ABŞ ordusunda xidmət edən Azərbaycan vətəndaşı həbs edilib

ABŞ ordusunda xidmət edən Azərbaycan vətəndaşı həbs edilib

Məryəm Həsənovanın taleyi necə olacaq?

ABŞ-da məhkəmə bu ölkənin vətəndaşı ilə saxta nigaha girən və daha sonra Birləşmiş Ştatlar ordusunda müqavilə əsasında xidmətə başlayan azərbaycanlı Məryəm Mövsüm qızı Həsənova barəsində həbs hökmü çıxarıb.

Məryəm Həsənova özünü ona qarşı irəli sürülən ittihamlardan biri-viza ilə bağlı dələduzluqda təqsirli bilib. Məhkəmənin hökmünə əsasən Həsənova həbs cəzasını başa vurduqdan dərhal sonra ABŞ-dan Azərbaycana deportasiya ediləcək və Birləşmiş Ştatlar ordusundan aldığı 41 min 511 dollar maaşı geri ödəməlidir. Hökmü Həsənovanın əsgər kimi xidmət etdiyi Şimali Karolina ştatının məhkəməsi çıxarıb.

Məhkəmə sənədlərinə və digər məlumatlara əsasən, 35 yaşlı Məryəm Həsənova Azərbaycan vətəndaşıdır, Birləşmiş Ştatlara təhsil proqramı çərçivəsində gedib. Onun statusu 2014-cü ilin martında bitib və Həsənova ABŞ vətəndaşı ilə saxta nigaha girmək yolu ilə bu ölkədə qanuni yaşamaq icazəsi ("qrin kart”) almaq niyyətinə düşüb. Bu məqsədlə gənc qadın ABŞ vətəndaşı ilə anlaşıb və ona 15 min dollar ödəyib. Həsənova və həmin ABŞ vətəndaşı 2015-ci ilin oktyabrında Nyu-Yorkda rəsmi nigaha giriblər.

Bundan sonra Həsənova və həmin ABŞ vətəndaşı Birləşmiş Ştatların vətəndaşlıq və immiqrasiya Xidmətinə (USCIS) saxta evlilik əsasında ərizə təqdim edərək Həsənovanın statusunun dəyişdirilməsini, ona ABŞ-da daimi yaşamaq icazəsinin verilməsini xahiş ediblər. Ərizə əsasında M.Həsənova və onun "əri” USCIS-ın ofisində söhbətə dəvət olunublar. Hər ikisi and içməklə əmin ediblər ki, evlilikləri könüllü xarakter daşıyır və həqiqidir.

Söhbətin nəticələrinə əsasən USCIS Həsənovaya ABŞ-da daimi yaşamaq icazəsi verib. O, "qrin kart” alandan sonra ABŞ ordusunda xidmətə başlayıb və maaşdan əlavə evli qadınlar üçün nəzərdə tutulan aylıq mənzil kirayəsi haqqı alıb.

Bütün bunları Şimali Karolina ştatının Şərq inzibati dairəsinin prokuroru Maykl F.İzli hökmün çıxarılmasından sonra bildirib.

"Həsənovanın ABŞ qanunlarından yan ötmək planları iflasa uğrayıb və indi o, öz hərəkətlərinə görə məsuliyyətə cəlb olunub”,-Daxili Təhlükəsizlik Xidmətinin (HSI) Şimali Karolina və Cənubi Karolina ştatlarında əməliyyatları kurasiya edən xüsusi agenti Ronni Martines məhkəmədə bildirib. "ABŞ-ın immiqrasiya sisteminin bütövlüyünün müdafiə edilməsi həyati əhəmiyyət kəsb edir və HSI bu missiyaya prioritet diqqət ayırır”,-o əlavə edib.

Məryəm Həsənovanın işini ABŞ-ın Milli Təhlükəsizlik Araşdırmaları Xidməti, Federal Təhqiqatlar Bürosu, Feyetvill şəhəri üzrə (Şimali Karolina ştatı) terrorçuluqla mübarizə Birləşmiş əməliyyat qrupu, ABŞ ordusunda cinayət araşdırmaları İdarəsi və USCIS-in dələduzluğa qarşı mübarizə və milli təhlükəsizlik Şöbəsi araşdırıb. Onun cinayət işi və barəsində çıxarılmış hökm barədə məlumat ABŞ-ın Ədliyyə Departamentinin rəsmi saytında yer alıb. (virtualaz.org)


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az