Maskalar darlığından yırtılır, yoxsa köhnəldiyindən? - (felyeton)

Maskalar darlığından yırtılır, yoxsa köhnəldiyindən? - (felyeton)
 
Asif Abbaslı

Bir vəzifəli şəxsin, yaxud gerçək simasını uzun illər camaatdan gizlədən birisinin iç üzü açılanda deyirlər ki, filankəsin maskası yırtıldı. Son dövrlərdə işdən çıxarılan nazirlər və"balaca padşahlar"-rayonların icra hakimiyyətlərinin başçıları barədə bu ifadə lap çox işlədilir.

Maskaların yırtıldığını eşidən hər kəsi bir sual düşündürür: görəsən, maska darlığından yırtılır, yoxsa köhnəldiyindən?

Altından çıxan şişmiş, üfürülmüş şar kimi dombalmış və çuğundurtək qızarmış sifətləri görəndə bəlli olur ki. yazıq maska darlığından yırtılır. Yəni sahibinin sifəti o dərəcədə şişir ki, tarıma çəkilən maskanın "razmeri" əndazədən çıxır və cırılır. İllərlə xalqın qanını soranların maskalarının cırılması özlüyündə təqdirəlayiq sayıla bilər. Amma bu işdəki təzad qəribə sualların ortaya çıxmasına səbəb olur. "Əgər maska pis şeydirsə, maskacırma əməliyyatı keçirənlərin özləri niyə maskalanırlar?" "Yox, əgər maska yaxşı şeydirsə, DTX-nin maskalıları camaatın maskasını niyə cırırlar?"

İllah da, maskaya tələbatın artdığı indiki şəraitdə...

Ölkəmizdə və dünyada koronavirus infeksiyası tüğyan edir. Hər kəsdən maska taxmaq tələb olunur. Maska qıtlığı yaşanır...

Bir tərəfdən də sən dur, hazır maskaları cır, tulla, nə var-nə var, iş bilmişəm, filan nazirin. filan məmurun iç üzünü açacağam. Lap tutalım. həmin maskasıcırığın iç üzünü açdın və bir az da dərinə gedərək içini qurdaladın. Ondan sonra nə baş verəcək? Əlbəttə, ətrafa üfunət yayılacaq və qarışacaq koronavirusa. Bundan yenə kim zərər çəkəcək? Sözsüz ki, cəmiyyətimiz və dövlətimiz...

Bu zərərin nədən ibarət olması barədə bir neçə kəlmə...

Koronavirus infekiyası ilə mübarizə aparan dövləti hazırkı durumda cəmiyyətimizin 100% tibbi maska ilə təminatı qayğılandırır. Hansı ki, bu maskalar birdəfəlik istifadə üçündür və ömrü cəmi-cümlətanı iki-üç saatdır. Amma DTX maskalılarının sayəsində yırtılan maskalar uzunömürlüdür. Simalarını belə qalın gönlə maskalayanlar, güman ki. əhalinin 5-10% -ni təşkil edir. Bu da o deməkdir ki, həmin maskalar cırılmasa, dövlətin maska qayğısı 5-10 % azalar. Öz aramızdır, balaca rəqəm deyil ha...

SÖZARDI: Başqa cür maskalar da var. Uşaqların, bəzən böyüklərin də əyləncə üçün taxdıqları maska. Oğurluğa gedənlərin üzlərini gizlətməkdən ötrü taxdıqları maska və s.
 
Hələ Maska da var! Amma bizim söhbətimizin bu maskalara və Maskaya dəxli yoxdur...
 
Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az