Azərbaycanın İNAMİMAN məqamı

Azərbaycanın İNAM və İMAN məqamı

Yaşamın və cəmiyyətin elə anı olur ki, insan peşə fəaliyyətini yox, başqa bir üsulu əsas tutur. Sözünə dəyər verdiyimiz şairimiz ”Demə şairinki dil davasıdır, şapalaq vurmağa əlimiz də var.”- deyəndə nə qədər haqlı idisə, 30 ildən artıq xüsusi təyinatlı zabit kimi çalışan mənim də sözə üz tutmağım o qədər haqlıdır. Ola bilər ki, 1-ci Qarabağ savaşının qazisi, manqasından taboruna qədər minə yaxın hərbçini nizamlı sıraya düzən bir polkovnik cümlədə mübtəda ilə xəbərin yerini düz müəyyənləşdirməsin. Önəmli olan bu deyil. Önəmli olan həqiqəti ifadə etməkdir.  Mənim kimi hərbçini sözə müraciət etməyə vadar edən də bu məqamdır:  həqiqəti nə qol gücü ilə, nə də silahla ifadə etmək olmaz... Bu yazımda dövlətimin rəhbəri ilə dini ilderi haqqında gördüklərim və bu haqda düşüncələrimdi.  1-ci Qarabağ savaşının iştirakçısı, həm də 1992-93-cü illərin əziyyətini görən biri üçün Ali Baş Komandan İlham Əliyevin Kəbə evində Azərbaycan üçün Allahdan istədiklərini eşitmək və 2020-ci ildə Tanrının ölkə başçısına arzularına qovuşdurmağı görmək nəsibimdən yana  vətəndaş olaraq xoşbəxt hesab edirəm özümü. 

Haqq Tanrının məqamına aiddir. Haqqa yaxın olanlar da heç şübhəsiz Yaradana yaxın olanlardır. Bu baxımdan Yeri, Göyü xəlq edən bir qüdrətin qulluğunda duran şəxsin müdafiəsinə, ona atılan böhtanlara cavab vermək, bəlkə də, artıqdır. Çünki, Xaliq xəlq etdiyinin ən yaxşı qoruyucusudur. Amma bir bəndə olaraq bizim də borcumuz yalan və böhtana susmamaq, onu ifşa etməkdir. Uzun illərdir tək  fiziki mövcudiyyət deyil, həm də ruhi bağlılıqla yaxın olduğum bir şəxsiyyətə atılan çamurlara cavab verməyə bilmərəm. Bu həm də Azərbaycan dövlətinin ay-ulduzlu rütbəsini daşıyan zabit kimi borcumdur. Vətən qeyrəti çəkən hər kəsin uğrunda qan tökməyə qadir və can verməyə hazır olduğu bayrağımızda yaşıl rənglə əks olunan uca dinimizin rəsmi rəhbəri Şeyxülislam Allahşükür Paşazadə haqda bu yazım dediyim zərurətdən yaranıb...

