Qüdrət Həsənquliyev: “Şeyx necə İranın adamı ola bilər ki...”

Qüdrət Həsənquliyev: “Şeyx necə İranın adamı ola bilər ki...”

"İrandakı müəyyən dairələrə bağlı, əlöpən ekstremist qüvvələr Şeyxi özlərinin qarşısında əsas maneələrdən biri kimi görür,ona qarşı mübarizə aparırlar”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin BAXCP-nin mətbuat xidmətinə müsahibəsini oxucularımıza təqdim edirik

- Qüdrət bəy, Şeyx Həzrətlərinin Xamneyinin 44 günlük Vətən müharibəsində rolu barədə dedikləri mətbuatda onun ciddi tənqid, bəzən isə bütün etik qaydaların pozularaq ağır formada təhqir olunması ilə müşayiət olunur. Yəqin ki,bütün bunları izləyirsiniz. Siz bu barədə nə deyə bilərsiniz?
- Əvvəla qeyd edim ki, ölkəmizdə Prezident də, nazirlər də, deputatlar da, din xadimləri də, bir sözlə, hər kəs tənqid oluna bilər və olunur. Bu tənqidlər əsaslı da, bəzən qərəzli də olur. Narahatedici məqam ondan ibarətdir ki, bəzən tənqid olunan ictimai-siyasi xadimin fikirləri yox, şəxsiyyəti hədəfə alınır. Bu da cəmiyyəti daxildən parçalayır, qəddarlaşdırır, ölkənin beynəlxalq imicini korlayır, mənəvi dəyərlərin aşınmasına gətirib çıxarır. Sonda hər birimiz bundan əziyyət çəkəcəyik.

44 günlük savaşda Qələbəmizi Ali Baş komandan İlham Əliyevin yürütdüyü çevik və ağıllı siyasət təmin etmişdir. Həmin siyasət nəticəsində müasir silahlar alınmış, region dövlətləri ya bizi müdafiə etmiş, ya da neytrallıqlarını qorumağa çalışmış, BMT TŞ çərçivəsində maraqlarımıza cavab verməyən hər hansı qərarın qəbul olunmasının qarşısı alınmışdır. Düşmən döyüş meydanında demək olar ki, təklənmişdi. Bu da imkan verdi ki, Azərbaycan Silahlı qüvvələri mənfur düşməni əzib torpaqlarımızı işğaldan azad etsin.

Xarici siyasətin həyata keçirilməsi zamanı bəzən dövlətlərarası isti münasibətlərin qorunub saxlanması və onların inkişafı üçün siyasi liderlərin və olkələrin bu və ya digər sahədəki fəaliyyəti qədərindən artıq qiymətləndirilir. Məgər qeyd etdiyim səbəbdən, işğalın 30 il davam etməsinin səbəkarları - Minsk qrupunun həmsədri olan ölkələrin başçılarına azmı vasitəçilik missiyalarına görə minnətdarlıq ifadə etmişik. Hər birimiz bu və ya digər məsələyə münasibət bildirəndə, istər tərifləyəndə, istər tənqid edəndə bəzən ifrata varıb səhv edə bilərik. Kim deyə bilər ki, mənim fəaliyyətimdə belə hal olmayıb. Bu zaman əsas diqqət ona yönəldilməlidir ki, bu fikir hansı məqsədlə səsləndirilir. Şeyxi "asıb-kəsən” jurnalistlərə, hər kəsə Prezidentin köməkçisi Hikmət Hacıyevin İran mətbuatına verdiyi və YouTube-da 21 oktyabr 2020-ci il tarixdə "mühasirəyə düşən 400 min azərbaycanlını İran topçuları xilas etdi” başlığı altında yerləşdirilmiş müsahibəsinə baxmağa dəvət edirəm. Buna görə daha çox mətbuatı kurasiya edən Hikmət Hacıyevin borcu idi ki, Şeyx və Şeyxdən daha çox İran əleyhinə yönəlmiş bu kampaniyanı dayandırsın.

