Azərbaycanda tiktoker qızın qətlində şok detal

Azərbaycanda tiktoker qızın qətlində şok detal

Göyçayda bacısı qızını boğaraq öldürən şəxsin cinayət işi üzrə təfərrüatlar məlum olub. Qətli törədən Vüqar Bədəlova ağır cəza verilib.

Miq.Az  Musavat.com-a istinadən xəbər verir ki, qətl hadisəsi bu ilin may ayında Göyçay rayonu, Bığır kəndində baş verib. Kənd sakini, 18 yaşlı Fatma Murtuz qızı Məmmədova 32 yaşlı dayısı Vüqar Məhəmməd oğlu Bədəlov tərəfindən qətlə yetirilib.

Vüqar Bədəlov qətli namus üstdə törtədiyini deyib. Fatma Məmmədovanın həmçinin Tik Tok sosial şəbəkələrində bir çox videogörüntülərinin yayıldığını deyən V.Bədəlov əməlinə haqq qazandırmağa çalışıb.

Qətl hadisəsi törədilən zaman mərhumun anası Gülnarə Məmmədova övladının meyidini görərək komaya düşüb.

Vüqar Bədəlov hər iki şəxsin dəm qazından zəhərlənməsi barədə təcili tibbi yardıma məlumat verib.

Cinayət işi materiallarında göstərilir ki, hadisə günü Vüqar Fatmanı yastıqla boğan zaman anası Gülnarə otağa daxil olub və ona mane olmağa çalışıb. Vüqarın ayağından tutaraq onu çəkməyə çalışsa da, buna nail ola bilməyib. Bundan sonra halı pisləşib və yerə yıxılıb.

Vüqar məhkəmə ifadə verən zaman deyib ki, Fatmanı əxlaqsız həyat tərzi sürdüyü üçün öldürüb.

Özünü qismən təqsirli bilən Vüqar ona qarşı Cinayət Məcəlləsinin xüsusi amansızlıqla və köməksiz vəziyyətdə olan şəxsi öldürməsi maddələri ilə irəli sürülən ittihamları qəbul etməyib.

Bildirib ki, Fatma hadisə vaxtı oyaq olub və onu yatan yerdə öldürməyib və həmin vaxt bacısı Gülnarə otaqda olmayıb. Buna görə də ona qəsdən adam öldürmə maddəsi ilə yüngül cəza təyin edilməlidir.

"Fatma özünü apara bilmirdi. Məni və ailə üzvlərini söyüb təhqir edirdi. Yad oğlanlarla danışırdı. Bütün ailə üzvlərimiz ona dəfələrlə məsləhət verib. Amma hamını söyüşlə təhqir edirdi. Nişanlı olanda başqa bir adamla qaçdı. 4 ay sonra da həmin evdən qaçdı. Atası gedib onu tapdı, amma yenə də düzəlmədi. Bizə qarşı saymazyana davranırdı, deyirdi ki, nə istəsə edəcək. Gecə də bir oğlanla danışırdı. Ona deyirdi ki, səhər gəlib onu aparsın. Bacım otağa girib ona xəbərdarlıq etdi. Amma yenə də saymadı. Mən də bütün kənddə biabır olduğum üçün onu öldürmək qərarına gəldim. Onu yastıqla boğdum. Tam xırıltısı kəsiləndən sonra buraxdım. Əyninə paltar geyindirərək sobanın yanına apardım və evdəkilərə də tapşırdım ki, polisə onun dəm qazından boğulduğunu desinlər”- deyən Vüqar etiraf edib ki, hadisədən sonra bacısının və qızının dəm qazından zəhərlənməsi ilə bağlı yalan məlumat verib.

Vüqar əməlindən peşman olduğunu, 3 uşağının olduğunu və mərhumun hüquqi varisi ilə barışdığını deyərək məhkəmədən yüngül cəza verilməsini xahiş edib.

Məhkəmədə mərhumun anası Gülnarə Məmmədova ifadə verən zaman ilginc bir detal üzə çıxıb. Belə ki, Vüqar ifadəsində Fatmanı boğan zaman anasının da qızının ayaqlarından tutaraq onun müqavimət göstərməsinin qarşısını aldığını deyib. İstintaq zamanı mərhumun anası da bunu təsdiqləyib. Amma sonrakı ifadələrində bunu inkar edib və hadisənin şokunda olduğu üçün belə danışdığını, qətli əvvəlcədən planlaşdırmadıqlarını deyib.

Gülnarə Məmmədova həmçinin qardaşı Vüqarın qızı haqda dediklərini təsdiqləyib. O bildirib ki, qızı onları və dayısını saymayıb, davranışlarına fikir verməyib. Onun sözlərinə görə, qızı həmin gecə başqa şəxslə telefonda danışıb, nalayiq ifadələr işlədib. Dayısının da xəbərdarlığına baxmayaraq öz bildiyini edib.

Gülnarə Məmmədova qızının ayaqlarından tutduğunu etiraf etsə də, bunun səbəbini belə izah edib: "Məqsədim onu dartaraq Vüqarın əlindən almaq olub”.

Məhkəmədə təqsirləndirilən Vüqarın həyat yoldaşı da ifadə verib. O da ifadəsində Fatmanın həyat trəzi ilə bağlı eyni sözləri danışıb.

Şahid əlavə edib ki, Fatma Tik-Tok-da onları biabır edən videolar paylaşıb. Buna görə də ona zəng edərək videoları silməsini xahiş edib. Fatma videoları silib və bir neçə gün sonra kəndə gəlib. Fatma kəndə başqa bir maşınla gəlib, gedəndə də başqa bir maşınla qayıdıb. Dayısı da onun bu davranışlarından utanıb.

"Fatma bir də kəndə gələndə Vüqar dedi ki, başqa maşınla gəlməsin. Avtovağzalda biz onu qarşılayarıq. Vüqarın Fatmadan xoşu gəlmirdi. Çünki Fatma çox sərbəst hərəkətlər edirdi, heç kimi vecinə almırdı.

Bir gün də Fatma ilə rayona getdik. Bizdən ayrılıb harasa getdi. Gec qayıtdı. Harda olduğunu soruşanda dedi ki, boş ver.

Hadisə günü gecə kimləsə danışırdı. Həmin şəxsə "gecəni Lahıcda qalarıq, sonra məni Razinə apararsan” deyirdi. Evdə hamam xalatı ilə gəzirdi. Vüqar da əsəbləşdi. Fatmaya "bu saat sənin ağzını yumacam” dedi. Fatma da "dayı, səndə o ürək yoxdur” deyə cavab verdi”- deyə şahid qeyd edib.

Şahidin sözlərinə görə, əri Fatmanı boğduqdan sonra bacısı Gülnarəyə "ərinə zəng elə, denən ki, gəlsin qızını basdırsın. O bacarmadı, ancaq mən onun namusunu təmizlədim” deyib. Bu zaman Gülnarə ağlayıb, qışqırmağa başlayıb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Fatmanın dəm qazından boğulması planını Vüqarın həyat yoldaşı təklif edib. Fatmaya paltar geyindirərək sobanın yanına aparıblar. Amma Vüqar polis əməkdaşları gələndə hər şeyin üstünün açılacağını bildiyi üçün əməlini etiraf edib.

Qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Bədəlov 14 il 6 ay azadlıqdan məhrum edilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az