Azərbaycan futbolu: DÜNƏN və BU GÜN
Əvvəlcə onu deyim ki, mövzum həm dərindir, həm də bir əsrlik tarixə malikdir. Haqqında söhbət açacağım tarix Azərbaycan futbolunun 118 illik bir dövrün yarı əfsanə, yarı nağıl olaraq davam etdiyi yazılmış tarixidir. Niyə görə yarı əfsanə, yarısı nağıl? Elə bu sualıma cavab tapmaq üçün kiçik bir araşdırma etdim.
1911-ci ildə ingilislərin Bakıya gəlməsi yerli əhali arasında bu idman növünü sevdirə bilmişdi. Məsələn, elə ölkəmizdə ilk futbol komandası olan "Britaniya klubu”ndan, bu günkü "Qarabağ” klubuna olan dövrə bir qədər səyahət edək.
Futbolumuzun çətin və əziyyətli keçib-gəldiyi illərə nəzər salaq. 1937-ci ildən neft şəhəri kimi şöhrət qazanan Bakıda, bu sahədə çalışanlar yeni futbol komandası yaratdılar. İlk dəfə adı "Neftyannik” adlansa da, sonradan "Neftçi” ilə əvəz olundu. Təcrübəsizlik səbəbindən, 1951-ci illərdə Azərbaycan futbol tarixinə ən dramatik klub kimi daxil oldu. 1991-ci ildə verilmiş statistikaya əsasən, klub 884 matç keçirib. Onların 361-ni məğlubiyyətlə, 270-ni isə heç-heçə başa vurub. Bu oyunlarda rəqib komandadan 907 top keçirən komanda, öz qapısından 1141 qol buraxıb. Düşünəndə ki, ağır illərdə bu qədər inkişaf edən futbolumuz hələ də elə böyük uğura addım atmayıb, insanda belə təsəvvür yaranır ki, bugünə miras qalan sadəcə tragikomik əyləncədir.
Azərbaycanın Ağdam şəhərini təmsil edən digər bir klub 1951-ci ildə "Məhsul” adı ilə yaranmış "Qarabağ” komandasıdır. 1992-ci ildən Azərbaycan Premiyer liqasında mübarizə aparan bu klub 6 dəfə çempion olmuşdur. Klubun peşəkar idman təşkilatı kimi formalaşdırılmasında ciddi işlər görülüb. 1967- ci ildən "Qarabağ” futbol klubunda oynayan Elbrus Osman oğlu Abbasov kluba öz töhfəsini vermiş şəxslərdəndir. Bir müddət "Qarabağ” klubunu çalışdıran E. Abbasov bu komanda ilə Azərbaycan çempionu olub. O, həmçinin Gəncənin "Dinamo” komandasının, "Neftçi” güclülər dəstəsində böyük əməyi olub. 1976-cı ildə rəqib qapısına 28 qol vurub. Sonralar məşqçi kimi fəaliyyət göstərib.
Azərbaycanın ən yaxşı bombardirlərindən olan E. Abbasov Azərbaycan futbolunun indiki klubları haqqında fikirlərini soruşduqda isə öz narazılığını bildirdi.