Bu kampaniya zamanı məni ən çox narahat edən və üzən məqamlardan biri də o oldu ki, qardaş Türkiyədən də bəzi şəxslər bu prosesdə aktiv və neqativ rol oynadı. Bəzi Türkiyə televiziya kanalları daha çox qıcıq yaratmaq üçün Şeyxin müharibədə Türkiyənin və Erdoğan cənablarının rolu barədə dediyi xoş sözləri silib, yalnız Xameneyi barədə dediklərini efirə vermələri oldu. Necə ki, biz Türkiyənin Rusiya və İranla yaxınlaşmasını istəyiriksə və buna tövhə verməyə çalışırıqsa, qardaşlarımız da bizim qonşularımızla münasibətlərimizin yaxşılaşmasına qısqanclıqla yanaşmamalı, buna sevinməli və öz növbəlirində bu işdə yardımçı olmalıdırlar. Şeyx Həzrətləri çox da uğurlu alınmayan həmin çıxışında birinci Türkiyənin adını çəkmişdi, halbuki çəkməyə də bilərdi, çünki Türkiyə elə biz özümüzük. Həm Türkiyə, həm Azərbaycan vətəndaşları məsələyə bu cür yanaşmalıdırlar. Ona görə mən zaman-zaman Türkiyə rəsmilərinə səslənirdim ki, Qarabağın işğalını Türkiyənin bir parçasının işğalı kimi qəbul edin və Rusiya ilə bu istiqamətdə danışıqlar aparın. Sonda onu demək istəyirəm ki,Şeyxə "daş atanlar” yaxın tariximizi yaddan çıxarmasınlar. 20 Yanvar qırğını zamanı Şeyx Azərbaycanda olan, xalqın müraciət edə biləcəyi, onu birləşdirən tək ictimai xadim idi. Şəhidlərimizin hörmət və ehtiramla dəfnini o təşkil etdi. O, ölkə daxilində dini ekstrmizmə qarşı mübarizədə, sabitliyin qorunub saxlanmasında həmişə əhəmiyyətli rol oynamışdır. O necə İranın adamı ola bilər ki, İrandakı müəyyən dairələrə bağlı, əlöpən ekstremist qüvvələr Şeyxi özlərinin qarşısında əsas maneələrdən biri kimi görür,ona qarşı mübarizə aparırlar.

- Bu mövqeyinizə görə Şeyx kimi Siz də hücumlara məruz qalacağınızdan narahat deyilsiniz ki?
- Mən bu sözləri ölkəmizin nüfuzu, təhlükəsizliyi və cəmiyyətimizin sağlamlaşması üçün deyirəm. Dünyanın heç bir mədəni ölkəsində hansı uğrsuz fikri ifadə etməsindən asılı olmayaraq ali dini rəhbərə münasibətdə belə davranmırlar. Bundan başqa, biz cənubdakı soydaşlarımız haqqında düşünürüksə, onların konstitusion, milli haqlarına qovuşmasına yardım etmək istəyiriksə, bunu İranla qarşıdurma formasında yox, dosluq və əməkdaşlıq şəraitində etməliyik. Şeyxin dünya müsəlmanları arasında böyük nüfuzu, bir çox dövlərlərin, Rusiyadakı müsəlman respublikaların başçıları ilə yaxın şəxsi münasibətləri var. Ölkəmizin ali dövlət mükafatları ilə təltif olunub. Prezidentə "qardaşım” deyə müraciət etmək ərkinə sahibdir. Əgər belə bir şəxsin xoş niyyətlə deyilmiş bir sözə görə şəxsiyyətinə bu cür hücumlar edildisə, mənə qarşı daha geniş miqyasda ola bilər. Amma ümid edirəm, artıq emosiyalar səngiyib və vicdanlı insanlar başa düşəcəklər ki, mən haqlıyam və dayanacaqlar.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az