“Azərbaycan istədiyini Paşinyana imzalatdırıb, qoşunlarımız çıxmalıdır” - Erməni general
Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş birinci müavini, general-leytenant Tiran Xaçatryan üçtərəfli bəyannamənin mətnində anklavların Azərbaycana verilməsi ilə bağlı müddəalara qarşı çıxıb.
Yenisabah.az Sputnik Armenia”ya istinadla xəbər verir ki, general bu barədə müsahibəsində deyib.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanın dünənki bəyanatını şərh edib.
"Eyni zamanda bir az təəccübləndim və əsəbiləşdim. Dedim ki, anklavların təhvil verilməsinin və ya həmin əraziləri tərk etməyin atəşkəsə nə aidiyyəti var? Müəyyən müzakirə oldu, ondan sonra mən şəxsən keçmiş müdafiə naziri Davit Tonoyanla danışdım. Mənimlə telefon danışığı zamanı o, Nikol Paşinyana dedi ki, heç olmasa həmin anklavların bir qismi sənəddən silinsin”, - Xaçatryan vurğulayıb.
O qeyd edib ki, Paşinyanın nə düşündüyü və nələri razılaşdırdığını bilmir:
"Lakin bəyanatın mətnində anklavlarla bağlı bəndi görərək, erməni qoşunlarının hansı ərazilərdən çıxmalı olduğunu bilirəm. Məsələn, Qubadlı və Laçın yaxınlığındakı mövqelərimizi tərk etməmək təklifi var idi. Orada yaxşı mövqelərimiz var idi. Bunun müqabilində azərbaycanlılara təklif etdik ki, ərazilərimizdə nəzarətə götürdükləri yüksəkliklərdən çıxsınlar. Amma bu da qəbul olunmadı”, - deyə general bəyan edib.
Xaçatryan izah edib ki, o zaman həmin təkliflər kağız üzərində yazılmayıb, çünki vəziyyət çox sürətlə inkişaf edirdi:
"Sonradan təbii ki, bütün bunlar sənədləşdirildi, imzalandı, amma əvvəldən təklif Nikol Paşinyana şifahi təqdim olunub”.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 22-də jurnalistlərlə görüşündə açıqlayıb ki, Ermənistan Azərbaycanın 86,6 min kv.km.ərazisi olan ərazi bütövlüyünü tanıyır və Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisinə Qarabağın da daxil olduğunu bəyan edib.