“5 manat vermədiyimə görə yol polisi məni 40 manat cərimə etdi...”-ŞİKAYƏT...

 “5 manat vermədiyimə görə yol polisi məni 40 manat cərimə etdi...”-ŞİKAYƏT...

Cəlilabad rayon Muğan kənd sakini idarə etdiyi "Kamaz” markalı avtomobilə görə ona haqsız yerə cərimə yazıldığını iddia edir. 
T.Ağayev Miq.Az-a ünvanladığı şikayət məktubunda Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılova müraciət edib.

Müraciətdə deyilir:

"Sizə bildirmək istəyirəm ki, bir neçə ay bundan öncə idarə etdiyim "Kamaz” markalı 15-BX-369 dövlət nömrə nişanlı maşınımla Cəlilabad rayon Göytəpə ərazisindən mişar daşı apararkən, ləğv edilmiş Göytəpə postunun ərazisindən keçərkən polis əməkdaşı tərəfindən maşınımın fotosu çəkilib və mənə 40 manat cərimə yazılıb. Onu da qeyd edim ki, ləğv edilmiş postun yerində yol polisləri özləri üçün dırnağarası post qurublar. Mənə yazılan cərimə tam olaraq əsassızdır, çünki polis əməkdaşı mənim maşınımı saxlayıb, hansı qaydanı pozmağıma görə mənə məlumat verməyib. Bununla yanaşı, cərimə mənə bir neçə ay öncə yazılsa da, ünvanıma heç bir məktub gəlməyib və bir neçə gün öncə mən bundan xəbər tutmuşam. Bu aylar ərzində 40 manat cərimənin üstünə əlavə dəbbə faizi hesablanaraq artıq 100 manata çatıb. Bütün bu haqsızlığın başında isə cəmi 5 manat pul durur.
 
Mən kasıb bir ailənin başçısıyam, 4 övladım var, ikisi gələcəyin əsgəridir. İdarə etdiyim maşın başqasına məxsusdur, mən sadəcə etibarnamə ilə maşını günəmuzd idarə edirəm ki, ailəmi yaxşı-pis dolandıra bilim. Ancaq Cəlilabad rayon Yol Polisi İdarəsinin məmurunun sayəsində o dolanışıqdan da məhrum olunmuşam. 5 manata görə sürücüylə prinsipə düşüb onu 40 manat cərimə etmək və bu cərimənin üstünə faiz hesablansın deyə ona xəbərdarlıq etməmək nəinki bir polis məmuruna, heç insanlığa yaraşmayan hərəkətdir. Polisin borcu xalqına, dövlətinə xidmət etməkdir. Sizdən xahişim odur ki, mənə cərimə yazılmasının səbəblərini araşdırmaq üçün müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz. 
 
Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm”.
 
Reaksiyadan: Şikayət məktublarınızı infomiqaz@gmail.com email ünvanına göndərə bilərsiniz. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az