Ədalətin bu qədər pozulduğu yerdə fəlakət başlamazmı?!

Ədalətin bu qədər pozulduğu yerdə fəlakət başlamazmı?!

Elxan Şükürlü

Bütün təhlükələrə, o cümlədən ölüm qorxusuna qalib gələn ən güclü hiss – SEVGİdir.

Əslində, bu gün bəşəriyyət həm də sevgi hissinin qıtlığının ağrısını yaşayır, bədəlini ödəyir. Sevgi hissindən məhrum olan Şeytanın xidmətçilərinin dünya idarəçiliyində hakim gücə, mövqeyə keçməsidir indi Yer kürəsini fəlakətə sürükləyən. O cümlə-xəyanətlərin baiskarlarıdır böyük ehtirasla topladıqları ucsuz-bucaqsız sərvətlərini qorumaq üçün dünya elmini bəşəriyyətin firavanlığına deyil, faciələrinə yönəldənlər!
Baxın, "Oxfam”ın 2019-cu il hesabatına görə, təkcə 26 şəxsin topladığı varidat bütün dünya əhalisinin 3,8 milyard nəfərinin sərvəti həcmindədir!!! Ədalətin bu qədər pozulduğu yerdə fəlakət başlamazmı?! Başlar, təbii ki.

Sizcə, dünyanı idarə edən bu zənginlər Yer kürəsinə, yaşadıqları və ya idarə etdikləri ölkələrə bu gün bir virusun yaratdığı ölüm qorxusundan siçovultək sığındıqları yuvaları - evləri kimi baxsaydılar, aclıqdan, yoxsulluqdan, xəstəlikdən dünyalarını dəyişən körpələrin yerində öz körpələrini görsəydilər, yaşlıları öz ata-anaları bilsəydilər, yaşanardımı bütün bunlar?! Məncə, yox!

...Özünü hamıdan qüdrətli görmək istəyən bəşər övladı unudur ki, Allahdan qüdrətli ola bilməz! Allah İnsanın özünü yaratmışsa, İnsanın yaratdığı Allahın nizamını, düzənini pozmaq gücündədimi, sizcə?!

Onların bir oyunu, hiyləsi varsa, o oyun içərisində də Allahın bir oyunu var, əmin olun! Bəşəriyyətə nicat verilmiş Kitabımızda deyildiyi kimi: "Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranlara qarşı hiylə quranların ən xeyirlisidir”. ("Ali-İmran” surəsi, 54-cü ayə)
Odur ki, səbrli olun, dostlar, qorxunu, dəhşət saçan şayiələri yaxına buraxmayın, o mənfi hissləri içərinizdən çıxarıb, yerini sevgi və mərhəmət hissiylə doldurun!

Qəlbini Allah yoluna açanlar və qəlbində insanlığa sevgi hissi bəsləyənlər bu imtahandan uduşla çıxacaqlar!

#EvdəQal-ın, sevdiklərinizi qoruyun, onlara daha çox zaman ayırın, qayğı göstərin ki, Allah da mərhəmət göstərib, sizləri qorusun!

Unutmayın: koronavirusla dağıdılan köhnə düzən bir gün sevgiylə yenidən qurulacaq! Yeni düzəni quranlardan olasınız!
 
Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az