Baş Qərargahında ya nəzərə almamışdılar ki, Ağdərə istiqamətində düşmənin 21 mindən artıq canlı qüvvəsi var idi, ağır texnikaları bu istiqamətdə daha çox cəmləşmişdi, ərazi həddən artıq minalanmışdı, düşmən çox güclü mühəndis istehkam işlərini burada həyata keçirmişdi. Bəlkə də ordumuzu elə ilk günlərdəcə ağır itkilərə məruz qoyub məğlubiyyətə uğratmaq üçün Baş Qərargah rəisinə tabe olan Baş Əməliyyat İdarəsi qəsdən əməliyyatlara məhz bu ərazidən başlamaq planını hazırlamışdı. Əməliyyat planını Baş Qərargah rəisinin xəbəri olmadan, onun təsdiqi olmadan hazırlamaq mümkün deyil. Deməli, Murovdağ silsiləsindən Ağdərə istiqamətinə əməliyyat planı, məhz bu ərazidən ilk olaraq əməliyyata başlamaq planı xəyanət olub. Xatırlayırsınızsa, müharibənin ilk günündə xəbərlər gəlməyə başlamışdı ki, ordumuz Kəlbəcər istiqamətində döyüşür və ilk gündə xeyli sayda canlı itkilər var. İndi general-polkovnik Elçin Quliyevin açıqlamasından məlum olur ki, bəli, əməliyyat bu ərazidən başlayıbmış, ancaq təcili surətdə əməliyyat planına Ali Baş Komandan tərəfindən kəskin dəyişiklik edilib və məhz bundan sonra ordumuzun uğurları başlayıb, zəfər yolu üzümüzə açılıb. Demək, belə çıxır ki, Nəcməddin Sadıxovun planının üstündən ən yüksək səviyyədə xətt çəkilib. Mən aldığım məlumata görə, Nəcməddin Sadıxov 1-ci ordu korpusunun komandiri general Hikmət Həsənova belə göstəriş veribmiş. Lakin Hikmət Həsənov Ali Baş Komandan İlham Əliyevə vəziyyəti məruzə edib deyib ki, Nəcməddin Sadıxovun irəli sürdüyü əməliyyat planı ilə hərəkət edilsə, itkilərimiz çox olacaq. Hikmət Həsənov və Hava Hücumundan Müdafiə Hərbi Hava Qüvvələrinin komandanı general Tahirov məhz bundan sonra döyüş əməliyyatlarının gedişi zamanı Nəcməddin Sadıxov tərəfindən vəzifələrindən kənarlaşdırılıblar. Prezident İlham Əliyevə bu barədə xəbər çatan kimi hər iki generalı öz vəzifələrinə qaytarıb və əməliyyat planını dəyişdirərək döyüşlərin Araz boyu istiqamətindən aparılması bu əməliyyata uyğun olaraq həyata keçirilib. Nəcməddin Sadıxov isə faktiki olaraq həmin andan vəzifə səlahiyyətlərindən məhrum edilmişdi. Azərbaycan Ordusunun qələbəsində haqqında söhbət gedən əməliyyat planının Prezident tərəfindən dediyimiz istiqamətdə dəyişdirilməsinin çox ciddi rolu olub”.
Rövşən Məhərrəmov vurğuladı ki, Nəcməddin Sadıxov və onun bacısı oğlu general Ramin Əsgərovu Rusiyadakı müəyyən hərbi-siyasi dairələrin müdafiə etdiyi, qoruduğu, həbsinə imkan vermədiyi barədə dəfələrlə mətbuatda yazılar dərc olunub, açıqlamalar verilib: "Mənim özüm də bu barədə açıqlamalar vermişəm. Onların cinayət xarakterli bu və ya digər çoxsaylı əməllərə yol verdikləri haqda dəfələrlə yazılıb, deyilib. Lakin bu günə qədər ancaq vəzifələrindən uzaqlaşdırılmaqla cəzalandırılıblar. Hazırda ordumuzda zaman-zaman baş verən müəyyən proseslər barədə hüquqi araşdırmalar aparılır, vaxtaşırı həbslər həyata keçirilir. Bu araşdırmalar hələ bitməyib. Məncə, tam şəkildə araşdırmalar başa çatdıqda əgər Nəcməddin Sadıxqovun cinayətə yol verdiyi sübuta yetirilsə, ona qarşı hüquqi müstəvidə ciddi tədbir görülməsi qaçılmaz olacaq. Bəli, Azərbaycanda "5-ci kolon" fəaliyyət göstərir. Onlar bütün gücləri ilə proseslərə mane olmağa çalışırlar".