"İndi gör, yol boyu nə gündədi yol..."- Paşa Talıblı
Müjdənin qara yolu...
Dedilər, bu gələn şahın oğludu...
...açılması müşkül düyündədi yol!
Alt dodağınacan yola qarışır...
İndi gör, yol boyu nə gündədi yol!
Babalına qalmış yoldu, neyləsin...
Babalına büksün qolu zorluyu?
Aldığı nəfəs də yola qarışır...
Bu gələn gör necə yolu korlayır!
Yolun da xası var, yolağası var...
Nə yaxşı demirmi adı heç nə, bəs?
Deyirlər, bu gələn şahın oğludu...
Amma bulud-bulud atı kişnəməz!
Unudulmağa əlac yox...
...qanadsız uçmaq olsaydı
bir qanadlı quş olmazdı.
...divarları daş olmasa
qəsrlər də boş olmazdı.
...ağaclar belə bilsəydi
yol olardılar...ağac yox!
...ümid var yara sağalsın,
unudulmağa əlac yox!
Nə yaxşı ömür var hələ...
...payız rəngində od durur!
Bu yağan yağışlar mənə
göy üzünü unutdurur!..
Qumru quşu...
...canımdakı körpə andlar
yuvası yumru huşuydu!
...neylədin o quşu, zalım-
quşcuğaz qumru quşuydu!
...neylədin o quşu, zalım?
Qanadında tarım vardı.
...dağı düzdə, ahı çöldə
yağır könlü tarımardı!
...inzivalar ağ üzünə,
qarasına qarı yellər!
Buna ömürdü deməzlər,
buna nə derlər, nə derlər?
Dərd havaları...
Havanı yozanlar bəstəçilərdi...
...oxuduğu bəlli, avazı yaxşı!
...aza qalan ömrün havası qəmgin,
yaza qalan ömrün havası yaxşı!
Bir gün xoş gələcək havam mənə də...
Gəlməyə bəhanə tapıb gələcək!
İndi bilmək olmur havaları da...
Bilmək olmur hardan qopub gələcək.
İndi bilmək olmur havaları da...
...buluddan ya yurddan qopacağını!
Hava bürosu da deyirdi o gün-
havaların dərddən qopacağını!
Günəşdən də xəbər yoxdu...
Bura bir ölü məmləkət,
heç nə olmayan ərazi.
Hər şey bir-birinin tərsi,
hər şey bir-birinə asi!
...cansızdı mənbəyinəcən-
canında yoxdu hərəkət.
...kimsəsizlik, heçnəsizlik-
bura bir ölü məmləkət!
...tikəsi də tikə-parça,
içi bomboş, çölü lüm-lüt!
...bir ümid başıbaşına
kaktus rəngində bir ümid!
Giley də eləmək olmur...
Elədikcə giley ölür!
...bura bir ölü məmləkət,
bir məmləkət-hər şey ölü!
Paşa Talıblı