Dövlət İmtahan Mərkəzinə ittiham: "İmtahan keçirməsələr yaxşıdır"

Dövlət İmtahan Mərkəzinə ittiham:

Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarının nəticələri ilə bağlı 6 minə yaxın abituriyent apelyasiya müraciəti edib. Hazırda müraciətlərə baxılır.

Yenisabah.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bunun gözlənilən olduğunu deyib:

"3 ildən çoxdur ki, Dövlət İmtahan Mərkəzi buraxılış və qəbul imtahanalarına situasiya tipli test tapşırıqları əlavə edir. Tapşırığı abituriyent özü yazmalıdır. Heç bir variant da yoxdur. Daha sonra nəticələri DİM-in mütəxəssisləri yoxlayır.

Hər il qüsurlar olurdu. Sadəcə bu il çoxaldı. Dövlət İmtahan Mərkəzi yeni sistemə insanları cəlb etdi. Onlar da çox ciddi qüsurlara yol verdilər”.

Ekspert imtahan nəticələrinə insan faktorunun tətbiqini ən uğursuz metod hesab edir:

"İmtahan nəticələrinə insan faktorunun tətbiqi ən uğursuz bir metoddur. Ümumilikdə imtahan prosesində insan faktoru olmasın deyə, 1992-ci ildə test sistemi tətbiq olundu.

Digər məqam kitabçanın abituriyentə verilməməsidir. Deyirlər ki, bunu suallar yayılmasın deyə, vermirik. Əgər 30 sual ilə Dövlət İmtahan Mərkəzinin bazası bitəcəksə, heç imtahan keçirməsələr yaxşıdır.

Dövlət İmtahan Mərkəzi bütün test toplularını çap edib satır. O zaman yayılmır, indi problem olur?! Uşaqların əlində sual kitabçaları olmalıdır. Çünki onlar imtahana girmək üçün ödəniş edirlər”.

K. Əsədovun sözlərinə görə, imtahan nəticəsinin 1 ay sonra açıqlanması düzgün deyil:

"Bu qədər apelyasiyanı nəzərdən keçirmək qeyri-mümükündür. 1 apelyasiyaya 15 dəqiqə vaxt ayrılacaq. Ömürlərinin qalan hissəsini də sərf etsələr, bu işi qurtara bilməyəcəklər. Hər 1 saatda 4 nəfərin müraciətinə baxıla bilər. 6 min insanın şikayətinə baxmaq üçün gələn ilə qədər vaxt lazımdır. Çıxış yolu odur ki, DİM stuasiya tipli tapşırıqları imtahandan çıxarsın”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az