Mübariz Mənsimovdan Əbülfəz Elçibəylə bağlı AÇIQLAMA: "Bir daha qeyd edirəm ki..."

Mübariz Mənsimovdan Əbülfəz Elçibəylə bağlı AÇIQLAMA:
"PALMALİ” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə bağlı açıqlama yayıb.
Miq.Az açıqlamanı olduğu kimi təqdim edir: 

"Mətbuata verdiyim son müsahibəmdə Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəy barədə fikirlərimin yanlış anlaşıldığını təəssüf hissi ilə qarşıladım. Dil sürüşməsindən qaynaqlandığını hesab etdiyim yanlış anlaşılmanı aradan qaldırmaq məqsədilə bu mövzuda fikirlərimi bir daha ictimaiyyətlə bölüşməyi uyğun görürəm.

Mən Əbülfəz Elçibəyin şəxsiyyətinə və əziz xatirəsinə hər zaman böyük hörmət hissi duymuşam. Elçibəyin təvazökarlığı, səmimiliyi, vətənsevərliyi, humanistliyi bütün Türk dünyasına yaxşı məlumdur. Elçibəy dövlətinin və xalqının maraqları naminə tutduğu ali vəzifədən fədakarlıq etməyi bacaran Vətən sevdalısıydı. Şəxsiyyətinə böyük rəğbət bəslədiyim Azərbaycan Prezidenti mərhum Heydər Əliyevlə Elçibəyin siyasi təcrübəsini müqayisə edərkən nitqimdə yaranan dil sürüşməsi Elçibəyi sevənlərdə üzüntü yaratmış, bəd niyyətli insanlar isə bunu öz çirkin məqsədləri üçün istifadə etmişdir. Mən Elçibəyə hörmət və ehtiramımı əvvəllər də dönə-dönə ifadə etmişəm. Elçibəyin Azərbaycan tarixində rolu və xidmətləri danılmazdır. Dil sürüşməsindən qaynaqlanan ifadəyə görə üzrxahlıq etməklə birlikdə, bunu bəd niyyətlə istifadə edənlərə "yazıqlar olsun" deyirəm. 

Mən Azərbaycan dövlətinə və onun qanunlarına daim sadiq olmuşam, son nəfəsimə qədər də sadiq qalacam. Mən dövlətçiliyə qarşı deyiləm, haqsızlığa qarşıyam. Azərbaycanın inkişafı naminə həmrəy olmağımızın və bir-birimizə qarşı ədalətli olmağımızın önəmli olduğuna inanıram. Xoş niyyət və səmimiyyətlə verdiyim açıqlamalarda ayrı məna axtarmağın əbəs olduğunu düşünür, bu məkrli çabaların Azərbaycan dövlətinə və xalqına olan sevgimdə, sədaqətimdə zərrə qədər dəyişiklik yaratmayacağını bildirirəm."
 
Miq.Az
 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az