Erməni şirkəti Tərtərin bu kəndində qızılımızı çıxarmaqda davam edir?..-FOTOLAR

Erməni şirkəti Tərtərin bu kəndində qızılımızı çıxarmaqda davam edir?..-FOTOLAR

"Müharibə zamanı mədənin  ərazisinə bir dənə də bomba və ya raket düşməyib… Qızılın həmişə bir yiyəsi var…”
 
"Burada bizim qızıl mədənimiz var. "Bizim” deyəndə Artsaxı nəzərdə tuturuq”...
 

Moderator.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Tərtər rayonunun Ağdərə şəhərinə səfər edərkən rayonun  Canyataq kəndindən keçən erməni bloger David Simonyan Rusiya saytlarından biri üçün hazırladığı materialda yazır. 
 
Söhbət Canyataq kəndi yaxınlığında Ermənistanın "Base metals” şirkətinin 20 ildən çoxdur qanunsuz istismar etdiyi "Kaşen” əlvan metallar mədənindən gedir.
 
"Amma dağlarımızın qızılının bizə dəxli yoxdur. Niyə bu 30 ildə dağlarımızın qızılı əridilib müdafiə silahına çevrilməyib? Nə üçün Köçəryan və ya Paşinyan bu suala cavab vermir? Bu qızıllar hara axır, hələ heç kim dəqiq cavab verməyib... 
 
Videoda mədən və zavodun miqyasına baxın. Və növbəti sual sizin üçündür: Sizcə, 44 günlük müharibə zamanı mədənin və ya "Base metals” zavodunun ərazisinə neçə bomba və ya raket düşüb?.. Tapdınız – heç bir dənə də... Qızılın həmişə bir yiyəsi var, buna görə də bütün təsadüflər istisna olunur...”- erməni bloger belə deyir.
 
P.S...
 
Zəruri xatırlatma: 
 
"Base Metals” şirkəti yunan Kipri vətəndaşı Valeri Medjlumyanın rəhbəri olduğu "Vallex Gropup” şirkətlər qrupuna daxildir. 25-30 illik işğal müddətində Xankəndindəki separatçı rejimə 100 mln. dollardan çox vergi ödəmiş  bu şirkət  illərdir ki, işğal altındakı Kəlbəcər,  Zəngilan və s. bölgələrdə qızıl, mis, molibden, dəmir və s. yataqlarını qanunsuz olaraq istismar edib və göründüyü kimi, hazırda da hələ bəzi məkanlarda bu işini davam etdirir...
 
Xatırladaq ki,  Moderator.az   Ermənistanın baş naziri Nikol Paşinyanın  44 günlük savaşdan təxminən bir ay əvvəl - 2020-ci il avqustun sonunda  Xankəndindəki qondarma rejimin başçısı Araik Arutyunyanla birlikdə Tərtər rayonunun Canyataq kəndi ərazisindəki "Kaşen" dağ-mədən kombinatına baş çəkməsi haqda yazıb. Həmin vaxtdan mədənin ərazisində molibden konsentratları zavodu tikilməyə başlanıb.... 
 

Zəruri arayış:
 
Canyataq — Azərbaycan Respublikasının Tərtər rayonunun eyniadlı inzibati ərazi vahidində kənddr. Dağətəyi ərazidədir. Tədqiqatçıların fikrincə, bu toponim türk dillərindəki con/cona (iki çayarası col) və yataq sözlərindən düzəlib, "iki çay arasındakı sahədə yerləşən yataq" mənasındadır. Keçən əsrin əvvəllərində bu toponim Canıyataq variantında qeydə alınmışdır. Güman ki, maldarlıqla məşğul olan Canı adlı şəxsə məxsus olan bu yataq onun adını daşımışdır.
 
Canyataq kəndi əvvəllər  keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Canyataq kəndi də Tərtər rayonuna birləşdirilmiş kəndlərdən biridir. 
 
Mlli Ordumuz  Canyataq kəndi  uğrunda  gərgin döyüşlər aparıb. 1992-ci ilin yayında kənd azad edilsə də, 1993-cü ildə Ermənistan ordusu tərəfindən təkrar işğal olunub. Hazırda Canyataq kəndi rəsmən Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin nəzarətindədir... Kənddə yenidənqurma və təmir işlərinə "Base Metals" şirkətinin vəsaiti ilə bir neçə il əvvəl başlanılmışdı, lakin müharibədən sonra dayandırılıb...

Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az