“Azərbaycan İsrailin yaxşılığına yaxşılıqla cavab verməlidir” – Deputat

“Azərbaycan İsrailin yaxşılığına yaxşılıqla cavab verməlidir” – Deputat

"Soruşurlar ki, İsrailin Məscidi-Aksada apardığı əməliyyata münasibətiniz nədir? Qətiyyətlə pisləyirəm. Bu problemin bir an öncə çözülməsi hamıdan çox İsrailin faydasınadır. Çünki çevrədə nə qədər narazı etnik və ya dini topluluq olacaqsa, İsrailin də rahatsızlığı o qədər olacaq”.

Miq.Az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Fələstin məsələsi beynəlxalq hüquqa uyğun olaraq öz həllini tapmalıdır:

"Bununla belə, İsrailin Azərbaycan siyasətini və Azərbaycanın İsrail siyasətini tam dəstəkləyirəm. Qarşılıqlı faydaya əsaslanan bu siyasətin faydalı nəticəsini biz bir dövlət olaraq 44 günlük savaşda daha bariz şəkildə gördük. Müsəlman təəssübkeşliyi vacibdir, ancaq ilk növbədə səninlə dost olanın təəsübkeşliyinə önəm verməlisən. Bu türk də ola bilər, müsəlman da, yəhudi də, xristian da, buddist də!

Pakistan bizdən xeyli uzaqdadır. Dilimizi də anlamırlar, dillərini də anlamırıq. Ancaq könlümüzə ən yaxın ölkələrdən oldu. İsrail müsəlmanların xeyli hissəsinin düşmən saydığı dövlətdir. Yəhudilərə də münasibətdə barışmaz bir durum özünü göstərir. Ancaq hansı səbəbdən olur-olsun Azərbaycanı həm dövlət olaraq, həm də millət olaraq beynəlxalq arenada müdafiə etdilər, yeni silah texnologiyalarını bizdən əsirgəmədilər və savaşda qalib gəlməyimizdə bu amil mühüm rol oynadı. Demək ki, biz də Azərbaycan olaraq bu yaxşılığa yaxşılıqla cavab verməliyik”.

Fazil Mustafa Azərbaycan-Türkiyə münasibətlərinə də diqqət çəkib:

"Türkiyə mövzusunda nəyisə xatırlatmaq yersiz olardı. Canı bir, qanı bir, ruhu bir qardaşlarımızdır. Biz bu üç dövləti ayrıca fərqləndirsək də, başqaları ilə də normal dostluq, qonşuluq, əməkdaşlıq münasibətlərini irəlı aparmaqdan yanayıq.

Rusiya, İran, Gürcüstan, Ukrayna, Belarus, Macarıstan və sair ölkələrdə dostluq əlaqələrimiz çox vacibdir. Əlbəttə, bu siyahıda Orta Asiyanın türk dövlətlərini, Əfqanıstanı ayrıca qeyd etməyə də gərək yoxdur. Onlar da imkanları daxilində Azərbaycana qardaşlıq dəstəyini göstərirlər.

Ermənistana gəldikdə isə, az qalır, onu dost olmasa da, tərbiyəli qonşu olmağa məcbur edəcəyik. Bir sözlə, bütün məsələlərə Azərbaycanmərkəzli baxışı olmayanların niyyəti Azərbaycansevərliklə uzlaşmır demək”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az