Bir virusluq DÜNYA!!!

Bir virusluq DÜNYA!!!

Son tikəsini yarıya böməyənlərin son tikəsini yarıya bölənlərə münasibətinə  SÖZARDI

Dəyərli dostumuz  Şahin Nəcəfovun feysbuk səhifəsində paylaşdığı bir statusu oxudum. O zaman oxudum ki, Bakı şəhərində eyni gündə 23 aptekdən maska axtarsam da, 23 dəfə "yoxdur" cavabını aldım. Və onda bir daha əmin oldum ki, ölkənin ideoloji bazası o qədər maskalanıb, hətta AZ.TV-nin kamera və mikrofonları belə apteklərdən "maska niyə yoxdur" sorğularını keçirmək gücündə deyil, əvəzində...  

TƏBİB-in müdiri ilə maskasızmüsahibə götürüb maska tapa bilməyən sakinləri isə məhşər ayağına çəkən əli mikrafonlu müxbirlərin meydan suladığı bir dövrdə,  koronavirusun nə qədər "ciddi", "evdə qal" mesajlarının isə nə qədər qeyri-səmimi olduğu bir zamanda oxudum o statusu həm də...

Onu da anladım ki... həm də bir daha: Azərbaycanda qanunlar qüvvəyə minməmişdən qabaq qüvvələr qanunları minir, hə, hətta minib-çapır...

Heç nə başa düşmək olmur bu məmləkətdə, sanki dünya öz qaranlıq dövrünə qayıdır, hər kəs işıq axtarışındadır, həm də iynənin ucu boyda bir işığa tamarzıdır bəşər övladı...

Prezidentin belə həyəcan təbili çaldığı fövqəladə vəziyyətdən manipulyasıya edən məmurları başa düşsəm, əlimdən nə gələr, düşməsəm nə...

İqtidar -müxalifət münasibətlərindən danışmağa dəyməz, o ki qaldı bunların həmrəylik mövzularından nəsə yazmaq. Sosial şəbəkələrdə söyüş yağışı, ittihamlar!!! Sanki bu ölkənin Qarabağ boyda dərdi yoxdu. Bu söyüş və tənqid qəhrəmanları unudurlar ən böyük məğlubiyyətlərinin Qarabağ olduğunu...

Yazımın girişində haqqında söz açdığım statusu oxuyun: 

"Kralım, mən soyuğa öyrənmişdim...amma sənin isti geyim vədin məni öldürdü..."
Kral dondurucu bir qış gecəsinin soyuğunda növbə tutan gözətçidən soruşdu:

 -Sən bu soyuqda üşümürsənmi? 

Gözətçi: "Mən artıq öyrənmişəm, kralım".

Kral: 

- Yox ,hava çox soyuqdur. Sənə isti paltarlar gətirmələrini əmr edəcəyəm.

... Ancaq təmtəraqlı sarayına qayıdan Kral əsgərə isti paltar göndərilməsi üçün əmr verməyi unutdu. Ertəsi gün gözətçinin  soyuqdan donmuş cəsədini divarın dibində tapdılar. Ölümündən qabaq divara bir şeylər qaralamışdı həmin gözətçi:
 - Kralım, mən soyuğa öyrənmişdim, amma sənin isti geyim vədin məni öldürdü!
 
Çalışın, bu çətin günlərdə immunitetinizin kökdən düşməsinə imkan verməyin.
 
***
İlk növbədə ölkənin qanunları sərtləşməli, "virus" məmurlardan və təxribatçılardan təmizlənməli, insanları xaosa sürükləyənlər ciddi cəzaya məruz qalmalıdırlar. Ondan sonra milli həmrəylik və koronavurisa qalib gəlməkdən danışmaq olar...

Prezidentin diqqətində olmaq üçün yalan danışmaq əvəzinə, əməli tədbir görmək lazımdır, cənablar. Bunun yolu yalnız yaxşı vətəndaş olmaqdan keçir. Yaxşı vətəndaş olmasan, yaxşı məmur da ola bilməzsən. Uzağa getməyək bunu isbatlamaq üçün,  məmurlarımızın əksəriyyəti buna misaldır. 

"Evdə qal" kampaniyasına gəlincə...mən də qoşuluram.  Hamıya "evdə qal" deyə müraciət edirəm. Amma bunu da nəzərə alın: "Kənddə vəziyyət pisdi bəy, qurbanın olum...". 