Şeyxülislam həzrətlərinin həyatı və fəaliyyəti haqqında yazmaq, onun uca şəxsiyyətinin hərtərəfli və dolğun təsvirini yaratmaq çətindir. Söz adamı olmadığım üçün bu mənə daha ağırdır, amma həqiqəti ifadə edirsənsə, bütün qüsurlar arxa plana keçir. Allah-təalaya xidmətə, müqəddəs dinimizə, bəşəri xeyirxahlığa, doğma xalqının mənəvi-əxlaqi dəyərlərinin zənginləşməsinə həsr olunmuş bu ömrün həm maraqlı, həm də ibrətamiz səhifələrini vərəqlədikcə, hansı xarakterik cizgini, hansı hadisəni önə çəkmək, nələri daha qabarıq, daha iri planda göstərmək barədə düşünməli olur, onların məna və siqlətini tam aydınlığı ilə açmaq üçün lazımi ifadə vasitələri tapmağa çalışırsan. Azərbaycanın ictimai-mənəvi, dini mühitinin Hacı Allahşükür Paşazadənin şəxsiyyəti və fəaliyyəti ilə sıx bağlı olan son 50 illik dövrü ciddi sınaqlar görüb. Şeyxülislam həzrətləri bunların hər birindən mərd-mərdanə, qürurla, şərəflə keçib, ən başlıcası, əsl din-iman adamı kimi daim xalq ilə birlikdə olub, xalqın mənafeyini qoruyub, xalqa xidmət edib. 1949-cu ildə Lənkəranın Cil kəndində dünyaya gələn Allahşükür Paşazadə uşaqlıq illərindən orta məktəbdə oxumaqla yanaşı, cənub bölgəsinin din xadimlərindən, ilahiyyatçı alimlərindən İslam dininin əsaslarını mənimsəyib, ilk dini biliklərə yiyələnib. ...Doğulub boya-başa çatdığı Lənkəranın Cil kəndindən o vaxt sovetlərin ərazisində İslam dini üzrə təhsil müəssisələrinin yerləşdiyi Özbəkistana gedərkən,  on yeddi yaşlı Allahşükür Paşazadə özünün iti zəkası və dərin hafizəsi sayəsində Qurani-Kərimi, şəriət tələblərini dərindən öyrənib. Daşkənddə əvvəlcə mədrəsə, sonra da ali ruhani təhsili aldığı müddətdə isə İslamın elmi-nəzəri əsaslarına yiyələnərək Azərbaycana mükəmməl bir ruhani kimi qayıdıb. Özündən əvvəlki on bir şeyxülislamın dini idarəçilik ənənələrini daha da zənginləşdirən Hacı Allahşükür Paşazadə 40 ildən çoxdur ki, Qafqaz müsəlmanlarının bütün dünyada ehtiramla qəbul edilən həqiqi lideri kimi müqəddəs missiyasını şərəflə yerinə yetirir. Bu gün Şeyxülislam Hacı Allahşükür Paşazadənin var-dövləti, sərvəti, kapitalı haqda sifarişlə və yaxud qərəzli şəkildə cəmiyyətə böhtan yağdıranlar bu ömür yolunun və bu ömürdə Allaha bağlılığın ən böyük sərvət olduğunun fərqində deyillər. Onlar heç vaxt anlamayacaqlar ki, Allahşükür Paşazadə Şeyxülislam məqamını bəziləri kimi geydiyi əbva, oturduğu masa, yaşadığı bina deyil, imanı və inamı ilə yüksəldib. O bir Şeyxülislam  kimi öz xalqına həm əxlaq örnəyi, həm də haqq uğrunda mübarizlik məqamı olub.

