Oqtay Şirəliyev: “Daha sərt tədbirlər olmasa, xəstələrin sayı on minlərə çata bilər"

Oqtay Şirəliyev: “Daha sərt tədbirlər olmasa, xəstələrin sayı on minlərə çata bilər

"Hər kəs artıq xəstəlik və onun mənbəyi haqqında məlumatlıdır. Azərbaycanda görülən qabaqlayıcı tədbirlər nəticəsində koronavirus pandemiya halını almamışdan qabaq epidemiyanın alovlanmasının qarşısı vaxtında alındı".

Virtualaz.org bildirir ki, bunu Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-də "Hədəf" verilişində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ciddi nəzarət olmasa, gigiyenik normalara riayət olunmasa, xəstəliyə yoluxma halları arta, xəstələrin sayı on minlərə çata bilər: "Bu, yeni bir infeksiya olduğu üçün əksər ölkələrdə xəstəliyi müəyyən etmək üçün testlər yox idi. Lakin Azərbaycan qısa müddətdə qardaş ölkə Türkiyə vasitəsilə həmin testləri əldə etdi və yoxlamalar nəticəsində virusa yoluxma hallarını tez aşkarlayaraq qabaqlayıcı tədbirlər gördü”.

O.Şirəliyev bildirib ki, bu günə qədər koronavirusla bağlı 10 minə qədər laborator test edilib. Xaricdən gələnlər hamısı həkim nəzarətindədir.

O, qeyd edib ki, başqa xəstəliklər ləğv edilməyib: "İnsanlar bütün hallarda həkimə müraciət edə bilərlər".

Nazirin sözlərinə görə, bu gün ölkədə heç bir qıtlıq müşahidə olunmur: "Azərbaycana nə lazımdırsa ölkəyə gətirilir. Bu da ciddi nəzarət altında həyata keçirilir".

O.Şirəliyev vurğulayıb ki, laboratoriyalar tam gücü ilə işləyir. Onlar nəinki Bakıda, hər yerdə var. Ölkədə çox savadlı kadrlar var. Eyni zamanda maddi və texniki imkanlar yüksək səviyyədədir. Ən əsas odur ki, insanlar öz ətraflarını və ümumilikdə xalqı qorumalıdırlar: "Sosial məsuliyyət mütləq vacibdir”.

Nazir bildirib ki, bütün qurumlar mövcud vəziyyətdən xəbərdardırlar. Nəzərdə tutulub ki, lazım olanda çarpayı və xəstəxana sayı artırılsın: "Xüsusi həkim briqadaları da yaradılıb. Biz hər şeyə hazırıq. Azərbaycanda xəstə sayına baxanda istəyirik ki, vəziyyət digər ölkələrdəki həddə çatmasın".

Oqtay Şirəliyev Çin və İtaliyada koronavirusun yayılmasını da müqayisə edib: "Konkret olaraq bugünkü vəziyyət belədir: Bir milyard yarım əhalisi olan Çində bu virusdan ölənlərin sayı 3 mindən bir az artıqdır. 60 milyon əhalisi olan İtaliyada isə bundan iki dəfə çoxdur.

Əlbəttə bu, göz qabağındadır. Çində nizam-intizam oldu və tədbirlər görüldü. İtaliyada isə bu məsələyə laqeyd və çox yüngül yanaşdılar. Nəticəsi də bu gün göz qabağındadır. Görürsünüz ki, ölkə nə gündədir. Orada lazım olan təchizat və avadanlıq yoxdur".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az