"Azərbaycan futbolunun əsl çətin illəri indidir. Biz futbol oynayanda, iynə atsan yerə düşməzdi. Stadionun hər tərəfi dolu olardı. Bu gün birinci, ikinci yerdə gedən komandalarımız oynayır. Lakin, stadionda 15-20 nəfər izləyici olur. Milli komanda bugün 1 xal toplayır. Dünyanın ən tanınmış məşqçilərindən olan Karlos Alberto Torres, Berti Foks, Brasnetski, 3 dünya ulduzu Azərbaycanda məşqçilik etdi. Nə bir futbolçu əmələ gəldi, nə də bir məşqçimiz oldu. Bugün məşqçilər bir komandadan, digərinə keçir. Mən öz vəsaitimlə Ağdam rayonunda stadion tikdim. Bu meydançanı yaratmağa icazə də vermirdilər. Öz gücümə tikdiyim bu yeri, hətta bir dəfə dağıtdılar. Mən yenədə niyyətimdən dönməyib, 2013-cü ildə Ağdamın Quzanlı qəsəbəsində yerləşən idman kompleksinin yanında inşa etdim. Öz hesabıma tikdiyim bu yerə 20-25 min pul xərcləmişəm. Mənim məşqçim orada 100 uşağa, 5 komandaya 350 manat maaş alır. Mən bunu gəncliyimizin vaxtını hədər verməmək, futbolla daha çox maraqlanması üçün yaratdım. Biz, bu gün milli komandaya müxtəlif yaş qruplarında 6 nəfər futbolçu vermişik.
İndi bizim əməyi inkar edənlər bilsin ki, 1987-ci ildə indiki komandanı mən yaratmışam və onun adını "Kooperator” dan çox çətinliklərlə dəyişib, "Qarabağ” etdim. Mən 60-70-ci illərdə Ağdamda oynayanda klubun adı "Məhsul” olub. Heç vaxt Qarabağ adı olmayıb. Bu ad Stepanekertdə yəni Xankəndində olub. Hələ o vaxtlar, bizim futbolçularımız Mingəçevir, Gəncə, Lənkəran və Sumqayıtda SSRİ birinciliyinin ikinci dəstəsində oynayıblar. Şahid Həsənov, Elçin Xudatov, Elşad Əhmədov kimi oyunçuları yığdıq və 1987-ci ildə həm çempion olduq, həm də SSRİ birinciliyinə nail olduq. Bizim Yerevan- Araratla oyunumuz keçirilib və həmin oyunda ulu öndər Heydər Əliyev stadionda oturub. Yerevanın birinci katibi Karen Dəmirisyan da tamaşaçılar arasında izləyib və mən onların qapısına 2 dənə top vurmuşam. Oyun qurtardıqdan sonra, ulu öndərimiz mənə ev, maşın, mebel verib. O dövr bütün SSRİ-də məşhur olan 1976-cı ildə çıxan "Futbol-xokkey” qəzeti birinci səhifəsində mənim şəkilimi "Elbrus- Elbrusa qarşı” başlığı ilə vermişdi.
1988-ci ildə mənim başqa işə təyin olunmağım ilə əlaqədar olaraq komandanı Ağasəlim Mircavadova təfil verdim. Adil Nadirov kimi məşqçi gözü ilə od götürüb desəm yanılmaram. Bu komandanın üzərində məndən də qat-qat çox əziyyəti olub. Bu gün futbolumuzun belə zəif olması heç kimin yerində olmamasıdır. İndi bizim AFFA nümayəndəliyinə gedən 15 nəfər arasında, yalnız 3 nəfəri futbolçudur. Bu gün həmin insanlar Elbrus Abbasov, Asif Əliyev və Maşallah Əhmədov kimi şəxslərdir. Sovetlər birliyi dağılandan sonra, Xəzər-Lənkəran, Masallı-Viləş, Bakı klubu, Zaqatala, Şəmkir, Tovuz kimi klublarımız var idi. Ölkənin ikinci şəhəri olan Gəncənin yüksək liqada komandası yoxdur. Bu gün Qarabağın rəhbərliyi məni tanımırsa, demək ki futbolun vəziyyəti məlumdur. Eynən mənim kimi bir çox məşqçilər futboldan kənarda qalıblar. Əgər inkişaf istəyiriksə, futbol mütəxəssisləri bir yerə yığılmalıdır. Qeyri peşəkarlar ilə futbol olmaz. Yunis Hüseynov kimi Azərbaycan futbolunun əfsanəsi kənardadır. İnkişaf və qələbələrdən söhbət belə gedə bilməz.”
