Ərdoğan sərt xəbərdarlıq etdi: "Silahların tüstüsü dağılmamış..." - Şok zəng

Ərdoğan sərt xəbərdarlıq etdi:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Rusiya arasında qurulacaq Ortaq Mərkəzdə xidmət etmək üçün Azərbaycana gələn əsgərlərə telefonla müraciət edib.

Miq.Az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bölgədə Azərbaycanla Ermənistan arasında atəşkəsi izləmək üçün xidmət edəcək Türk Silahlı Qüvvələrinin və Azərbaycan Ordusunun əsgərlərinə uğurlar diləyib.

Prezident atəşkəsə nəzarət etməkdən ötrü qurulacaq mərkəzin ən qısa müddətdə fəaliyyətə başlayacağına ümid etdiyini bildirib: "Qardaş Azərbaycan Qafqaz İslam Ordusunu necə dualarla, sevinc göz yaşları ilə qarşıladısa, 10 dekabrda Azadlıq Meydanında təşkil edilən qələbə mərasimində Türk Silahlı Qüvvələri də eyni həyəcanla qarşıladı. Azərbaycan ərazilərinin azad edilməsi uğrunda mübarizədə qazandıqları qələbəyə görə sizi təbrik edirəm. Bu qələbə bizi azərbaycanlı qardaşlarımız qədər sevindirdi və qürurlandırdı”.

"Bir Vətən Əməliyyatı"nda şəhid olan qəhrəmanlara rəhmət diləyən Prezident Ərdoğan Bakının 102 il əvvəl işğaldan azad edilməsində əldə olunan birliyi və həmrəyliyi də xatırladıb: "Türkiyə ilə Azərbaycanın "Bir millət, iki dövlət” yanaşması bir-birinə qəlbən bağlı olduğunu, can qardaşımızın sevincinin sevincimiz, kədərinin kədərimiz olduğunu göstərir. Oradakı varlığımız ölkələrimiz arasındakı münasibətlərin gəldiyi nöqtəni göstərən qürur əlamətidir. Türkiyə olaraq hərbi zəfərini diplomatik uğurla tamamlayan Azərbaycanın mübarizəsini bütün beynəlxalq platformalarda dəstəkləyirik. Azərbaycanla Ermənistan arasındakı atəşkəsi izləmək üçün bölgədə xidmət edəcək dəyərli əsgərlərimizə uğurlar arzulayıram”.

Ərdoğan atəşkəsə riayət etmək üçün qurulacaq mərkəzin ən qısa müddətdə işə düşəcəyini ümid etdiyini vurğulayıb: "Silah lülələrindəki tüstü dağılmamış, atəşkəsi pozan davranışlar göstərən Ermənistan qüvvələrinə bu səhvdən bir an əvvəl qayıtmağı tövsiyə edirəm. Keçmişi şan və şərəflə dolu olan türk ordusu əsrlər boyu olduğu kimi, bu gün də üç qitə və yeddi iqlimdə xidmət etməyə davam edəcək.

Türk əsgəri "ölərsə şəhid, qalarsa qazi" inancı ilə ölkəmizdə və bütün dünyada, xüsusən də Azərbaycanda ona verilən vəzifəni yerinə yetirəcək. Suriyadan Liviyaya, Somalidən Kosovoya, Əfqanıstandan Qətərə qədər bir çox yerdə sülhü, əmin-amanlığı və sabitliyi qorumaq üçün mübarizə aparan bütün əsgərlərimizə uğurlar arzulayıram. Rəbbim köməyimizdə olsun.

Azərbaycandakı dəyərli əsgərlərimizi bir daha ürəkdən salamlayıram və yeni il münasibətilə təbrik edirəm”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az