Muxtar Babayevin naziriliyi bu dəfə də "quşu gözündən vurdu"

Muxtar Babayevin naziriliyi bu dəfə də

Azərbaycanda bir çox nazirliklər və qurumlar var ki, iş görmür, ancaq danışır. Elə Ekologiya və Təbii Sərvətlər Nazirliyi kimi. Düzünü desəm, bu nazirliyin faydalı iş əmsalını mən sıfıra bərabər tuturam. Ona görə ki, bu qurumun bu vaxtadək hansısa qlobal məsələni həll etdiyini nə görmüşəm, nə də eşitmişəm. Nazirliyin işi-gücü xarici ölkələrdə tətbiq edilən qlobal ekoloji layihələri sadəcə imitasiya etməkdən ibarətdir. Yəni gündə bir təkliflə çıxış edir.

Məsələn, ötən ilin birinci yarısında nazirlik bəyan etdi ki, 2021-ci ilin 1 yanvarından sonra Azərbaycanda polietilen torbalardan istifadəyə qadağa qoyulacaq. Bu gün deyilən tarixdən 22 gün keçir. Lakin yenə də bütün ticarət şəbəkələrində polietilen torbalar dövriyyədədir. Bəs niyə polietilen torbalar dövriyyədən çıxarılmayıb?

Ona görə ki, nəyin dövriyyədən çıxarılıb-çıxarılmaması türklər demiş, bu nazirliyin "umrunda”belə deyil. Sadəcə, nazirlik gündəm yaratmaq istəyir, iş görmək yox. İş görmək istəyən nazirlik bununla bağlı kompleks tədbirlər planı təqdim etməli, hökumət qarşısında təkliflər paketi ilə çıxış etməli idi.

Çünki polietilen torbaların dövriyyədən çıxarılması heç də Muxtar Babayevin bir göstərişi ilə icra olunası məsələ deyil. Bunun texniki-iqtisadi əsaslandılması olmalıdır. Və bu tədbirlər planı hazırlansa belə onun ölkəmizdə tətbiqi çox çətindir. Çünki Azərbaycan dünyanın ən az meşə örtüyü olan ölkələrindəndir. Ona görə də ölkəmizdə ağac emalı rəsmi qaydada qadağandır (amma "arxası” olan mebel sexləri üçün bu qadağa qüvvəsini itirir). Odur ki, kağız məhsullarının 99 faizini idxal edirik. İdxal hesabına rentabelli istehsal qurmaqsa qeyri-mümkündür. Yəni polietilen torbaların dövriyyədən çıxarılmasının heç bir iqtisadi əsası yoxdur.

Üstəlik, Muxtar Babayev nazir postuna "Azərkimya” Dövlət Şirkətindən gəlib. Və ona görə də Muxtar müəllim yaxşı bilir ki, biz polietilen məhsullarının istehsalının yüksək mərhələsinə hələ indi qədəm qoyuruq. Belə bir vəziyyətdə kimya sənayesinin aparıcı sahələrindən biri olan polietilenin istehsalı qarşısında "qırmızı işıq” yandırmaq olmaz. Yəni Muxtar müəllimin işçiləri bu təşəbbüsü irəli sürməkdə ən azı 10 il tələsib. Bu isə onu sübut edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində oturanların bir çoxu ya qeyri-peşəkardır, ya da gündəmdə olmaq xəstəliyinə tutulub.

Nazirlik daha bir absurd təşəbbüslə çıxış edib. Qurumun Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib ki, Azərbaycanda köhnə avtomobillər utilizasiya ediləcək. Yaxın vaxtlarda ekoloji tələblərə cavab verməyən maşınlar dövriyyədən çıxarılacaq. Əla təşəbbüsdür! Amma icrası mümkün deyil. Yəni sosial ədalət baxımından deyirəm. Çünki bu gün ölkədə dövriyyədə olan avtomobillərin 70 faizə yaxını 15 ildən artıq istismarda olan avtomobillərdir. Və bu böyüklükdə avtomobil parkının yenilənməsi heç də asan məsələ deyil. Bunun üçün ən azından bir dövlət proqramı hazırlanmalı, orada ən xırda detallar nəzərə alınmalıdır. Çünki avtomobil komfortla yanaşı, həm də insanların dolanışıq mənbəyidir. Bu gün əhalinin ən azı 8-10 faizi həmin köhnə avtomobillərlə güzəranlarını qurur. Ona görə də bu qədər insanı işsiz qoymaq olmaz.

Yeri gəlmişkən, özünü nəqliyyat üzrə ekspert adlandıran Elməddin Muradlı deyir ki, "Dünya təcrübəsindən irəli gələn təkliflərdən biri odur ki, köhnə avtomobili əlindən alınan şəxsə onun əvəzində ödəniş ediləcək. Ödəniş avtomobilin bazar qiymətinə uyğun həyata keçiriləcək”. Ay bərəkallah…

Bu da bizim ən zəif yerimizdir. Hər nə olsa, Avropadan misal çəkirik. Amma demirik ki, Avropanın ən geridəqalmış ölkələrində minimum əməkhaqqı bizim pulla 3 min manata yaxındır. Və həmin ölkələrdə şəxsi avtomobillər əsasən komfort üçün istifadə edilir. Çörək ağacı kimi yox.

Üstəlik, Avropa dövlətlərində vahid gömrük sistemi olduğu üçün hər yerdə avtomobillər təxminən eyni qiymətədir. Və normal həyat şəraitinə malik avropalılar əsasən yeni avtomobillərə üstünlük verirlər. Təsadüfi deyil ki, onlarda çoxdan "Avro-5” standartına keçilib. Amma Azərbaycan sözdə "Avro-4”-ə keçsə də, faktiki olaraq biz "Avro-2”-də ən yaxşı halda "Avro-3”-dəyik. Təkcə maşinların yaşına görə yox, həm də sürtkü və yanacaq materiallarına görə.

Bu gün ölkəmizdə istifadə edilən A-92-nin dünyada analoqu yoxdur. Və yaxud dizel yanacağımızı götürək. Allahın Gürcüstanında dizel təsnifatlaşdırılıb. Amma bizdə 2021-ci ilin minik avtomobili də, 1990-cı il istehsalı olan avtobus və ya digər avtomobil də eyni dizel yanacağından istifadə edir. O dizel yanacağının içində ekoloq gözü ilə baxsan, çox şeylər taparsan…

Ona görə də hörmətli Muxtar müəllim köhnə avtomobillərin dövriyyədən çıxarılması təklifi ilə çıxış etməmişdən qabaq köhnə həmkarlarından – SOCAR-dakılardan soruşmalıdır ki, siz nə vaxt "Avro-5”-ə keçəcəksiniz? Yəni bu gün ekologiyanı korlayan təkcə köhnə avtomobillər deyil, həm də keyfiyyətsiz yanacaqdır.

O ki qaldı köhnə avtomobillərin istismardan çıxarılması məsələsinə, bu barədə növbəti yazımda ətraflı danışacam.

Surxay Atakişiyev,
KONKRET.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az