 Şeyxülislam Hacı Allahşükür Paşazadənin qismətinə bu ali dini vəzifəni iki müxtəlif ictimai-siyasi quruluşda - həm sovet hakimiyyəti, həm də müstəqil dövlətçiliyimiz dövründə icra etmək məsuliyyəti düşüb. Azərbaycanda milli-dini şüurun inkişafı ilə yanaşı, həm də müstəqil dövlətçiliyimizin qorunmasında onun çox böyük tarixi xidmətləri vardır. Xalqımız öz tarixi taleyinin həm faciəli, həm də qürurverici səhifəsi olan 20 Yanvar hadisələri zamanı dini rəhbərimizin hələ gücünü, qüdrətini itirməmiş sovet dövlətinə, imperiya qüvvələrinə qarşı mübarizədə göstərdiyi böyük fədakarlığı heç vaxt unutmayacaqdır. 1990-cı ilin 20 yanvarında xalqımızın tarixinə qanlı səhifə kimi yazılmış müdhiş faciə günlərində Moskvada ulu öndər Heydər Əliyevin, Azərbaycanda isə bir qrup vətənpərvər ziyalılarla yanaşı Şeyxülislamın barışmaz mövqeyi, fədakar səyləri nəticəsində həqiqətlər dünya dövlətlərinə çatdırıldı. Həmin günlərin ağrı-acısını yaşayanlar, fotolar, audio-video yazılar xalqın bu faciəli günlərində Şeyxülislam Allahşükür Paşazadənin necə fədakarlıqlara imza atdığının, SSRİ rəhbərliyinə qarşı bu qanlı olayla bağlı barışmaz mövqe nümayiş etdirildiyinin canlı şahidləridir. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi M.Qorbaçova bu faciədən bir gün sonra ünvanladığı bəyanatda səsləndirdiyi fikirlər əslində Şeyxülislamı asanlıqla yeni bir qurbana çevirə biləcək qədər sərt və ittihamedici idi. Lakin bütün bunlara baxmayaraq, xalqının dini rəhbəri həqiqəti söyləməkdə bir an belə tərəddüd etmədi, həbs olunmaq və ya fiziki olaraq aradan götürülmək təhlükəsini yaxşı anlasa belə yolundan dönmədi, baş verən faciələrin qanlı mahiyyətini açıq şəkildə M.Qorbaçovun, onun rəhbərlik etdiyi Mərkəzi Komitənin, sovet hərb maşınının başında duranların birbaşa üzünə söylədi. 20 Yanvar hadisələrinin qurbanlarının torpağa tapşırılmasının ümummilli matəm səviyyəsində keçirilməsində də Şeyxülislam Allahşükür Paşazadənin müstəsna xidmətləri olmuşdur. Bu gün Şeyxülislam həzrətləri haqda ağına bozuna baxmadan qərəz yazanlar həmin günlərdə kəfəni özünə libas seçib xalqın önünə keçən şəxsiyyətin fərqində deyillər.  Xalqın öz şəhid övladlarının əziz xatirəsini gələcəkdə də əbədiləşdirməsi baxımından Bakının ən yüksək ərazisində dəfnin təşkil edilməsinə maneçilik törədən qüvvələr tapılsa da, Şeyxülislam qarşıya çıxan bütün maneələri dəf etmək üçün SSRİ müdafiə naziri Yazov və Azərbaycan KP MK-nın ikinci katibi Polyaniçko ilə görüşür. Böyük cəsarətlə şəhidlərin cənazələrinin "Azadlıq” meydanından başlayaraq indiki Şəhidlər Xiyabanınadək çiyinlərdə aparılacağını, onların məhz bu yerdə dəfn olunacağını qəti şəkildə bildirir.  Bir dini rəhbər kimi Şeyxülislam Hacı Allahşükür Paşazadə gələcəkdə Azərbaycan üçün ən müqəddəs məqam olan Şəhidlər Xiyabanının yaradıcısına çevrilir. 

Müstəqil Azərbaycanın tarixində ulu Öndər Heydər Əliyevin ən yaxın silahdaşına çevrilən, dövlətə və dövlətçiliyə sadiqliyini bu günə qədər qoruyub saxlayan  Şeyxülislam Hacı Allahşükür Paşazadənin  xüsusi bir dəsti xətti vardır. QMİ sədri beynəlxalq aləmdə həm dini liderlər, həm də ictimai xadim kimi böyük nüfuza malikdir. Dünyanın əksər beynəlxalq təşkilatları onun böyük və ləyaqətli din alimi, mühüm dini idarənin rəhbəri olmasını, şəxsiyyətini nəzərdən qaçırmamış, onu sədarətlərinə, üzvlüklərinə məmnuniyyətlə qəbul etmişlər. Bu sıralamada Şeyxülislam A.Paşazadənin Ümumdünya İslam Konqresinin, Ümumdünya İslam Xalq Rəhbərliyinin, Ümumdünya Sülh Şurasının, Avrasiya İslam Şurasının, "Vicdana çağırış” Beynəlxalq Fondunun və s. beynəlxalq təşkilatların rəyasət heyətlərinin üzvü olmasını misal göstərmək olar. Sözügedən beynəlxalq təşkilatlar dünyanın ən aparıcı dini təsisatlarıdır ki, bu cür mötəbər kürsülərin ali mərtəbəsində təmsilçilik ölkəmizin, dini  sahəyə rəhbərlik edən soydaşımızın dünyadakı nüfuzundan xəbər verir. Dünyada sülhün bərqərar olması, xalqların mehriban, əməkdaşlıq şəraitində yaşamasının təbliği istiqamətində həyata keçirdiyi tədbirlər Allahşükür Paşazadənin çoxşaxəli fəaliyyətinin tərkib hissəsidir. Şeyxülislamın bu fəaliyyəti dünyanın müxtəlif ölkələri, beynəlxalq təşkilatları tərəfindən də daim yüksək qiymətləndirilir və dəyərləndirilir. Gürcüstan Prezidentinin "Şəfəq” ordeni ali mükafatı, Rusiya Federasiyasının "Dostluq” və "Şərəf”, Belarus Respublikasının "Fransisk Skorina”, İordaniya Krallığının I dərəcəli "Kral Hüseyn”, Misir Respublikasının I dərəcəli "Əl-elm və əməl” ordenləri və digər çoxsaylı mükafatlar... "Xalqlar dostluğu”, Misirin 1-ci dərəcəli "Əl-elm və əməl”, Azərbaycan respublikasının "Şöhrət”, "İstiqlal”, Rusiyanın I dərəcəli Müqəddəs Vladimir, Çeçen Respublikasının "Millət qəhrəmanı”, Gürcustan Respublikasının "Şərəf” ordeni ilə təltif olunmuşdur. Biz çox hörmətli dini rəhbərimizin ən yüksək beynəlxalq tribunalarda dinlərarası dialoq və əməkdaşlıq, xalqlar və dövlətlər arasındakı münaqişələrin sülh yolu ilə nizamlanması ideyasını, tolerantlığı daim təbliğ etdiyini görürük. "Müxtəlif dinlərin nümayəndələri tərəfindən Sizə bəslənən xoş münasibətlərlə fəxr etməyə haqqınız var” - Qafqazın dini lideri haqqındakı bu sözlər mərhum Roma papası, ilahiyyat doktoru II İohan Pavelə məxsusdur. Tarixdə Şeyxülislam Hacı Allahşükür Paşazadə haqda böhtan və şər yazanların yalanları yox, bu faktlar qalacaq. Şeyxin qərar tutduğu bu zirvədən həmin cılız şəxsiyyətlər görünmür belə.