Sonuncu yol pulunu avtobusa verib övladları üçün çörəkpulu qazanmağa gedən adam mənim çağrışıma əhəmiyyət verəcəkmi?  Özümü qoyuram onun yerinə. Kim balasının ac gözlərinə baxıb evdə oturar? 
Kasıbçılıq, tam başqa bir şey, bu hissi hərdən duymaq da lazım. Onu yataqxana həyatı körən, ac-susuz gözlərini tavana zilləyərək soğan-çörək yeyib təyinatını səbirsizliklə gözləyən tələbələr bilirdilər. İndiki məmurlar aristokratdı, onlar "nyanka" ilə böyüyən uşaqlardır. Adicə "qrip" xəstəliyinə tutulanda dünyanın ən bahalı klinikalarında yatan məmurlardır bizimkilər. Onlar bilməzlər sağlamlığını itirən insanların ikiqat əzabını. Qanunlarımız uğrunda müharibədə ayağını itirənlərə qanunu "başa salan"məmurlarımız unudurlar hələ də böyümədiklərini. Bizim məmurlar "son tikəni yarıya qədər bölərlər" ifadəsinə hələ heç harda rast gəlməyiblər. Çünki onların heç zaman son tikəsi olmayıb. Burası Azərbaycan...
Burda xeyriyyəçilik də "karantin" vəziyyətindədi. Burda azad fikir, azad söz, azad qərar qəbul etmək anlayışı yoxdur. Hamı ölkə başçısını gözləyir. Görək prezident onların əvəzində nə danışacaq, nə qərar verəcək. 
 "Son tikəni yarıya qədər bölərlər"
Yeri gəlmişkən, fövqəladə vəziyyətlərdə tətbiq etmək üçün yaxşı şüardı. Amma son tikəsi "iribuynuzlu məmurlar" tərəfindən əlindən alınan iş adamlarını buna inandırmaq olarmı? Azərbaycanda ən böyük bəla təbəqələşmədir, cənablar! 
Bizdə iki təbəqə var: yuxarı və aşağı təbəqə. Orta təbəqə yoxdur. Halbuki hər iki təbəqə arasında körpü rolunu oynamalıdı, dövlətin davamlı, ən etibarlı sütunu orta təbəqə olmalıdır. Amma bizdə yoxdur o təbəqə. 
Dövlətin gücünü hər kəsin hiss etməsi, vətəndaş məmnunluğunu yaşatmaq üçün ilk növbədə qanunlar tənzimlənməlidir. Məmurlar hərəkətə keçməli, yalan vədlərə son qoyulmalıdır. 
Xalqımızın bu sınaqdan üzüağ çıxmasını, dövlət-vətəndaş münasibətlərində dünyaya nümunə olmağı arzulayıram.
Bəzən olur e, oxuduğunuz başlıqla məqalənin heç bir əlaqəsi olmur. Baxın, o məqalələrin başlığı ilə mahiyyəti uyğunlaşmadığı kimi, ideologiymızla əməllərimiz də uyğunlaşmır. Hətta hökumət rəsmilərinin koronavirusla apardığı mübarizəyə oxşayır yazdığım bu məqalə.
Həə, gələk sözümün mabədinə: niyə deyirdim və nəyi deyirdim?
"Evdəqal” "üsyanı”na qalxmazdan öncə yadınıza salın: döyüşlərin qızğın vaxtında balalarınızı gizlədib, özünüz də heç kimə qapı açmırdınız,qiyamlar qalxanda hərəniz bir küncdə gizlənirdiniz, mitinqlərə çağırandan yoxa çıxırdınız, hesab edin yenə elə elədir! Siz heç onda düşünmürdünüz heç nə haqqında. Düşünmək lazım idi!
Koronavirus... o ölkələri çökdürüb ki,o ölkələr bizi də çökdürüb illər öncədən. Evdə qalın ki, İlahinin mərhəmətindən bizə pay düşsün!
Koronavirusdan yararlananlardan olun, yaralananlardan yox.
...Külək  qalxıb yenə Bakıda. Arada yağış da yağır. Çöl bizlik deyil – biz oturaq xalqıq. Oturaq və evimizdə sahib olaq. Çində boşanmaların sayı artıb. Əvvəl evdə sahiblik öyrənəcəyik, ev sahibi olmağı bacaracağıq, sonra möhtəşəm türk olaraq çölləri fəth edəcəyik...
Hə, onu da unutmayaq ki, Bakı əzəldən elə küləklər şəhəridir...

Aqil Alışov



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az