“İman deyirdi ki, mən şəhid olacam, Bəhram da deyirdi ki, ata, narahat olma, onu qoruyacam”

“İman deyirdi ki, mən şəhid olacam, Bəhram da deyirdi ki, ata, narahat olma, onu qoruyacam”

"Hamı elə bilir ki, şəhid övladlarım əkizdir. Xeyr, əkiz deyildilər, iki il fərqləri var idi. 14-16 yaşlarından Rusiyada gəmi kapitanlığına daxil oldular, bir il oxudular. Müəyyən problemlər oldu, erməni idi müəllimləri. Hər ikisi də idmançı idi, böyük uğurlar əldə etmişdilər, birinci yeri qazanmışdılar. Astraxanda erməniyə qalib gəlib, bayrağımızı dalğalandırmışdılar. Erməni müəllimi İmanla məktəbin həyətində görüşmək istəyəndə İman demişdi ki, sizin əliniz murdardır, mənim millətimin qanına dəyib, mən sizinlə görüşmərəm. Ermənilərə uşaqlıq illərindən nifrətləri var idi, mən onları elə böyütmüşdüm. Müəllimi demişdi ki, bəs onda niyə burada oxuyursan? O da demişdi ki, sən niyə gəlib burada dərs deyirsən? Müəllimi demişdi ki, mən sənə qiymət yazmayacam, çıx çölə. Oğlum da çantasını götürüb çıxmışdı. Samara şəhərinə təyinat alıb, turizm üzrə oxudular. Oxuduqları məktəbdə həm nizam intizam, həm də mədəniyyət nümayiş etdiriblər. Hər ikisi ölkəyə gəlib vətənə xidmət etdi”.
 
Bunu Moderator.az-a açıqlamasında şəhid qardaşlar İman və Bəhrəm Məmmədovların atası Elman Məmmədov deyib. O, daha sonra əlavə edib.
"Övladlarımın taborları da, bölükləri də, yataqları da bir idi. Heç kim onları ayıra bilmədi. 2020-ci ildə də müharibə başladı, 27 sentyabrdan müharibəyə qatıldılar. Bir ay döyüşüblər, hətta onlara təklif olunub ki, ikinizdən biriniz qatılın döyüşlərə, amma heç biri bu yoldan əl çəkməyiblər. Sonuncu dəfə Fizulidə idilər, anasını da götürüb onlarla görüşə getdim. Əlimi Bəhramın qoluna vuranda gördüm ki, yaralıdır. Bir neçə gün öncə komandiri ilə birgə yaralanıb, amma Qospitala aparanda yoldan qayıdıb, gəlib. Deyib ki, mən nə qardaşımı, nə də döyüşdəki qardaşlarımı tək qoymaram. Biz ata-bala yox, çox yaxın dost olmuşuq. Nə onların məndən sirri olub, nə də mənim onlardan. Aramızda pərdə yox idi, həddindən artıq açıq idik. Amma 44 günlük müharibə deyərdim ki, mənimlə onların arasında böyük bir sirr oldu.
Hələ müharibəyə getməzdən öncə bibisinə demişdilər ki, biz öz yuxumuzu görmüşük, şəhid olacağıq. İman hər zaman deyirdi ki, mən şəhid olacam, Bəhram da deyirdi ki, ata, narahat olma, mən onu qoruyacam. Vətən vətəndir, vətəni heç nəyə satmaq olmaz. Bu bizim canımızdan da, qanımızdan da ötədir. Mən öz övladlarımı itirdim, amma milyonlarla oğul və qız qazandım” deyə şəhidimizin atası bildirib.
Şəhid atası övladlarının adına verilən gəmidən də söz açıb.
"Bizim bir şəkilimiz var. Bakı bulvarında gəmilərin qarşısında dayanıb çəkdirmişdik. Heç vaxt ağlımıza gəlməzdi ki, övladlarımın adına gəmi olacaq. Palmali Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimova öz təşəkkürümüzü bildiririk. O mənim kimi bir çox şəhid valideynlərini sevindirir, övladlarının adlarını gəmilərə verib, onlara təsəlli yaşadır. Vallah mən onunla şəxsən tanış deyildim, amma bilirdim ki, Türkiyədə belə bir dəyərli övladımız var. Doğum günlərindən bir neçə gün öncə zəng edib dedi ki, sizin biletlərinizi almışıq, filan vaxtı Türkiyədə, gəminin açılışında olmalısınız. Onlar gəmi kapitanı olmaq istəyirdilər, artıq gəmi sahibidirlər” deyə şəhid atası bildirib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az