Ən yaxın tariximizin şanlı savaş günlərdə müharibənin mənəvi yaralarına məlhəm olmaq, ədalətli mövqeyimizin və apardığımız davanın müqəddəs kitabda əks olunan "sizə qarşı vuruşanlarla vuruşun” bəyanı ilə bütün dünyaya çatdıran Qafqaz Müsəlmanları İdarəsi və onun sədri, Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyəti də çoxşaxəlilik baxımından yaddaqalan oldu. BMT-nin Baş Katibinə, ATƏT-in fəaliyyətdə olan Sədrinə, Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başkanına, Moskva və Bütün Rusiya Patriarxı Kirilə, Bütün Gürcüstanın Patriarxı II İliyaya, Roma Papası Fransiskə, İslam Əməkdaşlığı Təşkilatının baş katibinə və digər nufuzlu qurumların başçılarına ünvanlanan bu müraciətlər və verilən reaksiyalar Azərbaycanın haqlı mövqeyinin təsdiqi oldu. Nufuzlu dini qurumların, din xadimlərinin Azərbaycanın apardığı ədalətli mübarizəsinə dəstəyi ölkəmizin bu müstəvidə "benəlxalq çətiri”nin qurulması üçün vacib məqamlardan oldu. Bu 44 gündə erməni kilsəsinin münaqişəyə dini rəng vermək cəhdi ilk gündən fiaskoya uğradı.

 Əslində Şeyxülislam Hacı Allahşükür Paşazadəyə atılan qərəz atəşinin hədəfi Azərbaycan dövlətçiliyidir. Çünki bu gün Azərbaycan  Prezidenti, Ali Baş Komandanı, Lideri ilə xalqını arxasında dəstək bilib Zəfər yürüşünə çıxıb.  Bu yürüş haqqa güvəndiyindən onun bir dayağı da Allaha inam və iman nöqtəsidir. Qalib Komandanımız, Məğrur Prezidentimiz İlham Əliyev Cənablarının Ümrə ziyarətində Xalqa yönəlik duasının şəxsən şahidi olmuşam. Həmin duaların bu gün gerçəkləşməsini də görmək də bir xoşbəxtlikdir. Demək xoşbəxt olmağa nə var ki, haqqın və ədalətin yanında olmaq bəs edir. Buna qarşı duranlarsa, bədbəxtliklərinin fərqində deyillər.

Səxavəddin Sadıxov



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az