İrəvanın təkliflərini Bakıya göndərdik - Lavrov

İrəvanın təkliflərini Bakıya göndərdik - Lavrov

Rusiya demarkasiya komissiyası ilə bağlı Ermənistanın təkliflərini Azərbaycana çatdıracaq.

Miq.Az Report-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib.

Nazir bildirib ki, komissiyanın yaradılması məsələsinin tezliklə həllinə ümid edir:

"Soçidə prinsipial razılıq var idi, hətta mətbuata da açıqlandı ki, komissiya 2021-ci ilin sonuna qədər yaradılacaq. Dünən mən yeni təklifləri olan erməni həmkarımla danışdım, biz o təklifləri Bakıya göndərdik. Görək komissiyanın tez işə salınması üçün nə edə bilirik”.

Onun sözlərinə görə, rəsmi Moskva Azərbaycanla Ermənistan arasında sərhədin tezliklə delimitasiyasının tərəfdarıdır:

"Bu, sırf ikitərəfli məsələdir: delimitasiya və demarkasiya üzrə komissiya yaratmaq, həmçinin öz nümayəndəmizin namizədliyini bu komissiyada məsləhətçi kimi irəli sürməklə onun üzərində işləməyə başlamağı təklif edirik. Nəzərə alınmalıdır ki, Rusiya Baş Qərargahı və digər strukturlar Sovet İttifaqının formalaşması, habelə onun inzibati sərhədləri və ittifaq respublikaları arasındakı sərhəd dəyişikliklərini özündə əks etdirən xəritələrə sahibdir”.

Nazir qeyd edib ki, komissiya yaratmaq üçün ilk növbədə şərtləri razılaşdırmaq lazımdır:

"Hazırda bu şərtlər müzakirə olunur. Orada uyğunsuzluqlar mövcuddur. Mövqeyimiz sadədir: biz oturub rəsmi olaraq yaradılmış komissiya çərçivəsində həll olunmamış bütün məsələləri həll etməliyik”.

Bununla yanaşı, rusiyalı nazir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstana sülhməramlılar göndərməsi fonunda Azərbaycan və Türkiyənin reaksiyalarını şərh edib:

"Rəsmi Bakı və Ankara rəsmilərinin KTMT-nin Qazaxıstandakı fəaliyyətinə qarşı yönəlmiş hər hansı əsəbi reaksiyasını görmədim”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az