Bayramov Kaçeri erməni təxribatı barədə məlumatlandırdı

Bayramov Kaçeri erməni təxribatı barədə məlumatlandırdı

Sentyabrın 21-də Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyanın xarici və Avropa işləri naziri Rastislav Kaçerlə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, nazir Ceyhun Bayramov həmkarını yeni təyinatı münasibətilə təbrik edib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin bir sıra istiqamətlər üzrə inkişaf etdiyini və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edib. İqtisadi sahədə ikitərəfli əməkdaşlığın inkişafı, habelə qarşılıqlı investisiyaların təşviqi məqsədilə tərəfimizdən ardıcıl işin aparılmasının əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov həmkarına 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı tərəfimizdən görülən tədbirlər, Ermənistan tərəfinin sözügedən bəyanatlarla üzərinə götürdüyü öhdəliklərə uyğun olmayan davranışları və son təxribatları, azad olunmuş ərazilərdə insanların həyatına birbaşa təhdid olan mina təhlükəsi ilə bağlı qarşı tərəfə ətraflı məlumat verib.

Nazir Rastislav Kaçer ölkələrimiz arasında mövcud olan siyasi dialoqun davam etdirilməsinin vacibliyini səsləndirib. O, dövlətlərarası münasibətlərin təməlində duran beynəlxalq hüquq prinsiplərinə hörmət edilməsinin vacibliyini vurğulayıb. Slovakiya ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərini, əməkdaşlığı, iqtisadiyyat və ticarət sahəsində əlaqələri daha da inkişaf etdirmək əzmində olduğunu vurğulayıb. Slovakiyanın geniş təcrübəsini və malik olduğu texnologiyaları nəzərə alaraq, minasızlaşdırma sahəsində səylərə dəstək vermək niyyətini diqqətə çatdırıb.

Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini, habelə digər qarşılıqlı maraq doğuran istiqamətləri müzakirə ediblər.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az