Ərdoğan təklif edib, Ermənistana şans verilir... - Prezident

Ərdoğan təklif edib, Ermənistana şans verilir... - Prezident

Biz gücümüzü bilirdik və bilirdik ki, biz bu məsələni güc yolu ilə həll edə bilərik. Ermənistan isə buna inanmırdı. İndi də hələ gec deyil. Yeni yaranmış reallığı düzgün dərk etsin, bu reallığa görə addımlar atsın, xəritəyə baxıb öz yerini orada tapsın, əgər tapa bilərsə, bir nöqtədir xəritədə və buna uyğun addımlar atsın. Belə olan halda, əlbəttə ki, bölgədə genişmiqyaslı əməkdaşlıq mümkündür.

Miq.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində "Zəngəzur dəhlizi Ermənistanın normallaşma əlaqələrinə başlaması üçün bir şərtdirmi?" sualını cavablandırarkən deyib.

"Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına, əlbəttə, biz istəyirik ki, bütün bölgədə sülh olsun. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi 3+3 platforması hesab edirəm ki, bunun ən gözəl yolu ola bilər. Ancaq Ermənistan hələ ki, buna razılıq verməyib. İndi bu, Türkiyə Prezidenti tərəfindən səslənir, Ermənistana şans verilir. Azərbaycan bunu dəstəklədi, Rusiya dəstəklədi, İran dəstəklədi, ancaq Ermənistan bunun əleyhinə çıxır. Bunun əleyhinə çıxan Ermənistan indi bəyan edir ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir. Əgər normallaşdırmaq istəyirsənsə, sən, ilk növbədə, bu təklifə müsbət cavab ver. Əks təqdirdə, burada yenə təzad yaranır, yəni, anlaşılmazlıq yaranır. Əgər nə vaxtsa Ermənistan tərəfindən səslənən rəsmi açıqlamalar gerçək siyasətlə uzlaşsa, o zaman, əlbəttə ki, təhlil etmək daha asan olacaq. Bir də siz də yaxşı bilirsiniz ki, Ermənistan konstitusiyasında Türkiyəyə qarşı torpaq iddiası var, ondan əl çəkməlidir. Öz konstitusiyasını yenidən işləyib qəbul etməlidir. Ermənistan kimi gücsüz və bu gün tamamilə darmadağın edilmiş ölkə Türkiyə kimi nəhəng ölkəyə qarşı necə torpaq iddiasında ola bilər? Bu, psixi xəstəliyə bənzəyən bir şeydir. Ona görə Türkiyəyə və Azərbaycana qarşı iddialardan əl çəkməlidirlər. Azərbaycanla olan münasibətləri normallaşdırmalıdırlar və mən əminəm ki, Türkiyə tərəfi hər zaman bölgədə sülhün və genişmiqyaslı əməkdaşlığın tərəfdarı olub. Bu gün də belədir və Türkiyədən çox müsbət siqnallar gəlir.

Amma Ermənistanda bunu gərək çox düzgün dəyərləndirsinlər. Təəssüf ki, İkinci Qarabağ müharibəsindən əvvəlki iki il ərzində Azərbaycan tərəfindən verilən müsbət siqnallar orada yanlış anlaşıldı - bir zəiflik kimi, bir gücsüzlük kimi. Biz, sadəcə olaraq, qan tökmək istəmirdik. Biz gücümüzü bilirdik və bilirdik ki, biz bu məsələni güc yolu ilə həll edə bilərik. Ermənistan isə buna inanmırdı. İndi də hələ gec deyil. Yeni yaranmış reallığı düzgün dərk etsin, bu reallığa görə addımlar atsın, xəritəyə baxıb öz yerini orada tapsın, əgər tapa bilərsə, bir nöqtədir xəritədə və buna uyğun addımlar atsın. Belə olan halda, əlbəttə ki, bölgədə genişmiqyaslı əməkdaşlıq mümkündür", - dövlət başçısı bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az