Mübariz Mənsimov həbs olunmuş Vətəndir!

 Mübariz Mənsimov həbs olunmuş Vətəndir!

"Palmali"nin gəmiləri də sahibinin azadlığa çıxmasından ötrü səbrsizliklə qələbə paradına düzülüb.

Mübariz Mənsimov azadlığa çıxacaq. Bu onun haqqıdır. Qondarma ittihamların əsası və kökü yoxdur, bunu mən yox, keçirilən məhkəmələrin gedişatı deyir. 

İş adamının azadlığa çıxması onun haqqıdır, bu öz yerində. Əsas bu işdə iftira atanlarla yanaşı, müdafiə edənlərin içində belə yerində olmayanları qeyd etmək istəyirəm. Bəzi müdafiələr dolayısı yolla Mübariz Mənsimovu əsassız suallar qarşısında qoyur. Bu, düşünülmüş "müdafiə" taktikasıdır. 

ZƏRURİ QEYD: Onu şəxsən tanımıram, real həyatda görüşməmişəm, qohumum deyil, münasibətimiz yoxdur. Müdafiəm onun azadlığa buraxılması anına qədərdir. Mübariz Mənsimovu müdafiə etməyimə səbəb haqq savaşına dəstək verməyimdir, sadəcə bu qədər. Mübarizin kimliyinə gəlincə, onu cəmiyyyət belə tanıyır:

Mübariz Mənsimov imzası yaralı Qarabağ qazisinin ümid yeridir.
Mübariz Mənsimov Azərbaycandır, həm də Türkiyədir!
Mübariz Mənsimov yaralı qazimiz üçün həm də Qarabağdır. 
Mübariz Mənsimov həbs olunmuş Vətəndir! 

Bu iş adamı haqqında müsbət mənada nə qədər istəsən yazmaq olar. Əslində kimsənin onun müdafiəsi ilə bağlı yazmadığı, yaza bilmədiyi və yazmaq istəmədikləri bəzi qeydləri çatdırmaq istəyirəm.. Mübariz Mənsimov əslində iş adamı kimi hansı çapdadır?

O, dənizləri sevər, amma dəniz adamı deyil...
O, göllərdən başlar üzməyə, amma gölləri də sevməz...
O, çaylardan başlayar dünya səyahətinə, əsllində çay adamı da deyil.
O, Viləş çayında üzəcək qədər kiçik adam deyil, baxmayaraq ki, Viləşin adı onun üçün məhz dünya boydadır. 
O, okean adamıdır, biləsiniz. Okeanlarda hər adam üzə bilməz. Sayca dünyada 10-15 adam üzməyə risk edər okeanlarda, məhz Mübariz Mənsimov həmin 10-15 adamdan biridir.

Mübariz Mənsimov okeana ilk daxil olduğunda ən azından iş adamı kimi bilirdi ki, orda istənilən dalğa hündür olur və o hündürlükdən beş qat təhlükəli olur.  İstər təbii, istərsə də siyasi dalğalar. 

O, bilirdi, çoxlarının bilmədiklərini, çox şeyləri...hətta onu da bilirdi ki:

Okeanda balinalar və balıqlar var...
Balinaların haqqı balıqları yeməkdirsə, balıqların da balıq boyda müqavimət haqqının, həm də 8-9 saniyəlik yaddaş müqaviməti olduğunu bilirdi. Və onu da bilirdi ki, balinalar balıqları, okean isə hamısını udur.  
Mübariz Mənsimov nə balinadır, nə də balıq. Nə kimsəni udar, nə də kimsəyə yem olmaz. Sadəcə balinalarla balıqların savaşını seyr edə biləcək bir tribunanın sahibi və ya tamaşaçısı ola bilər. Və bir də...haqqını kimsəyə yedirməz, kimsənin haqqını yeməz. O, Mübarizdir, həm də adı kimi...

Dünya okeanlarında Azərbaycan dahilərinin, Milli qəhrəmanlarımızın, rayon və şəhərlərimizin adına üzən "Palmali" gəmilərinin Mübariz adına yorğunluğu var, bir az da utancaqlığı...Təkcə bundanmı? Yox, bir az da Türkiyə qanunlarının Mübariz adına donması, inamsızlığına...Bu da ötüb keçəcək. Hər yerdə- dağlarda, dalğalarda, okeanlarda dalğalanan bayraqlarımızda qürurumuz tam fərqlidir daha. Biz qalibik - içimizdə, işimizdə, ən əsası düşmən üzərində!

Mübariz mübarizəsini kiməsə bağışlayıb da  azadlığa da çıxan deyil. O, Mübariz kimi mübariz çıxacaq azadlığa-Azərbaycan adına! 

Bütün dünyanın diqqət mərkəzində olan Türkiyənin ədalət məhkəməsi iki gün sonra qərarını verəcək:

"Mübariz Mənsimov azadlıqda!" ifadəsinin səslənəcəyinə inanırıq. Qardaş Türkiyə qanunlarına, ədalətinə güvənirik. 

Mübariz Mənsimov yenə də dövlətinin, prezidentinin və Azərbaycan-Türkiyə dostluğunun yanında olacaq, həmişəki kimi! 

Aqil ALIŞOV
Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az