Həmsöhbətim Elbrus bəydən sonra klublarımızın inkişafı haqqında apardığım araşdırmanı "Qarabağ”ın keçmiş oyunçusu Elfariz İsayev ilə davam etdirdim.
O deyir ki, futbolumuzun çox ağır, çətin günləri olub. Elə günlərimiz olub ki, bir peraşki yemişik lakin gün ərzində əzmlə məşq etmişik. Klubumuzun maliyyə dəstəyi çox zəif idi. Hələ o zamanlar, Azərbaycan futbolunun maliyyə dəstəyi az olan vaxtlar 18 komandamız var idi. Lakin, indi bu qədər vəsaitin çox olduğu yağlı dönəmlərdə komandamızın sayı 8-ə enib. Komandalarımız çox olsa məşqçilərimizdə peşəkar futbolçular yetişdirər. İndiki oyunlarımız futbolumuzu çox aşağı səviyyəyə gətirib çıxarıb. Zaur Qarayev, Mehman Alışanov kimi, Sənan Kərimov kimi mütəxəssislərin işi yoxdur. 1997-ci ildə, Kəpəzlə oynayarkən 11 nəfər Qarabağ komandası düzəlmirdi. Elşad Əhmədov, Müşfiq Hüseyinov kimi oyunçular Qarabağdan olduqlarına görə komanda da qalıb oynadılar. "Qarabağ” ın hər uğuru məni sevindirir. Lakin bu klub çalışsın ki, uğurların sayını artırsın, bir xalla kifayətlənməsin. Adlarını çəkdiyim futbol əfsanələrini daim yaşatsınlar. Yeni gələn nəslə təqdim edib bildirsinlər ki, ilk çempionatı gətirən bizlər olmuşuq. Əgər dünənin bu futbolçuları olmasaydı, komanda dağılmış olardı və indi biz uğurlarına baxıb sevindiyimiz "Qarabağ” yox idi.
Daha sonrakı bir müsahibim isə Müşfiq Hüseyinov oldu. Uşaq yaşlarından futbola həvəs onu Azərbaycanın milli komandasına gətirib. Qarabağın heyətində SSRİ çempionatında, milli çempionatda və kubokda 264 oyuna çıxıb və 151 qolun müəllifi olub. Müsahibim Müşfiq Hüseyinov, futbolun dünənindən bugününə olan fərqi belə izah etdi.
"Biz məsuliyyətimizi dərk edirdik ki, hansı komandanın adından oyuna çıxıb, onu təmsil edirik. Hər dəfə o illərin çətinliyindən söhbət düşəndə, xatırlayıram ki, komandaya qoşulan uşaqlar pul üçün oynamırdılar. Maaş alırdılar, lakin elə böyük məbləğ tələb etmirdilər, o cümlədən fədakarlıq edərək könüllü cərgəyə qoşulmuşdular. Bu fədakarlığa bir çoxlarının adını çəkə bilərəm. Məsələn Səttar, Elşad, Təbriz kimi oyunçuların adlarını sadalamaq olar. Bugün futbol mənim gözümdə keçən illər ilə, müasir dövr arasında çox fərqlidir. Futbolumuzda dəyişən çox nüanslar var. Əvvəllər təkbətək mübarizələrə çox üstünlük verərdilər. Lakin indi oyunlarda taktikiyə fikir verirlər. Maddi-texniki təminat isə hər zaman lazım olub. O olmasa, çox irəliyə getmək olmaz. Mən çox istərdim ki, yüksək liqada klublarımızın sayı artsın. Ümid edirəm ki, gələcəkdə klublarımızın sayı artacaq, oyunçularımız da, məşqçilərimiz də öz sözünü bu meydanda deyəcək.”
Bu yazıma göz gəzdirdikdə və futbolun tarixinə nəzər saldıqda başa düşürəm ki, futbol əfsanə olaraq başlayıb, nağıl olaraq davam edir.
Günay Arifqızı